NƏ VAXTA QƏDƏR BOYKOT? – İdeal seçki olmayacaq, amma...

İstər Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət, istər beynəlxalq arenada ölkəmizə göstərilən münasibət, təzyiqlər, istərsə də iqtisadiyyatımızın durumu, təbii xammalın dünya bazarındakı qiymətləri və s. kimi vacib amillərin təsiri altında formalaşan hazırki mürəkkəb bir dönəmdə parlament, prezident seçkisi kimi ciddi siyasi hadisələrin əhəmiyyəti daha da artmış olur. Bu prosesdən kənarda qalmaq isə nəinki hansısa siyasi qüvvə, hətta sıravi seçici üçün də yalnız məsuliyyətsizlik və öz xalqının, dövlətinin taleyinə qarşı biganəlik anlamı daşıyır.

Artıq növbədənkənar parlament seçkisinin fevralın 9-da keçirilməsinə dair siyasi və hüquqi qərar verilib. Yəni ki, bu proses dönməz və qarşısıalınmazdır. Doğrudur, heç kim ölkədə ideal seçki, tam azad siyasi rəqabət mühitinin olduğunu iddia edə bilməz. Xüsusilə də seçkinin növbədənkənar qaydada keçirilməsi vaxt baxımından toparlanmaq, maksimum şəkildə təşkilatlanmaq və kampaniya keçirmək imkanlarını xeyli məhdudlaşdırır. Lakin bütün bunları bəhanə kimi göstərərək, boykot çağırışları etmək və seçkiyə qatılmamaq heç də siyasi bacarıq, uzaqgörənlik əlaməti sayıla bilməz və heç bir siyasi liderə dividend qazandırmaz. Ancaq göründüyü kimi, artıq Milli Şura belə bir qərarı verdi…

Azərbaycanın ən yeni tarixinin təcrübəsi onu deməyə əsas verir ki, istənilən formada boykot qərarı ölkənin beynəlxalq arenadakı mövqelərinə mənfi təsirdən başqa heç bir effekt vermir. Bəli, təkcə siyasi hakimiyyətin deyil, məhz ümumilikdə ölkənin maraqları ciddi zərbə alır. Və bundan təkcə hakimiyyət deyil, bütünlükdə ölkə ziyan çəkmiş olur. Məsələ ondadır ki, boykot qərarı verən siyasi qüvvənin özü də bu prosesdən heç də qalib qismində çıxmır, əksinə, onun potensialı, real gücü yenə də açılmamış, istifadə olunmamış qalır və bu qərar qətiyyən həmin gücün artmasına xidmət etmir. Nəticə etibarilə də özü barəsində küsəyən, mübarizə əzmi, cəsarəti olmayan qeyri-ciddi siyasi təşkilat təəssüratı yaratmış olur.

Əslində, seçki kampaniyası sözügedən siyasi qüvvənin öz potensialını açması və nümayiş etdirməsi baxımından olduqca əhəmiyyətli meydançadır. Əhalini icazəsiz aksiyalara çağırıb şəhərin mərkəzinə 1-2 min insan toplamaq, polislə qarşıdurma yaranmasına səbəb olmaqdansa, qanunla seçki kampaniyasının verdiyi imkanlardan maksimum yararlanmaq daha effektli olmazdımı? Və məhz bu yolla gerçək elektoratının heç də həmin 1-2 min adamdan ibarət olmadığını göstərmək daha düzgün deyildimi?

Ən azından bu siyasi qüvvəyə liderlik edənlər öz namizədliklərini verdikləri təqdirdə qanunla polisin dağıtmalı deyil, şərait yaratmalı, təhlükəsizliyini təmin etməli olduğu seçicilərlə görüşlərdə tərəfdarlarının əhəmiyyətli qisminin iştirakını təmin edə bilərdilər – heç bir qarşıdurmasız-filansız. Həmçinin, telekanallara, geniş auditoriyaya çıxışları, geniş təbliğat imkanları əldə edərdilər.

Bütün dünyada seçki kampaniyası siyasi qüvvələr üçün xalqla geniş təmas, ideya və planlarını xalqa təqdim etmək üçün ən ideal fürsət olduğundan normal, nüfuzlu siyasi qüvvələr boykota deyil, seçkiyə gedir, çünki istənilən halda seçkidə iştirak boykotdan daha effektlidir. Axı boykotun hansı nəticələri verəcəyi elə bəri başdan aydın şəkildə görünür – növbəti məğlubiyyət və ümidsizlik! Özü də bunu görmək üçün heç siyasi lider olmağa da ehtiyac yoxdur…

Hazırda elan olunan struktur, kadr islahatları hakim siyasi qüvvənin mümkün qədər çeviklik, intensivlik göstərmək, hansısa məqsədlərə nail olmaq istəyindən xəbər verir və bu, başadüşüləndir. Lakin hakimiyyətin başlatdığı olduqca aktiv siyasi fəaliyyətin fonunda özünü siyasi müxalifətin lideri hesab edən qüvvənin boykot çağırışları etməsi onun barəsində olduqca sönük, passiv, təmbəl və məsuliyyətsiz təşkilat təəssüratı yaradır. Ən azından ona görə ki, bu təşkilat bilərəkdən, ya bilməyərəkdən artıq uzun illərdir hakimiyyətə seçkini öz iradəsinə uyğun şəkildə təkbaşına keçirmək inhisarçılığını verib. Hansı ki, seçki keçirmək təkcə hakimiyyətin işi deyil və özünü aparıcı müxalif siyasi qüvvə hesab edənlər xalqın bütün təbəqələrinin, həmçinin onu dəstəkləyənlərin seçkidə iştirakını və iradəsini ortaya qoymasını təmin etməlidir. Daha küsüb kənara çəkilməli deyil. Yoxsa belə təəssürat yaranır ki, həmin bu qüvvə siyasi proseslərlə ayaqlaşa bilmir, geri qalır və bu geriliyini icazəsiz aksiyalarla (onu da keçirə bilsə-red.), yaxud boykotla ört-basdır etməyə çalışır.

Hazırkı siyasi mənzərə ondan ibarətdir ki, əsas müxalif qüvvələrin yerlərdə, xüsusilə bölgələrdə, kənd rayonlarında təşkilatlanma səviyyəsi sıfıra yaxındır. Az-çox paytaxtda aktivlik göstərmək, öz elektoratını toparlamaq imkanları mövcuddur. Bunun üçünsə ən azından heç olmasa bir neçə tanınmış, siyasi yükü olan namizədlər irəli sürərək, elektoratı bu şəxslərin seçki kampaniyası ətrafında toplamaq, bütün gücü bu namizədlərin verildiyi dairələrə yönəldərək, müsbət nəticə əldə etmək mümkündür. Axı siyasi mübarizə üçün meydan verilmədiyindən, mühit yaradılmadığından gileylənən qüvvə üçün seçki kampaniyasından yaxşı, əlverişli şans ola bilərmi?

Nəhayət, boykot çağırışı və qərarı istər əksər beynəlxalq təşkilatlarda, istərsə də daha vacibi olan elə öz cəmiyyətimizdə istənilən siyasi qüvvənin tam real gücünün ortaya çıxmasından, görsənməsindən qorxmasına dair şübhələrə səbəb olur. Yox, əgər reallıqdan qorxmursansa, çıx və gücünü göstər! Onsuz da məlum siyasi qüvvənin son icazəsiz aksiyalara dair verdiyi qərarlar, bəyanatlardan sonra geri çəkilməsi heç də onun nüfuzuna müsbət təsir göstərməyib və bir növ qorxaqlıq təəssüratı yaradıb. Seçkidən imtina edilməsi isə bu təəssüratı daha da gücləndirə bilər.

Seçkidə iştirak iş, zəhmət və əzmkarlıq tələb edir. Ondan imtinaya isə siyasi təmbəllik, küsəyənlik və hətta məsuliyyətsizlikdən başqa ad vermək çətindir…

Cəlal MƏMMƏDOV 

“AzPolitika.info”

635x100

Şərhlər

istiqlalçı vətəndaş 2019-12-13 12:36:10

Bəşirov Qərib bəy çox düzgün qeyd edir ki,bu növbədənkənar seçiki sizcə nəyə lazım idi. Olmazdı noyabr ayına kimi dözmək olmazdı burda başqa məqsəd var tez bazar siyasi qüvvələr torplanmamış təbliğata imkan verilməsin deyə seçki tezləşdirildi. Seçki deyəndə bütün xalq bilir ki seçki necə keçir görünən dağa bələdçi lazım deyil. Azərbaycanda çox ŞƏFAF DEMOKRATİK SEÇKİ olur. Niyə kölgə salmaq istəyirsiniz ki,millət də çox seçki həvəskarıdırlar sevə-sevə səsverməyə gedir hakimiyyət də çox gözəl şərait yaradıbdır hətta istəsən bütün ailənin də yerinə istəsən bütün seçki məntəqələrində səs verə bilərsiniz məhdudiyyat yoxdur bundan da gözəl imkan istəyirsiniz.

Bitərəf 2019-12-12 17:41:33

Boykot praktikası uzun illərdir AXCP=yə nə verdi?Ona görə bu yanlış taktika olduğunun sübuta ehtiyacı yoxdur.Boykot taktikası əslində saxta keçirənlərin əl-qolunu açdı,Fəallıq göstərmək istəyənlərin qabağını kəsdi,Millətin xeylihissəsi seçkidən kənarda qaldı ki,bu da saxtalozfrkarlığa imkan verdi.Ona görə boykot praktikası indi bir işə yramır ona görəki bu boykotların nəticə heç bir nəticə verməyib.Odur ki,MŞ ağlını başna yığmalı və belə cəfəng qərar əvəzinə əhalini seçkidə fəal olmağa çağırmalıdır.Əgər bu doğrudan Milli Şuradlrsa!si.

vüsalə 2019-12-12 14:42:07

doğru qərardır.seçki onsuzda baş tutacaq.ən azından meydanı boş qoymayaq

Əli 2019-12-11 20:57:31

Hansı seçgidən söhbət gedir burada seçilənlər artıq seçilib.gedib özünü aldatmağa dəyərmi. a imitasiya etməyə nə ehtiyac var.Əli Kərimli bir partiya rəhbəri kimi öz partiyasının qərarına tabedir və partiya bu qərara gəlibsə müəllifə nə düşür ki belə yazı

Əli 2019-12-11 20:56:40

Hansı seçgidən söhbət gedir burada seçilənlər artıq seçilib.gedib özünü aldatmağa dəyərmi. a imitasiya etməyə nə ehtiyac var.Əli Kərimli bir partiya rəhbəri kimi öz partiyasının qərarına tabedir və partiya bu qərara gəlibsə müəllifə nə düşür ki belə yazı

Vətəndaş,bitərəf 2019-12-11 14:28:28

Dğ]ru analizdir! Seçkini boykot etməyin əsl mənası saxtakarlığın yolunu açmaq,(yəni seçicilərin bir qisminin seçkidə iştirakının qabağını almaq, real düşücələrin seçki marafonunda eşidilməsinə maneə yaratmaq və nəhayət öz gücsüzliyini nümayiş etdirməkdir.Ona görə Milli Şura adlandırılan qurumun imtinası (boykotu) ölkə demokratiyasının inkişafına əngəl yaratmaq məqsədi daşıyır.Belə qərar millət tədəfindən bəyənilə bilməz!

t.ədalət 2019-12-11 12:54:20

Müxalifətin eloktratı böyükdür.Hakimiyyətin narazı saldığı böyük bir kütlə-haqqı tapdanmış türklər var....

Azad 2019-12-11 12:52:17

Məçiddə yuyulanacan!!!!!!!!!!!!!!Bunlar gözəl başa düşür ki, kitabları bağlanıb artıq.

Bashirov Qarib 2019-12-11 12:32:08

Cəlal muəllim, sizin yazılarınızı həmişə oxumuşam və bəyənmişəm.Bu nə yazıdır, belə.Axı, hamı bilr ki, bu seçki yox, təyinatdır. Muxalifət də bu təyinata qoşulmur və haqlıdır.Umumiyyətlə, protokolların məntəqədə deyil, dairələrdə yazıldıgını, bulletenlərin isə heç sayılmadıgını bilə-bilə bu yazınızı yazmagınız çox təəccubludur.

Son yazılar