"Tələbələrin nədən zəhərləndiyi mütləq açıqlanmalıdır" - Professor Adil Qeybulla

"Əgər erkən vaxtı xüsusi ekspertiza aparılıbsa, toksinin, zəhərin növü mütləq deyilməli idi. İndi 300 il bundan əvvəl zəhərlənərək ölmüş insanın hansı maddədən zəhərləndiyi dəqiq bilinirsə, tələbələrin nədən zəhərləndiyini müəyyən etmək çətin məsələ deyil".

Bu sözləri “AzPolitika.info”-ya açıqlamasında həkim, professor Adil Qeybulla Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbələrlə bağlı verilən açıqlamaları şərh edərkən bildirib.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli mətbuata açıqlamasında bildirmişdi ki, tələbələr qidadan deyil, toksik maddələrdən zəhərlənməyə məruz qalıblar. BDU rəhbərliyi Q. Təhməzlinin bu açıqlamasına hər hansı münasibət bildirməyib.

İnternet mediada yayılan məlumatlarda isə tələbələrin universitetin yataqxanasında gəmiricilərə qarşı istifadə olunan güclü zəhərləyici vasitədən zəhərləndiyi barədə məlumatlar yayılıb. Belə ki, yataqxana komendantlığı orada yaşayan tələbələri və məcburi köçkün ailələrini xəbərdar etmədən, bu dərman vasitəsindən istifadə edib. Xaricidən gətirilən preparatlarla zəhərlənən heyvanlar qısa müddətdə onu təmas etdiyi qida və canlı orqanizmlərə yoluxdurur. Mətbuatda gedən versiyalara görə, tələbələrin istifadə etdiyi ərzaqlara da gəmiricilər toxunub.

Xatırladaq ki, zəhərin təsirindən tələbələrin ağzından qan gəlib. Mütəxəssislərin rəyinə görə, bu hal ancaq toksik zəhərlənmə zamanı yarana bilər.

Adil Qeybulla bildirir ki, tələbələrin toksik zəhərlənməyə məruz qalması barədə verilən açıqlama tamamilə abstraktdır, heç nəyi özündə ehtiva etmir və dəqiqləşdirmir: "Ölümün birbaşa səbəbi tapılmalı, bilinməlidir. Bunun üçün də söhbət hansı güclü zəhərləyici toksinlərdən gedirsə, onun adı, növü açıqlanmalıdır".

Hadisə noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında baş verib. Zəhərlənən 3 tələbədən biri – Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı isə xəstəxanadan evə buraxılıblar.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar