"Teymur Rəcəbovun Dünya Kubokunun qalibi olması tarixi hadisədir" - Prezident
"Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
"İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusilə qeyd etmək istərdim. Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir. Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olmuşdur. Bu da onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini verməkdədir. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində şahmat məktəblərinin açılışı da ənənəvi olaraq proqrama salınır. Demək olar ki, mən ölkəmizdə fəaliyyət göstərən əksər şahmat məktəblərinin açılışında iştirak etmişəm. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində bir çox şahmat məktəblərimizin təyinatı dəyişdirilmiş, o binalar özəlləşdirilmiş, orada ticarət obyektləri açılmışdır. Əlbəttə ki, bu, ovaxtkı rəhbərlik tərəfindən bizim intellektual potensialımıza vurulmuş böyük zərbə idi", - deyə dövlət başçısı qeyd edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.