BAKININ DYP RƏİSİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU! - DYP rəhbərliyində də ciddi dəyişikliklərə start verildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov vəzifəsindən azad olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, N.Səfərov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun belə bir əmr imzalayacağı gözlənilirdi. Ümumiyyətlə, xeyli vaxtdır ki, respublikanın DYP sistemində ciddi kadr dəyişiklikləri gündəmdədir. Bu gözləntilər ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi Ramiz Zeynalov və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun vəzifələrindən çıxarılacaqlarına əsaslanırdı. Niyə?

Əvvəla, hər ikisi polis orqanlarında xidmətdə olmanın son yaş həddini keçiblər. N.Səfərov bir neçə ay idi 60 yaşını tamamlamışdı, Ramiz Zeynalov isə qanunun yol verdiyi həddən 3 il keçsə də, hələ də vəzifəsinin başındadır. Ötən ilin iyun ayında V.Eyvazov nazir təyin olunduqdan sonra bu qanunsuzluğun aradan qaldırılacağına ümid yaranmışdı.

İkincisi, hamıya məlumdur ki, respublikanın yol polisi sistemi ölkədə ən çox korrupsiyalaşmış, xalqı narazı salan dövlət qurumlarının siyahısında ön sıralarda gedir. DYP sistemini bu vəziyyətə salan insanları bu qurumdan uzaqlaşdırmadan isə ümumilikdə polisin nüfuzunu cəmiyyət arasında artırmaq çətin məsələdir. Bu baxımdan, gözlənilirdi ki, hər fürsətdə polisin nüfuzu məsələsini qabardan, şəxsi heyətə xalqa ləyaqətli xidmətlə bağlı çağırışlar edən nazir V.Eyvazov, DYP sisteminə də "əl gəzdirəcək", korrupsiyaya bulaşmış insanları bu sistemin rəhbərliyindən uzaqlaşdıracaq. Bu gün N.Səfərovun artıq vəzifəsindən uzaqlaşdırılması bu gözləntilərin əsassız olmadığını göstərdi. Çox böyük ehtimalla, növbədə 25 ildir bu vəzifədə oturan BDYPİ rəisi Ramiz Zeynalovdur. 

"AzPolitika"

    

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar