İLQAR MƏMMƏDOV DEPUTATLIĞA NAMİZƏD OLA BİLƏRMİ? - Hüquqşünas şərhi

Tanınmış hüquqşünas Adil İsmayılov ReAL Partiyasının lideri İlqar Məmmədovun seçkidə iştirak edib-edə bilməməsi ilə bağlı mövcud hüquqi vəziyyəti şərh edib.

Xatırladaq ki, İ. Məmmədov 2014-cü ildə 7 il müddətinə azadlıqdan məhrum edilib və bu ilin mart ayında Prezident İlham Əliyev tərəfindən əfv edilib.

Avropa Şurası Nazirlər Komitəsi hökumətdən tələb edib ki, dekabrın 31-ə qədər ReAL sədri və daha 7 nəfərin parlament seçkilərində iştirak etməsi ilə bağlı hüquqi əngəlləri aradan qladırsın.

Azpolitika.info Adil İsmayılovun şərhini təqdim edir: “Məlumdur ki, İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 220.1-ci və 315.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib, cəza çəkməsinin əvvəli tutulduğu 04 fevral 2013-cü il tarixdən hesablanıb. Bundan sonra barəsində müxtəlif məhkəmə qərarları olub.

Sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarına əsasən Məmmədovun vəkilinin kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarı dəyişdirilib.

Cəzası azaldılaraq 5 (beş) il 6 (altı) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilib, həmin müddətdə həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilib.

İlqar Məmmədov ağır cinayətə görə məhkum edilib. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə əsasən "ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər".

Cinayət Məcəlləsinin 83.1-ci maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin (CM) 83.3.4-cü maddəsinə əsasən “ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq götürülmüş hesab edilir”.

İlqar Məmmədov cəzasını 13 avqust 2018-ci ildə çəkib qurtardığından onun məhkumluğu 13 avqust 2024-cü ildən götürülmüş hesab ediləcək.

Amma bir məsələ var ki. Qanun məhkumluğun vaxtından əvvəl götürülməsi qaydalarını müəyyən edib. CM-in 83.5-ci maddəsində göstərilir ki, “ Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər”.

83.6-cı maddəyə əsasən “ Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir”.

İlqar Məmmədovun məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edib etmədiyini, bu barədə məhkəmə qərarının olub-olmadığını bilmədiyim üçün bu hissəni açıq qoyuram. Əgər indiyə kimi müraciət etməyibsə qalan müddət ərzində məsələnin məhkəmə yolu ilə həll edilməsi möcüzə olardı.

Məhkumluğun götürülməsinin bir yolu da var:

CM-in 82.4-cü maddəsinə əsasən “Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər”.

Yəni İlqar Məmmədov məhkumluğunun əfvetmə aktı ilə götürülməsi üçün prezidentə müraciət edə, müsbət halda bu seçkilərdə iştirak etmək hüququ qazana bilər.

İndiki durumda İlqar Məmmədova birbaşa aid olmasa da mövzuya aid olduğundan bir məqamı da diqqətinizə çatdırım. CM-in 83.3.1-ci maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxslər barəsində — Sınaq müddəti başa çatdıqda məhkumluq götürülmüş hesab edilir.

Məlumdur ki, Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarı ilə İlqar Məmmədovun barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək onun CM-in 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum edildiyi qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından 04 fevral 2013-cü il tarixdən 13 avqust 2018-ci il tarixədək həbsdə olduğu 05 (beş) il 06 (altı) ay 09 (doqquz) gün çıxılıb və üzərində qalan 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Bu qərar Ali Məhkəmə tərəfindən yuxarıda dediyim qaydada dəyişib. Əgər qüvvədə olsaydı məhkumluqla bağlı İlqar Məmmədovun vəziyyəti daha yüngül olardı. Sınaq müddəti bitəndə yəni 13 avqust 2020-ci ildə onun məhkumluğu götürülmüş olardı.

Bunları ona görə yazıram ki, seçkilərdə iştirak etmək arzusunda olan şəxslər seçki qanunlarını öyrənsinlər. Yadınızdadırsa, 2013-cü ildə prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyovun da namizəd ola bilməyəcəyini, qanunların buna imkan vermədiyini demişdim. Bəziləri əksini sübut etməyə çalışırdı, lakin nəticədə mənim, daha doğrusu qanunun dediyi oldu.

Sonda İlqar Məmmədova və namizəd olmağa qərar vermiş, ağır cinayətlərə örə məhküm edilmiş digər şəxslərə məsləhət görürəm ki, təcili olaraq bu məsələnin həlli ilə məşğul olsunlar. Həm İlqar Məmmədova, həm də seçkidə namizəd kimi iştirak etmək istəyən bütün şəxslərə uğurlar arzu edirəm. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar