“Avropa Birliyi Rusiyaya meyillənəcək” – Britaniyadakı seçkilərə Bakıdan baxış

“Britaniya seçkilərində mühafizəkarlar parlaq qələbə qazandı. Əldə olunan nəticə - ilkin məlumatlara görə, 650 nəfərlik parlamentdə 360-dan çox yer - Tetçerin liderliyi ilə 1987-ci ildəki qələbədən sonra torilərin ən böyük zəfəridir. Erkən seçkidə israr edən Boris Conson bu nəticə ilə öz liderliyini də təsdiqləmiş və möhkəmləndirmiş oldu”. AzPolitika.info xəbər verir ki, bu barədə siyasi təhlilçi Şahin Cəfərli seçkilərin ilkin nəticələrini şərh edərəkən bildirib. 

Ekspert hesab edir ki, seçkiləri "Brexit"lə bağlı ikinci referendum kimi də qiymətləndirmək olar: “Conson Avropa Birliyindən çıxmaqla bağlı qəti mövqeyə malikdir və seçicilərə bunun üçün təqvim təqdim etmişdi. Leyboristlərin lideri Korbin isə AB ilə yeni anlaşma imzalamaq üçün prosesi təxirə salmağı, daha sonra bu anlaşmanı referenduma çıxarmağı təklif edirdi. Xalqın hansı mövqeni dəstəklədiyi ortadadır. Leyboristlər ağır məğlubiyyətə düçar oldular və Korbinin liderliyi bitdi. Partiya son illər onun liderliyi ilə solun mərkəzindən daha da sola doğru sürüşmüşdü”. 

Ş.Cəfərli düşünür ki, ümumiyyətlə, Qərbdəki solun sosial ədalətsizliyi və qeyri-bərabərliyi aradan qaldırmaq üçün "zəngindən alıb kasıba vermək" kimi arxaik populizmdən başqa yol tapa bilməməsi onların problemidir: “Pulsuz səhiyyə və təhsil vədləri cəlbedici görünsə də, bunun həyata keçirilmə yolları, hansı xərclərin ixtisarı hesabına bu istiqamətlərə maliyyə ayrılacağı məsələsi tam aydın olmur. Sosialist xətt gənclər, xüsusən universitet gəncliyi arasında populyar olsa da, mötədilləri çəkindirir. Bu baxımdan Britaniya seçkilərinin nəticələri ABŞ demokratları üçün də dərs olmalıdır”.

Seçkidən misallar gətiriən siyasi təhlilçi demokratlar daxilində sosialist Sanders və sol liberal Uorren qarşısında veteran siyasətçi, 77 yaşlı Bayden yarışın favoriti olmasını təsadüfi saymır: “Son həftələrdə isə gənc mötədil demokrat Pit Butticic bu üçlüyə yaxınlaşıb, hətta ilk praymerizlərin keçiriləcəyi Ayova və Nyu Hempşirdəki sorğularda birinci olub. Yeri gəlmişkən, Butticic homoseksualdır və öz həmcinsi ilə evlidir. Bununla yanaşı, həm də ənənəvi dəyərlərə yaxın olan dindardır və dəniz piyadalarının kəşfiyyat zabiti kimi Əfqanıstanda xidmət edib. Əgər demokratların ənənəvi seçici kütləsi olan qaradərili amerikalılarla arasındakı anlaşılmazlığı aradan qaldıra bilsə, şansı var”.

Şahin Cəfərli bildirir ki, Britaniyanın AB-dən ayrılması onun müstəqil güc mərkəzi kimi yenidən dünya siyasətinə dönməyə çalışacağı anlamına gəlir: “Son illər mühafizəkar hökumətlərin hərbi sahəyə diqqəti artırması, yeni aviadaşıyıcıların tikintisi də bunu sübut edən faktlardan biridir. Bundan sonra Britaniyanın xarici siyasətində Brüssel ilə deyil, Vaşinqtonla sinxronluq artacaq. Zəifləmə perspektivini görən AB isə buna qarşı tədbir kimi Fransanın timsalında Rusiya ilə yaxınlaşmağa çalışır”.

Azpoltika.info

635x100

Şərhlər

t.ədalət 2019-12-13 20:36:13

Böyük Britaniya ABŞ-ın tərkib hissəsidir.Məqsəd İngiltərənin əli ilə evronu çökdürmək,əvvəlki kimi dolları Avropanın əsas puluna çevirməkdir.Böyük Britaniya AB-dən aralanacaq,Kipr sahillərindəki enerji resurslarından Türkiyə ilə birlikdə istifadə edəcək.Bu ölkədə yəhudilərin fırıldağı keçmir.

Son yazılar