"Biz terrorizmlə mübarizədə tək qaldıq" - Türkiyənin Müdafiə naziri

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO-nu terrorçulara qarşı mübarizədə ölkəsini tək buraxmaqda ittiham edib.

Virtualaz.org-un “Anadolu”ya istinadən məlumatına görə, Müdafiə naziri bildirib ki, NATO müttəfiqləri bu həftə Londonda keçirilən sammitdə razılığa gələ bilməyiblər.

“Milli təhlükəsizliyimiz üçün atdığımız addımların bəzi dairələr tərəfindən NATO-ya etinasızlıq kimi göstərilməsi məntiqsizdir. Sonda razılıq əldə olunmadı. Terrorla mübarizədə yalnız buraxıldıq”, – deyə H.Akar bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Londonda NATO-nun 70-ci ildönümü ilə bağlı sammit təşkil edilib. Sammitin sonunda hərbi alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq.

Xatırladaq ki, sammitdən öncə rəsmi Ankara sözügedən planı dəstəkləmək üçün NATO-dan onun Suriyanın şimalında YPG kürd qüvvələrinə qarşı mübarizəsində daha çox dəstək verməsini və hərbi alyansdan YPG-ni rəsmi olaraq terror qruplaşması kimi tanımağı tələb edirdi.

Nazir onu da əlavə edib ki, Türkiyə NATO qarşısındakı öhdəliklərini, Alyansın ikinci ən güclü ordusuna sahib ölkə kimi və müdafiə üçün ÜDM-in 1,9% -ni ayırmaqla, "effektiv şəkildə" yerinə yetirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar