MOSKVA-PEKİN İTTİFAQI: Dünya alyanslar xəritəsi yenilənir!

“Moskva ilə Pekin dünya alyanslar xəritəsini yeniləyirlər”. Fransada nəşr olunan ”Slate.fr” analitik jurnalının Rusiya-Çin əməkdaşlığından bəhs edən maraqlı məqaləsi belə adlanır. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.

Avropalılar Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etdikcə, Vladimir Putin Asiya istiqamətində yeni üfüqlər açır. Bu yolda Çin onun ən yaxın müttəfiqi olmağa başlayır. Rusiya prezidentinin Çinlə yaxınlaşma strategiyası hələ bir neçə il əvvəl başlamışdı və hər iki ölkə qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək neft və qaz müqaviləsinə 2009-cu ildə imza atmışdılar. Ancaq hər necə olmasına baxmayaraq, Ukrayna hadisələri iki paytaxt arasında əlaqələrin möhkəmləndirilməsinə təkan verdi və may ayının 20-21-də Rusiya prezidentinin Şanxaya etdiyi səfər bunun bariz nümunəsinə çevrildi. Uzun müddət ərzində danışıqlar qazın qiymətindəki fikir ayrılığına görə yerindən tərpənə bilmirdi. Lakin Ukrayna böhranı məsələnin tezliklə yoluna qoyulmasına yardım göstərdi. Əvvəlki müqavilələri genişləndirmək istiqamətindəki maneələrin götürülməsi üçün Moskva Çinə gedəcək mavi yanacaqdan yığılan ixrac rüsumunu aradan qaldırmaq öhdəliyini yerinə yetirməyi üzərinə götürdükdən sonra, Çin də öz növbəsində idxal rüsumundan imtina edəcəyinə söz verib.

Bütün bunların hamısı 30 il ərzində Rusiya qazının Çinə daşınması ilə əlaqədar olan böyük müqavilənin bağlanmasına imkan yaratdı. Söhbət 2018-ci ildən başlayaraq il ərzində 38 milyard kub metr qazın nəql olunmasını nəzərdə tutan müqavilədən gedir. Bu həcmin potensial olaraq tədricən 60 milyard kub metrə çatacağı gözlənilir. Sövdələşmənin ümümi məbləğı isə təxminən 400 milyard dollar təşkil edir. Bağlanmış müqavilə Moskvanın böyük uğuru sayılır. Rusiya 2009-2013-cü illər arasında Çin ilə 25 illik müddət ərzində 665 milyon ton neftin nəql olunması ilə əlaqədar müqavilə də imzalayıb. Digər tərəfdən Rusiya neftçiləri lazımı infrastruktur yaratmaqdan ötrü çinlilərdən kredit də alıblar. Rusiyanın ixrac məhsullarının 70%-i karbohidrogenlərdən ibarət olduğuna görə bu cür razılaşmalar Moskvanın Pekin tərəfə xeyli dərəcədə üstünlük verdiyini əyanı şəkildə sübut edir.

İstənilən halda Vladimir Putin təcrübəli strateq və bacarıqlı manipulyator kimi Çin kartından tam açıq şəkildə Avropaya qarşı oynamağın əleyhinədir. O, ictimai fikri sakitləşdirməyə cəhd göstərərək, hətta Ukrayna böhranının yaşanmasına baxmayaraq Rusiya ilə Avropa Birliyi arasında yeni çərçivə sazişinin bağlanmasına çağırış da edib. Pekin ilə müqavilə imzalandıqdan sonra Rusiya prezidenti Sankt-Peterburq şəhərində keçirilən iqtisadi forumda bəyan etdi: ”Bu gün Qazprom ildə təxminən 450 milyard kub metr qaz çıxarır və o, həmçinin 650 milyard da çıxarmaq imkanına malikdir. Deməli resurs bazası həm Avropa, həm də ki, Çin üçün kifayət qədərdir”.

Bununla da Rusiya prezidenti Qərbi Avropaya qaz ixracının məhdudlaşması nəticəsində avropalı istehlakçılara dəyəcək potensial ziyanın məsuliyyətini onların öz hökumətlərinin üzərinə qoyur. Amma Ukraynadakı vəziyyət barəsində isə o, susmağa üstünlük verir. Rusiya diplomatları da bu tip analoji bəyanatlar verməyi xoşlayırlar. Məsələn, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna böhranındakı məsuliyyəti tamamilə Qərb ölkələrinin üzərinə ataraq deyib: ”Asiya–Sakit okean regionu ilə inteqrasiya olunmağı qarşımızda bir məqsəd kimi qoyanda biz əsas məsələ kimi Uzaq Şərq bölgəsindəki və Sibirdəki vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətlərinin yüksəlməsini nəzərdə tutumuşuq. Bütün bunları əməkdaşlıq xətti istiqamətində Avropanı kiminləsə əvəzləmək üçün həyata keçirmirik”.

Göründüyü kimi, Rusiyanın Avropaya qarşı ritorikası Moskva tərəfindən əlaqələrinin qəsdən korlanmasında günahlandırılan Vaşinqton ilə müqayisədə bir o qədər də sərt deyil. Bundan sonra Moskva Çinin müdafiəsinə daha çox güvənə bilər. May ayında V.Putin və Si Tszinpin bəzi dövlətlərin üçüncü ölkələrin daxili işlərinə qarışmasına qarşı birlikdə hərəkət edəcəklərini bildirmişdilər. Məsələn, Çin başqa ölkələrin onun Tibet kimi əyalətlərindəki vəziyyətə böyük maraq göstərməsinə qətiyyən xoş baxmır və həm də onlar ABŞ və AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları da kəskin şəkildə qınayırlar. Digər tərəfdən isə Avropanın kənd təsərrüfatı mallarının idxalına qoyduğu qadağadan sonra Pekin Rusiya ilə bu sahədəki əməkdaşlığını daha da genişləndirməyə söz verib.

Hər iki ölkə enerji sahəsi ilə yanaşı “Boeing” və “Airbus” –la rəqabət apara biləcək uzaq mağıstrallı mülkü təyyarələrin birlikdə istehsal edilməsi razılığına da gəliblər və onlar həmçinin Rusiyanın “Mİ-26” vertolyotlarının Çində yığılmasına da başlayacaqlar. Rusiya və Çin dəfələrlə ABŞ dollarının hegemonluğuna son qoymaq istəklərini açıq formada vurğulayıblar. Beləliklə də Ukrayna böhranı Rusiya üçün Asiya istiqamətinə oriyentasiya olunma mərhələsinə qədəm qoymağa böyük imkanlar açdı.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar