Kral Abdullah bir neçə saatlığa Bakıya niyə gəlmişdi? – Politoloqun ehtimalı...

Dekabrın 10-da İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycana bir günlük rəsmi səfərə gəlib. Prezident İlham Əliyev Kralı iqamətgahında qarşılayıb, ölkə rəhbərləri fəxri qaravulun önündən keçiblər.

Mətbuatda bu səfər və müzakirə olunan məsələlərlə bağlı olduqca qısa məlumatlar verildi. Prezident İlham Əliyevlə təkbətək görüşdən yayılan informasiyada dövlət başçısı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının vacib olduğunu bildirib: “Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik. Bu münasibətlər müxtəlif sahələri əhatə edir. Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır. Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq. Əlbəttə ki, biz bunu edəcəyik və bu gün bu məsələ ilə bağlı geniş müzakirə aparacağıq”.

Kral II Abdullah ibn Al Hüseyn isə qeyd edib ki Azərbaycanla İordaniya arasında siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələr güclüdür: “İqtisadiyyat sahəsini inkişaf etdirə bilərik. Lakin buraya gəlmək istədim ki, Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirim. İnanıram ki, İnşallah, regionumuzda olan çağırışların öhdəsindən gəlmək üçün daha çox məsələlərlə bağlı müzakirələr apara bilərik. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram. Bu xoş dostluğa görə Sizə təşəkkür edirəm”.

Rəsmi səfər zamanı hər hansı sənədlər imzalanmayıb, İordaniya Kralı bir neçə saatdan sonra Azərbaycanı tərk edib.

Politoloq Elxan Şahinoğlu da bu qısa müddətli səfər zamanı müzakirə oluna mövzuların maraq doğurduğunu bildirib. O, “AzPolitika.info”-ya şərhində qeyd edib ki, Kral Abdullahın səfəri onun bir müddət əvvəl Ermənistana səfəri ilə bağlı ola bilər. 

“İordaniya İslam Konfransı Təşkilatının (İKT) üzvü olsa da, Ermənistanla sıx əlaqələr saxlayır. O cümlədən, Qətər, Birləşmiş Ərəb Əmirlikləri də İrəvanla yaxşı əlaqələrə malikdirlər. Bu, Azərbaycanın maraqlarına uyğun deyil, eyni zamanda İKT çərçivəsində əməkdaşlığa ziddir. Görünür, Kral Abdullah Ermənistan səfərindən sonra Azərbaycana gəlməyə ehtiyac duyub. Bu rəsmi səfər ona görə təşkil olunub ki, Azərbaycanla balans yaransın, Bakının könlünü alsın”, - deyə politoloq vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar