AZƏRBAYCAN NECƏ DƏYİŞƏCƏK? – 2020-ci ildən əsas gözləntilər (TƏHLİL)

Dekabrın 31-i gecəsi Bakıda ənənəvi atəşfəşanlıq olacaq və bununla Azərbaycanda olduqca gərgin bir il arxada qalır.

2019-cu il cəmiyyətin həyatına təsir edən mühüm dəyişikliklərlə yadda qaldı. Sosial-iqtisadi sahədə ciddi addımların atılması, maaş və pensiyalarda yüksək artım, dövlət qurumlarında struktur və kadr dəyişiklikləri, erkən seçki qərarının verilməsi və müxalifətlə gərgin toqquşmalar bu ilə damğasını vurdu. Qarabağ probleminin həlli ilə bağlı irəliləyişlər olmasa da, Azərbaycanın xarici siyasətində kardinal dəyişikliklər baş verdi. Rəsmi Bakı geosiyasi və daxili amilləri nəzərə alıb uzun müddət qoruduğu balans siyasətində tarazlığı pozdu.

Şübhəsiz ki, sadalanan hadisələr Azərbaycanda 2020-ci ilin siyasi mənzərəsini şəkilləndirəcək və proseslərin əsas istiqamətlərini müəyyən edəcək. Beləliklə, gələn ildən gözləntiləri proqnozlaşdırmaq xeyli rahatdır. Çünki ölkədə cərəyan edən hadisələr ilkin mərhələdədir, onların tamamlanması, nəticələr verməsi növbəti ildə baş verəcək.

Qarabağ münaqişəsi

2020-ci ildə Qarabağ münaqişəsinin həllində ciddi addımların atılması gözlənilmir. Çünki buna nə tərəflər, nə də vasitəçilər hazırdır. Regionda hərbi-siyasi vəziyyət də münaqişənin həllində radikal qərarları istisna edir. Minsk Qrupunun fəaliyyəti faktiki olaraq iflasa uğrayıb, ABŞ və Fransanın vasitəçilik imkanları sıfıra enib, Rusiyanın dominant mövqeyi daha da güclənib. Ona görə münaqişə tərəfləri - Azərbaycan və Ermənistan bölgədə əsas söz sahibi olan Rusiya ilə ikitərəfli münasibətləri daha da genişləndirməyə çalışırlar. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn Paşinyan hökumətinin bütün çabaları Rusiyanı inandırmağa, onun siyasi, hərbi dəstəyini artırmağa yönəlib. Eləcədə, rəsmi Bakı Rusiya ilə yüksək səviyyəli dialoq aparır. Qarşılıqlı rəsmi səfərlər, iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin həcminin artırılması, eyni zamanda yeni hərbi müqavilələrin imzalanması gündəmdədir.

Rusiya isə münaqişə ilə bağlı ənənəvi siyasətini dəyişməyə meyilli deyil. Qarabağ problemi postsovet ölkələrinə qarşı əsas təsir vasitəsi olaraq qalır, Rusiyanın regionda bütün maraqlarını təmin edir. Moskva pat vəziyyətinin davam etməsində maraqlıdır, ona görə həm Azərbaycana, həm də Ermənistana təzyiqlərini davam etdirəcək, münaqişənin real həlli ilə bağlı addımlar atmayacaq. Bu, Azərbaycanın milli maraqlarına zidd olsa da, təəssüf ki, rəsmi Bakı mövcud status-kvonu pozmaq imkanlarına malik deyil. Əlbəttə, Azərbaycan cəmiyyəti bu durumdan narazıdır. Ötən ildə Qarabağla bağlı müxtəlif ictimai təşkilatların, ziyalıların çağırışları cəmiyyətdən geniş dəstək tapıb. Bu amil hakimiyyətə qarşı sərt mövqedə dayanan müxalifət partiyalarının da nəzərindən qaçmır. Ona görə də 2020-ci ildə hökumətə Qarabağla bağlı daxildən təzyiqlərin güclənəcəyini proqnozlaşdırmaq olar.

Xarici siyasət

2019-cu ildə Azərbaycan hakimiyyətinin xarici siyasət prioritetləri dəqiqləşdi. Rəsmi Bakı ali səviyyədə elan etdi ki, Avroatlantik məkana inteqrasiya kursunu inkişaf etdirməkdən imtina edir, çünki əlaqələrin hazırki səviyyəsi onu qane edir. Bundan sonra Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməkdə maraqlı deyil, İttifaqın Şərq Tərəfdaşlığı proqramında da iştirakını faktiki olaraq dayandırıb. Azərbaycan ATƏT-in, Avropa Şurasının üzvüdür, beynəlxalq konvensiyaları ratifikasiya edib, bundan sonrakı xarici siyasəti tərəfdaş ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək istiqamətində olacaq. Avropa İttifaqı ilə Strateji Əməkdaşlıq Sazişinin imzalanacağı da şübhə altındadır. Çünki Azərbaycan saziş layihəsində əksini tapan prinsipial məsələlərlə bağlı öhdəlik götürmək istəmir. Bu, Dünya Ticarət Təşkilatına üzvlük, enerjidaşıyıcıların daxili satış qiyməti, habelə Avropa Parlamentinin insan hüquqları və demokratik institutların vəziyyətinə dair qətnaməsində Brüsselin qarşısında qoyduğu şərtlərin yerinə yetirilməsini ehtiva edir.

Azərbaycan növbəti ildə Rusiya və Türkiyə ilə əlaqələrin güclənməsinə, İranla sabit əməkdaşlıq xəttinin qalmasına, Gürcüstanla qarşılıqlı maraqların təmin olunmasına çalışacaq. Avropa İttifaqı ölkələri ilə münasibətlər daha çox ticarət tərəfdaşlığı ilə məhdudlaşacaq. Qərb ölkələri Azərbaycanın əsas ixracında mühüm yer tutur, ölkənin valyuta gəlirlərinin əsasını təşkil edir. Bakı, paralel olaraq enerji alıcıları şəbəkəsini genişləndirməyə, bu bazara Cənub-Şərqi Asiya ölkələrini, Çini cəlb etməyə çalışır. Azərbaycanın neft sektorunu tərk edən Qərb şirkətlərini Malaziyanın, İndoneziyanın neft-kimya şirkətlərinin əvəz etməsi bu siyasətin təzahürləridir.

Azərbaycan üçün vacib ölkələrdən biri də İsraildir, iki ölkə arasında ticarət dövriyyəsi yüksək səviyyədədir, enerji məhsullarının əsas alıcılarından biri bu ölkədir. Azərbaycanın müdafiə sənayesi, kənd təsərrüfatı və iqtisadiyyatın başqa sahələri isə İsraildən idxal olunan müasir texnologiyalarla təmin olunur. Qarşıdakı ildə Azərbaycan İsrailin qonşu İranla kəskinləşən münasibətlərində yer almamaqda davam etməklə yanaşı iqtisadi-ticari əlaqələri yüksələn xətlə davam etdirəcəyi gözlənilir.

Postsovet məkanının sürətli inkişaf xəttini götürmüş ölkələrlə ikitərəfli münasibətlərin inkişafı da gündəlikdə olacaq. Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan Azərbaycanın vacib ticarət tərəfdaşlarıdır. Ölkənin idxal məhsullarının strukturunda bu ölkələrdə istehsal olunan malların xüsusi çəkisi var. Azərbaycan da Ukrayna və Belarusun enerji bazarında mövqelərini gücləndirməyə, sənaye sahələrində potensialdan xeyli geri qalan əməkdaşlığın səviyyəsini artırmağa çalışır. Azərbaycanın yeganə təbii müttəfiqi Türkiyə ilə münasibətlər bütün sahələri əhatə edir. 2020-ci ildə bu əlaqələrin daha da güclənəcəyi, ona mane olan problemlərin ardan qaldırılması istiqamətində addımların atılacağı gözlənilir. Ötən il Azərbaycan çoxdan gözlənilən qərarı verib viza rejimini ardan qaldırdı. Bu addımın davamı olaraq daha uzunmüddətli vizasız gediş-gəliş, habelə iri biznesin qarşılaşdığı bürokratik əngəllərin aradan qaldırılmasına, qarşılıqlı sərmayələrin genişləndirilməsinə ehtiyac var. Xüsusən, Azərbaycanın qeyri-neft sektoru belə yatırımlara çox ehtiyac duyur.

İki ölkə arasında hərbi əlaqələrin inkişafı Azərbaycan ordusunun güclənməsinə, ölkənin müdafiə qabiliyyətinin yüksəlməsinə gətirib çıxarıb. Bu gün Türkiyə regionda mühüm oyunçulardan birinə çevrilib, hərb-siyasi imkanları, beynəlxalq nüfuzu artıb. Bu, Azərbaycanın imkanlarının daha da genişlənməsi deməkdir. O halda ki, yüksək səviyyəli əlaqələr müttəfiqlik münasibətlərində rəsmiləşsin. Azərbaycanın buna çox ehtiyacı var, çünki region ölkələrindən fərqli olaraq hərbi-siyasi ittifaqlarda təmsil olunmur, ikitərəfli münasibətlərə üstünlük verir. Mürəkkəb şəraitdə, beynəlxalq hüquq normalarının soyuq müharibə dövründə olduğu qədər aşındığı bir vaxtda güclü təbii müttəfiq Türkiyə, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qarantıdır.

Daxili siyasət

2020-ci ildə Azərbaycanın daxili siyasətində aparıcı vektorun hakimiyyət daxilində komanda yenilənməsinin başa çatmasından, iqtidar-müxalifət münasibətlərinin daha da kəskinləşməsindən ibarət olacağı gözlənilir. Növbədənkənar parlament seçkiləri yeni komandanın ölkənin siyasi sisteminə tam yerləşməsinə gətirib çıxaracaq. Parlamentin tərkibi əvvəlkindən xeyli fərqlənəcək, başlıca olaraq hakimiyyətdən vurulmuş məmur oliqarxiyasının nümayəndələrindən təmizlənəcək. Buna qarşı müqavimət elementləri, onların siyasi müxalifətlə əməkdaşlıq imkanları da zərərsizləşdiriləcək. Nəzərdə tutulan planın icrasında risklər yaranmasa, ölkənin idarəçiliyi ilə bağlı daha vacib bir siyasi qərarın qəbul olunacağı da gözlənilir.

Parlament seçkilərinin nəticələri iqtidar-müxalifət münasibətlərinin daha da kəskinləşməsinə gətirib çıxaracaq. Seçki prosesinin ümumi düşərgədə yaratdığı məyusluq sərt mövqedə dayanan siyasi qüvvələrə əlavə arqumentlər verəcək. Onların siyasi meydanda qalmasını şərtləndirən iki amil var.

Birincisi, ölkədəki sosial-iqtisadi problemlərdir. Bu il sosial təminatla bağlı mühüm addımlar atılsa da, iqtisadi sistemdəki xroniki problemlər, xüsusən monopoliya, haqsız rəqabət, məmur sahibkarlığı dövlətin stimullaşdırıcı tədbirlərini kölgədə qoyur. Bura məhkəmə-hüquq sistemindəki çox ciddi problemləri də əlavə etsək, onlar kiçik və orta sahibkarlığın inkişafını, qeyri-neft sektoruna daxili və xarici sərmayələrin cəlb olunmasını yubadır. İdxalın artması, inflyasiyanın güclənməsi və qeyd olunan problemlərin vurduğu dolayı, birbaşa təsirlər əhalinin aztəminatlı hissəsinin narazılığının “sönməsinə” imkan vermir. Müxalifət liderlərinin ritorikası bu narazılığı təşkilatlandırıb hakimiyyətə qarşı güclü müxalif sosial bazaya çevirməkdən ibarətdir. Qarşıdakı ildə bu istiqamətdə səylər gücləndiriləcək.

İkinci mühüm məqam Azərbaycan hakimiyyətinin Qərbə inteqrasiya kursunu bloklaması ilə bağlıdır. Təcrübə göstərir ki, hökumətləri inteqrasiyaya məcbur edə bilmədikdə daxili alternativlər müxtəlif siyasi alətlərlə gücləndirilir. Hakimiyyətə qarşı sanksiyalar tətbiq edilir, müxalifətin siyasi blokadadan çıxarılıb beynəlxalq təqdimatı həyata keçirilir. Bu sıraya başqa stimullaşdırıcı tədbirləri də əlavə etsək, hakimiyyət üçün arzuolunmaz situasiya yarada bilirlər. Azərbaycana münasibətdə bu addımların atılıb-atılmayacağını indidən proqnozlaşdırmaq çətindir. Amma tendensiyalar var, onların seçkilərdən sonra daha da güclənəcəyi real görünür.

Yekun olaraq qeyd edək ki, 2020-ci il Azərbaycanda olduqca mühüm il olacaq. Hakimiyyət daxili və xarici siyasətində kardinal dəyişikliklər həyata keçirir və bu fonda gələn il yeni siyasi sistemin formalaşması başa çatacaq. Keçid dövrləri həmişə risklərlə dolu olur, onları adlamaq bir çox daxili və xarici faktorlardan asılıdır. Azərbaycanın təcrübəsində hələlik problemsiz transformasiya nümunələri var. Bu dəfə necə olacaq, onu zaman göstərəcək.

Elçin Rüstəmli 

AzPolitika.info

635x100

Şərhlər

Elli 2019-12-31 18:03:35

rusiya Qarabağı qaytardı ki, NATO-dan imtina edirsiniz?

Son yazılar