“SİZCƏ, PUTİNİN ƏLİNİ SIXMAQ OLARMI?...” - Rusiya Qarabağla Donbasda eyni taktikadan istifadə edir

Dekabrın 9-da Ukrayna prezidenti Vladimir Zelenski ilə Vladimir Putin arasında “Normand dördlüyü” çərçivəsində və təkbətək baş tutan görüşlər dünya gündəminin ən başlıca mövzularından biri, bəlkə də birincisi oldu.

Görüşü şərh edən V.Zelenski onun nəticəsini “heç-heçə” kimi qiymətləndirib. Belə ki, əsas müzakirə mövzusu olan Ukraynanın işğal olunmuş Donbas bölgəsində qoşunların geri çəkilməsi, seçki keçirilməsi və Ukrayna-Rusiya sərhədinin Ukrayna hissəsinə nəzarətin rəsmi Kiyevə verilməsi kimi məsələlərdə hər hansı ciddi irəliləyiş əldə olunmayıb. Yalnız əsirlərin qarşılıqlı şəkildə “hamının-hamıya” prinsipilə yeni ilə qədər dəyişdirilməsinə dair razılıq əldə olunub. Həmçinin, təmas nöqtəsində bir neçə mövqelərdən qoşunların geri çəkilməsinin müzakirəsinə dair razılığa gəlinib. Əlbəttə ki, bunlar Ukrayna tərəfi üçün ciddi uğur hesab edilə bilməz.

Ancaq bununla yanaşı, danışıqları şəxsən Zelenski üçün uğursuzluq da adlandırmaq olmaz. Ona görə ki, Ukrayna müxalifətinin bəyan etdiyi Rusiya qarşısında kapitulyasiya anlamı daşıyan heç bir addım atılmadı. Əksinə, Zelenski Ukraynanın unitar dövlət olaraq qalacağını bir daha təkrarladı.

Həmçinin, Zelenski əvvəlki Minsk danışıqlarında Pyotr Poroşenkonun imzaladığı sənəddə Donbasda seçki keçiriləndən dərhal sonra sərhədin Ukrayna tərəfinin nəzarətinə verilməsinə dair müddəanı mübahisələndirməyə çalışıb. Hazırkı prezident təklif edib ki, Donbasda seçkilər bu ərazidə sabitlik, sülh təmin olunandan və sərhəd nəzarətə götürüləndən sonra keçirilsin. Lakin Putin xatırladıb ki, artıq bundan əvvəlki danışıqlarda əldə olunmuş razılıq var və onu pozmaq olmaz. Yəni ki, əvvəl seçki keçirilməli, sonra sərhəd məsələsi həll olunmalıdır.

Münaqişənin həlli məsələsində Rusiyanın təkid etdiyi məqamlardan biri, hətta birincisi isə Ukraynanın mütləq Donbasdakı qondarma respublikaların rəhbərlərilə birbaşa danışıqlar aparması olub. Hətta Putin deyib ki, indiyə qədər heç bir bu tipli münaqişə tərəflərin birbaşa iştirakı, razılığı olmadan həll edilməyib. Və bununla da guya Donbasdakı “tərəfin” Rusiya deyil, qondarma rejimlər olduğunu iddia edib. Ukrayna tərəfi təbii olaraq, bu yanaşma ilə razılaşmır və Rusiyanı təcavüzkar, qondarma rejimləri isə onun oyuncaqları hesab edir.

Bu mənzərə Qarabağ münaqişəsi ətrafında yaranan durumu xatırladır. Bildiyimiz kimi, son dövrlərdə Ermənistan danışıqlar prosesinə “Qarabağ xalqı”nın da qatılması tələbilə çıxış edir. Özü də məhz qondarma DQR rəhbərliyinin timsalında. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə son İrəvan səfərində ermənilərin bu “ideyasını” dəstəkləyən açıqlamalar verdi. Doğrudur, bundan sonrakı Bakı səfərində fikrini bir qədər korrektə etdi və Qarabağın azərbaycanlı və erməni icmalarının razılığa gəlməli olduğunu bildirdi.

Elə Zelenski də qondarma rejimlərin danışıqlar prosesinə qatılması məsələsinə aydınlıq gətirərkən deyib ki, Donbas təkcə qondarma rejimin tərəfdarlarından və ona rəhbərlik edən separatçılardan deyil, həm də oradan qovulan ukraynalılardan ibarətdir. Ona görə də həmin icmanın da mövqeyi və maraqları mütləq nəzərə alınmalıdır.

Göründüyü kimi, Rusiya hər iki münaqişədə eyni xətti yürütməyə çalışır. Bu da qondarma rejimləri danışıqlar masasına oturdaraq, onlara münaqişə tərəfi kimi status qazandırmaq və əsil işğalçıları ikinci plana keçirərək, dolayısı ilə məsuliyyətdən, təzyiqdən yayındırmaqdır. Qarabağ münaqişəsində bu, Rusiyanın dəstəklədiyi Ermənistan, Donbasda isə elə birbaşa Rusiyanın özüdür. Və hər iki münaqişədə təcavüzə məruz qalmış Ukrayna və Azərbaycan işğal olunan ərazilərin əhalisi dedikdə yalnız işğalçı və separatçıları deyil, öz yurdlarından qovulan yerli əhalinin də maraqlarının təmin olunmasına çalışır.

Parisdə keçirilən məlum görüşdən sonra xüsusilə də ukraynalı jurnalistlərin sərt sualları ilə üz-üzə qalan V.Zelenski istənilən halda, Rusiya ilə danışıqların davam etdirilməli olduğunu deyib. Həmçinin qeyd edib ki, Putin danışıqlarda olduqca ləng tərpənir və razılaşmaların müddəalarını xırda detallarına qədər müzakirə etməklə xeyli vaxt itkisinə yol verir. Bu isə tez və konkret nəticələr əldə etməyə imkan vermir. Görünür, bu da Rusiya tərəfinin taktiki gedişlərinin tərkib hissəsidir...

Ukrayna cəmiyyətinin böyük hissəsində Putinə qarşı nifrətin ən üst səviyyədə olduğu şübhəsizdir və bunun səbəbləri məlumdur. Elə jurnalistlərdən birinin Zelenskidən “Sizcə, Putinin əlini sıxmaq olarmı?” deyə soruşması da Rusiya prezidentinə münasibətin göstəricisidir. Ukrayna prezidentinin bu suala cavabından isə belə aydın olur ki, o, heç də Putinin əlini sıxmaqdan böyük məmnuniyyət hissi keçirmir, lakin ölkənin imkanları və maraqları danışıqlardan başqa çıxış yolu tanımır: “Baxın, əsas məsələ odur ki, biz nə istəyirik... Bizə nəticə lazımdır. Yox, əgər biz sadəcə gəlib kiməsə tüpürmək istəyirdiksə, onda ümumiyyətlə niyə gəlirdik?...”

Göründüyü kimi, Zelenski istəsə də, istəməsə də Putinin əlini sıxdı və heç olmasa xeyli sayda hərbi əsirin Ukraynaya geri qaytarılmasına nail oldu. Təəssüf ki, Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ məkanında Rusiyanın iradəsinə uyğun olaraq yaradılan “qaynar nöqtələr”in hamısında eyni vəziyyətdir və işğala məruz qalan ölkələr hələ ki, Putinin əlini sıxmağa və onunla hansısa razılıqlara gəlməyə məcburdurlar...

Cəlal MƏMMƏDOV

“AzPolitika.info”

635x100

Şərhlər

Davud 2019-12-16 12:53:44

Azərbaycanda Putinin əlini sıxanlar var.

Hüseyn Həsənov 2019-12-11 13:13:39

Rusiya işğalçıdır, xüsusi ilə türk dünyası üçün təhlükəli düşməındir. Qan qardaşlarına düşmən kəsiləjn ölkədən nə desən gözləmək olar.

t.ədalət 2019-12-10 22:24:33

Donbas məsələsində Rusiyanın mövqeyi eyni ilə Dağlıq Qarabağdakı kimidir.Nə qədər səfeh və nadan olmalısan ki,münaqişələrdə Putinizmin izini görməyəsən?Ancaq sarsaqlar Rusiyanın işğalçılıq planlarını duymur..

Son yazılar