MİDA-nin MƏNZİL BÖLGÜSÜNƏ XAKERLƏR MÜDAXİLƏ EDİR? - İqtisadçı-ekspertdən sensasiyalı iddia

İqtisadçı-ekspert Rəşad Həsənov öz “Feysbuk” səhifəsində Mənzil İnşaat Dövlət Agentliyinin onlayn mənzil bölgüsü zamanı ciddi qüsurlara yol verildiyinə dair maraqlı fikirlər paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, ekspert mənzillərin onlayn satışına xakerlərin müdaxilə etdiyini, “alternativ bazar” yaradıldığını iddia edir. R.Həsənov nəticədə işbazların qazanc əldə etdiyini və gerçəkdən də mənzilə ehtiyacı olan kasıb təbəqənin isə prosesdən kənarda qaldığını bildirir.

Mövzunun aktuallığını nəzərə alaraq, həmin status olduğu kimi dərc edirik: “Bu gün Mənzil İnşaat Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksində son mənzillərin onlayn satışını təşkil etdi. Satışlar hər zamankı kimi ildırım sürətli oldu və az-çox ümidi olan iştirakçılarda da çox böyük xəyal qırıqlığı yarandı. Artıq əhalinin böyük əksəriyyətində MİDA-nın fəaliyyəti iləəlaqədar ciddi şübhələr vardır.

Bu məsələ haqqında məlumatlı olduğum üçün tez-tez fərqli sosial qruplardan müraciətlər olur. Alan şəxslərin əksəriyyəti digər şəxslərin xidmətlərindən istifadə edirlər. Bu xidmətlərin qiyməti 500 manatdan 7000 manata qədər yüksəlir. Xüsusi bazar formalaşıb və hətta bir, iki və üç otaqlı mənzillər üçün də diferensial qiymtlər yaranmaqdadır. Məlumatlardan o da məlum olur ki, xüsusi robot proqramlar hazırlanmış CAPTCHA-nin tətbiqi belə bu proqramların qarşısını almır. Son iki satış bunun bariz nümunəsi oldu deyə bilərik.

Az təminatlı sosial qrupları bu şəkildə ümidsizliyə düçar etmək Uyğun Qiymətə Strategiyasının fəlsəfəsinə zidddir və heç kimsənin dövlət vəsaitlərini bu şəkildə uğursuz idarəetmə hüququ yoxdur.

Yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün qaydalara və mexanizmə aşağıdakı dəyişiklərin edilməsi zəruridir:

1. Mənzil sahibi olan, yaxud son 24 ayda adına olan mənzili satan vətəndaşın Güzəştli Mənzil mexanizmindən istifadə hüququ olmamalıdır. Hazırda adamlar var ki, MİDA onlara 5-ci, 6-cı ev sahibi olmaq xoşbəxtliyi nəsib edib. Bu hansı məntiqə sığır ki, əhalinin mənzil probleminin həllinə yönələn bir mexanizm kimlərinsə biznes maraqlarının təminatçısı olsun?

2. Mövcud satış mexanizmi aşağıdakılardan biri iləəvəz edilə bilər.

2.1. Variantlardan biri kimi lotoreya üsulu gözdən keçirilə bilər. Beləki, satışdan əvvəl hər kəsin şəxsi kabinetinə konkret kodlar göndərilir. Lakin, qalib nömrələr canlı yayımın təşkili şərti ilə satışa qatılmaq hüququ olan vətəndaşlar tərəfindən müəyyən edilir.

2.2.Bu satışların təşkili Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi metodla təmin edilə bilər. Belə ki, bu hüquqlardan yararlanmaq istəyən vətəndaşlar xüsusi zallarda toplana bilərlər. Bu zaman kənar şəxslərin zallara daxil olmaq imkanı olmayacaq. Proqram onlayn olsa belə yalnız xüsusi məkanlarda aktiv edilə bilər. Bununla da insanlara ədalətli seçim imkanı təmin etmək olar. Satışların qeyri-iş günlərinə salınması və bir neçə yerdə təşkili iştirakın əlçatanlığını təmin edə bilər.

Yuxarıdakı şərtlər bir tərəfdən sərvət ovçularının məhdud sayda və dövlətin subsidiyaları ilə inşa edilən mənzillərin sahibinə çevrilməsi hüququnu aradan qaldıracaq. Digər tərəfdənsə hakerlər tərəfindən yaradılan alternativ bazar sıradan çıxarılacaq. Qeyd edim ki, xakerlərin prosesdə bərabərlik prinsipini pozması layihənin əhəmiyyətini azaldır.

Əminəm ki, MİDA rəsmiləri belə, Yasamal YK-də kirayə verilən mənzillərdən xəbərdardırlar. Qeyd edilən məhdudiyyət bu kimi problemləri aradan qaldıracaq, satışların ədalətliliyini və mənzillərin əlçatanlığını təmin edəcəkdir.

AzPolitika.info

635x100

Şərhlər

Evsiz-EŞİKSİZ 2019-12-26 14:29:58

MİDA qaydasızlığı özü gözləniməz müdaxilələrə şərait yaradır!?

Vətəndaş 2019-12-26 13:55:46

Yazılanlara qoşuluram. Hətta alqı-satqı saytarında o mənzillərin satışı haqqında elanlar var. Şəffaflığa inam yoxdur.

Son yazılar