Rusiya 4 il bütün beynəlxalq idman oyunlarından kənarlaşdırıldı

Dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) icraedici komitəsi toplaşıb. İclasda WADA Rusiyanı dopinq qalmaqalına görə dörd il müddətinə Olimpiya oyunlarından və dünya çempionatlarından kənarlaşdırıb.

Bu o deməkdir ki, 4 il ərzində Olimpiya oyunlarında, idman tədbirlərində Rusiyanın bayrağı dalğalanmayacaq, himni çalınmayacaq, rəsmi komandası iştirak etməyəcək.

Bundan öncə WADA-nın gəldiyi qənaətə görə, Moskva laboratoriya məlumatlarını saxtalaşdırıb, saxta məlumat verib, müsbət nəticəli dopinq testlərilə bağlı faylları silib.

WADA rəsmi məlumatı Rusiyanın Anti-Dopinq Agentliyi olan RUSADA-ya göndəriləcək.

Xatırladaq ki, Rusiyanın 2014-cü ildə Soçidə Qış Olimpiadasında medalların sayını artırmaqdan ötrü dövlət səviyyəsində dopinq əməliyyatları aparması ifşa olununduğuna görə, Moskva bəzi sanksiyalarla üzləşmişdi.

Ancaq WADA 2018-ci ilin sentyabrında Rusiyanın RUSADA antidopinq agentliyinə üçillik qadağanı aradan qaldırdı, 2012-2015-ci illərə aid dopinq məlumatlarının təhvil verməyi şərt qoydu.

WADA-nın öhdəliklərə nəzarət komitəsi noyabrın 25-də Rusiyanı yanvarda verdiyi məlumatları saxtalaşdırmaqda ittiham edib, RUSADA-ya dördillik qadağa qoymağı, ölkəni böyük idman tədbirlərindən uzaqlaşdırmağı təklif edib. Təklif bu gün qəbul olunub.

2016-cı ildə qılıncoynatma üzrə qızıl medalçı, Rusiya Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Sofya Velikaya deyib ki, qərardan öncə vəzifəsindən gedəcək.

Rusiya 2018-ci ildə Cənubi Koreyada Qış Oyunları və yüngül atletika üzrə son iki dünya çempionatında eyni qadağayla üzləşib. Dopinq qəbulu, yaxud datanın saxtalaşdırılması ilə əlaqəli olmayan rusiyalı atletlər isə neytral Olimpiya bayrağı altında yarışa bilər.

Daha bir qadağa Rusiya hökumət təmsilçiləri və digər rəsmilərin böyük idman tədbirlərində iştirakının yasaqlanması ola bilər.

Rusiya 21 gün ərzində WADA-nın qərarlarından İsveçrədə mənzillənən İdman Arbitrasiya Məhkəməsinə şikayət edə biləcək.

Moskva təklif olunan sanksiyalara kəskin reaksiya verib. Xarici işlər naziri Sergey Lavrov deyib ki, bu, Qərbin Rusiyanı çıxdaş etməyi hədəfləyən daha bir cəhdidir. RUSADA rəhbəri Yuri Ganus isə təklif olunan cəzaları “əsaslandırılmış” adlandırıb. (Azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar