Rusiya telekanalı Zelenskinin teleserialını yarımçıq kəsdi – Putin haqqında ədəbsiz söz işlədib

Rusiyanın TNT televiziyası Ukrayna Prezidenti Vladimir Zelenskinin baş rolda çəkildiyi “Xalqın xidmətçisi” serialının yayımını dayandırıb. 

Dekabrın 11-də serialın üç seriyası göstəriləndən sonra yayım kəsilib. Yayımın dekabrın 12-13-də davam edəcəyi bildirilsə də, telekanalın proqramında həmin saatlarda başqa komediya serialları göstərilir. Zelenski serialda tarix müəllimi rolundadır, qəfildən prezident seçilir. TNT “Gazprom Media” şirkətinə məxsusdur. Bu addımdan iki gün qabaq Rusiya Prezidenti Vladimir Putin Kiyevlə münasibətdə buzların “ərimə”sindən danışıb. Bundan öncə isə Zelenski ilə bir araya gələrək Ukraynanın şərqindəki münaqişənin həlli yollarını müzakirə edib. Kremlin sözçüsü Dmitri Peskov Putinin seriala baxacağı ilə bağlı suala cavabında deyib ki, prezidentin televizora baxmağa vaxtı yoxdur.

Serialın reklamında telekanal 35 milyonluq həftəlik izləyicisinə deyib ki, “şou utopiyadır və Zelenskinin Ukraynası ilə heç bir əlaqəsi yoxdur”. Yayım kəsilməmişdən, Uzaq Şərqdəki rusiyalı tamaşaçılar sosial mediada yazıblar ki, komediya şousunun kəsilməmiş versiyasına baxa biliblər.

Günün sonuna yaxın Rusiyanın Moskva daxil Avropa hissəsindəki tamaşaçılar serialdan bir hissənin kəsildiyini müşahidə ediblər. Zelenskinin oynadığı obraz bahalı İsveçrə qol saatının adını çəkir, həmin brendin tələffüzü rusca bəzi tənqidçilərin Putinlə bağlı işlətdiyi ədəbsiz sözü xatırladır.

TNT-dən yerli mediaya bildirilib ki, şounun bütün seriyalarını göstərməyi planlaşdırmayıblar və qərarı marketinq hiyləsi adlandırıblar. Amma reklamda bu haqda bir söz deyilmirdi. Dekabrın 12-də “Xalqın xidmətçisi” Rusiyanın onlayn “Premier” yayım platformasında yayımlanmalıdır.

Şounun birinci hissəsi 2015-ci ildə buraxılıb. Zelenski bu ilin aprelində prezident seçilib. Onun “Xalqın xidmətçisi” partiyası daha sonra parlament seçkisində üstünlüyü əldə edib. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar