O adamları tarixin zibilliyinə göndərək...

Seymur Verdizadə

- Siz hansı üzlə bizdən səs istəyirsiniz? Beş ildə bir dəfə qapımızı açmamısınız, nə yeyib, nə içdiyimizlə maraqlanmamısınız, indi utanmadan səs umursunuz...

- Ay xanım, mən namizədəm, deputat deyiləm. Sizdən imza istəyirik. Əgər məni deputat seçsəniz, həmişə yanınızda olacağam, problemlərinizi həll etməyə çalışacağam...

Qadın, 16 saylı Yasamal 2-ci seçki dairəsindən namizədliyini irəli sürmüş tələbə dostum, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramova sözünü tamamlamağa imkan vermədi: "İşiniz düşəndə, hamınız ilan kimi dil çıxarırsınız. Elə ki deputat seçildiniz, gündüz vaxtı əlimizdə çıraq axtarsaq da, sizi tapa bilmirik. Altı-yeddi ildi Abel Məhərrəmovun üzünü görmürük. Deputat da öz seçicisinə qarşı bu qədər laqeyd olar?!"

Təəccüblə bir-birimizin üzünə baxdıq. Qadının bizi yanlış anlamaması üçün izahat vermək məcburiyyətində qaldıq: "Ay bacı, Abel Məhərrəmovun deputat səlahiyyəti 5 il əvvəl başa çatıb. 2015-ci ildə bu dairədən başqa adam seçilib".

Xanım təəccübünü gizlədə bilmədi: "Doğrudan? Kimdir o təzə deputat? Bu beş ildə niyə bir dəfə bizimlə maraqlanmayıb?"

Çoxillik namizəd stajına malik olan Çingiz Bayramov sağlam arqumentləri ilə qadını yola gətirib, həm onun, həm də həyat yoldaşının imzasını alandan sonra adama bir stəkan isti çay içib, özümüzü yenidən soyuq havanın ağuşuna atdıq...

Kənd rayonlarının birindən namizəd olan əsgər yoldaşım ötən gün zəng vurub, belə dedi: "İşimiz çox çətindir. Camaatın deputatlara inamı qalmayıb. Hansı qapıya gediriksə, ancaq giley-güzar, danlaq eşidirik. Bir kənd var, əhali sözü bir yerə qoyub ki, heç bir namizədə imza verməsinlər. Heç kimi qınamalı deyil. Ağsaqqal deputat olduğu 14 ildə bir dəfə o kəndə tərəf boylanmayıb".

Vəziyyət acınacaqlıdır; bəzi köhnə deputatlar bilərəkdən, ya da bilməyərəkdən deputat olmaq istəyən yenilərin işini xeyli çətinləşdiriblər. Parlamentin istefaya gedən tərkibi öz yarıtmaz fəaliyyəti ilə qanunverici orqana olan inamı ölümcül zədələyib. İldə bir dəfə öz maaşlarını qaldırnaqdan başqa heç bir ciddi fəaliyyətlə yadda qalmayan bu heyət xalqın siyasi proseslərə olan inamını əməlli-başlı sarsıdıb. Bu, mandatı girov qoymaqdan da dəhşətli hadisədir. Ən pisi isə odur ki, yarıtmaz fəaliyyətinə görə könüllü şəkildə istefaya gedən heyət üzvlərinin yarısından çoxu deputat olmaq iddiası ilə yenidən ortaya atılıb. Dörd ildə üst-üstə dörd dəfə xalqın sözünü deməyən adamların hansı üzlə seçicilərin qarşısına çıxacağını təsəvvürümə gətirə bilmirəm. Bircə onu bilirəm ki, Milli Məclisdə oturduqları uzun illər ərzində ağızlarına su alıb duran, öz maaşları ilə yanaşı, köməkçilərinin də məvacibini həzmi-rabedən keçirən həmin adamları iddiaları ilə birlikdə tarixin zibilliyinə göndərməkdən başqa çıxış yolumuz yoxdur. Əks təqdirdə, deputat görmək arzusuyla növbəti beş ildə də gözlərimiz yollarda qalacaq...

635x100

Şərhlər

Namiq 2020-02-15 23:59:53

Seçilməyi üçün dəridən qabıqdan çıxdığınız vəkillik Ceyhun Məmmədov yaman xalq üçün canı yanandır. İndiyədək hansısa xəstəni ziyarət etməmiş, xeyirdə, şərdə iştirak etməmiş biridir. Haqqdan, ədalətdən yazırsan, amma özün əməl etmirsən.

Havadan Adam 2020-01-18 17:14:19

Biz adətən dəyərli əks fikirli adamları zibildən də uzağa atırıq?

Hafiz 2020-01-07 23:21:44

Deputat üzündə həya-abır olan,şəxsiyyətinə hörmət və xalqa xidmət etməyi özünə borc bilən,millət arasında nüfuza,hörmətə layiq müvafiq rayon kollektivləri tərəfindən irəli sürülən namizədlərdən seçilməlidir. Limiti bitmiş,özünü hörmətdən salmış,xalqdan aralanmış insanların YAP siyahisinə salınması,növbəti seçkilərin də saxta keçiriləcəyinə hesablanmış əməlldir.

Son yazılar