ABŞ GENERAL QASIM SÜLEYMANİNİ ÖLDÜRDÜ! - Rəsmi Tehran amansız qisas alacağını vəd etdi +VİDEO

İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına bir neçə raket atılıb, nəticədə azı 8 nəfər ölüb.  Bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Yüklərin olduğu əraziyə düşən üç raket iki nəqliyyat vasitəsinin partlamasına səbəb olub. Qeyd olunub ki, raketlərdən biri uçuş-eniş zolağına düşüb və bu səbəbdən hava limanı bağlanıb.

“Əl-Ərəbiyyə”, "Əl-Cəzirə" və "Sky News" telekanallarının verdiyi məlumata görə, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub. Eyni zamanda İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Öz növbəsində ABŞ Bağdadda İranla əlaqəli iki hədəfə zərbə endirildiyini təsdiq edib. Bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı əvvəlcə “The New York Times “ qəzeti Birləşmiş Ştatlar hökumətindəki vəzifəli şəxslərə istinadən yayıb.

Məlumatda deyilirdi ki, əməliyyat Bağdad aeroportu rayonunda ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib.

Nəticədə Qasım Süleymani ilə yanaşı daha dörd nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndis də həlak olub.

Xəbər verilir ki, Qasım Süleymani və əl-Mühəndis təyyarə ilə Bağdada Suriyadan gəliblər. Daha sonra onları aparan avtomobil korteji aerportu tərk edib, amma çox keçmdən aeroport ərazisində onları Amerika raketləri haqlayıb.

Raketlərdən biri düz general Süleymaninin olduğu avtomobilə dəyib, nəticədə avtomobil darmadağın olub, ətrafda da dağıntılar yaranıb. Bildirilir ki, həmin əməliyyatdan bir neçə saat əvvəl də Amerika aviasiyası Bağdad aerportu rayonuna raket zərbələri endirmişdi və bir neçə nəfər həlak olmuşdu.

Pentaqon əvvəlcə “TASS” agentliyinin raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin ölməsi ilə bağlı sorğuya cavab verməyib.

Ancaq sonradan Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.

Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib:“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”. 

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib. Bu barədə “PRESS TV” məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.

 Xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, general Qasım Süleymaninin öldürülməsi “beynəlxalq terrorçuluq aktıdır”. Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri “olduqca təhlükəli və axmaq eskalasiyadır”. 

Və bu hərəkətlər Suriya və İraqda “İslam dövləti”, “Əl-Qaidə” və “Cəbhət əl-Nusra” kimi radikal terrorçu qruplaşmalara qarşı ən effektiv mübarizə aparan qüvvələrə qarşı yönəlib.

Xəbər verilir ki, general Süleymaninin öldürülməsi ilə bağlı İran Təhlükəsizlik Şurası təcili iclasa toplaşacaq. Rəsmi Tehran ABŞ-dan “amansız qisas” alınacağını bildirir.

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin həlak olmuş komandiri general-mayor Qasım Süleymaninin qisasını alacaqlarını açıqlayıb.

“Report” “FX Street”ə istinadən xəbər verir ki, Xameneyi ölkədə üçgünlük matəm elan edib.

“Süleymani cənnətməkan oldu. Süleymanini qətlə yetirən caniləri sərt intiqam gözləyir. Süleymaninin öldürülməsi Birləşmiş Ştatlara və İsrailə qarşı müqaviməti ikiqat qızışdıracaq”, - ölkənin ali lideri bildirib.

İran Prezidenti Həsən Ruhani də general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

Türkiyənin “Hürriyet” qəzetinin verdiyi məlumata görə, İran Prezidenti bildirib ki, Süleymaninin qisası alınacaq.

“Bu qorxaq hərəkət Amerikanın bölgədə çarəsizliyinin işarəsidir. Şübhəsiz ki, İran və regionda azadlıq axtarışında olan millətlər ABŞ-ın həyata keçirtdiyi bu qorxunc cinayətin intiqamını alacaq”, - deyə H. Ruhani vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

Zumrud 2020-01-05 00:43:51

Allah Suleymaniye rehmet elesin!

Zumrud 2020-01-05 00:41:21

Baki

Azər 2020-01-03 17:58:35

Süleymani türk idi,amma düşməni olan farsa xidmət edirdi,belə satqınları hər fürsətdə öldürmək lazımdır.

Savalan 2020-01-03 17:53:37

ALLAH RƏHMƏT ELƏSİN! Əsil döyüşçü idi

Azer 2020-01-03 12:38:28

....... biride azaldi

Son yazılar