Təhsilimizin bəlası: “qızıl medal”

Jurnalist Könül Şamilqızı: “Mənim uşağımın sizin verdiyiniz 100 manatlıq telefona ehtiyacı yoxdur”

Həmkarım Könül Şamilqızının övladının başına Qazax rayonunda gətirilən əcaib oyundan yəqin ki, xəbəriniz var. Orta məktəbi əla qiymətlərlə bitirib qızıl medal “ala bilməyən” Ülkər qəbul imtahanında 685 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Rayon üzrə ən yüksək nəticə göstərən 17 yaşlı qızcığazla fəxr etmək əvəzinə, özünü təhsil işçisi, pedaqoq adlandıran bəzi gerizəkalılar onu həmyaşıdları arasında aşağılayaraq yalançılıqda ittiham ediblər: “Sən niyə yalan danışırsan, 685 bal toplamamısan!”. Bunu deyənlərə də kim rəhbərlik etsə yaxşıdır: Daş Salahlı kənd 2 saylı məktəbin direktoru Ulduz Mancanov!

İndi gəl bu antipedaqoqdan soruş görək: qızcığaz bu balı toplamayıbsa, onda neçə bal toplayıb ki, çağırıb 15 nəfərlik dəstənin içərisində ona da təntənəli şəkildə “hədiyyə” vermisiniz? Onun balını indiki zamanda dəqiqləşdirmək eləmi çətin iş idi? Amma yox, məsələ heç də belə deyil! Məsələ ondadır ki, rayon ictimaiyyəti qızıl medalın nəyə görə Ülkərə yox, ondan çox-çox aşağı nəticə göstərən məmur övladına verilməsinin haqq-hesabını istəyir. Divara dirəniblər, imkanları olsa, Ülkərin ballarını silib təzədən yazardılar. Amma əməlləri faş olub! İndi onların qəzəbləri qızcığaza qarşı nifrətə çevrilib. Bununsa bircə adı var: UTANMAZLIQ!

Mətbuat, eləcə də ayrı-ayrı təhsil ekspertləri neçə vaxtdır ki, məzunlara medalların verilməsində ortaya çıxan rəzalətdən yazır. Amma Təhsil Nazirliyindən hələ də topluma məntiqli, ağlabatan izahat gəlmir ki gəlmir. Zatən gəlməyəcək də! Gərək orada məntiqli adamlar olsun ki, məntiqli də cavab versinlər. İnanmırsınız buyurun, nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovun məsələyə münasibətini oxuyun: “Mən, məsələni araşdırdım... Orada direktor Ulduz Mancanovun nə etdiyini bilmirəm, amma mən təhsil şöbəsi ilə əlaqə saxladım və bildirdilər ki, həmin qıza da digərləri kimi hədiyyələr verilib”. İndi necə deməyəsən, bərəkəllah sənin məntiqinə, Aydın müəllim!..

Aha bu da “hədiyyə” məsələsi ilə bağlı valideyn Könül Şamilqızının sosial şəbəkələrdə Aydın Əhmədova verdiyi cavab: “Bunlar o dərəcədə ucuz adamlardırlar ki, məsələnin uşağa verilən 100 manatlıq telefon olduğunu düşünürlər. Məsələ bu deyil, hörmətli Təhsil Nazirliyinin nümayəndəsi, məsələ sizin təmsilçiliyinizin çıxardığı oyunlar və sizin bunları görmürmüş kimi davranaraq insanları axmaq yerinə qoymağınızdır. Mənim uşağımın sizin verdiyiniz 100 manatlıq telefona ehtiyacı yoxdur. Və sabah o telefonu geri qaytartdıracam zatən. Orada olsam, bu gün qaytarardım. Məsələ, mənim uşağımın dostlarının, yoldaşlarının yanında aşağılanmasıdır, bunu anlamaq bu qədərmi çətindir? Məsələ, qızıl medal mənim uşağımın haqqı olduğu halda verilməməsidir. Bunu anlamaq üçün hansı dildə danışaq? Məsələ, mənim uşağım rayon birincisi olduğu halda, ondan aşağı bal toplayanların yanında pisikdirilməsi, incidilməsidir. Siz və sizin uşaqlarınız üçün incidilmə, aşağılanma duyğusunun nə demək olduğunu bilmirəm, bizim üçün bu, unudulmayacaq və bağışlanmayacaq məsələdir!”...

Könül xanım məktəb direktoru Ulduz Mancanovun əməlindən şikayət edir, amma Aydın Əhmədov “orada direktor Ulduz Mancanovun nə etdiyini bilmirəm” – deyir! Bəs sizin araşdırdığınız nədir, ay Aydın müəllim? Nəyə görə qızıl medalın Ülkərə yox, maliyyəçi məmurun övladına verilməsi barədə iddiaya açıqlıq gətirmirsiniz? Qəbul imtahanında 140-250 bal toplayan gülməşəkərlərin adlarını nazirə necə təqdim etməyiniz barədə niyə susursunuz? Məmur dostunuz Fərzəli Qədirovun oğlu Fəridin “qızıl” medalından niyə danışmırsınız? Haqqı tapdalanan gənclərin, onların yaxınlarının lənətlərindən qorxmursunuzmu?!

Təhsil Nazirliyinin məmurları qızıl medal almaq üçün olimpiada qalibi olma şərtini özlərinə sipər edirlər. Amma bu il medal alan 248 nəfərdən neçəsinin beynəlxalq olimpiadalarda qalib olduğunu demirlər. Varmı belələri? Respublika olimpiadaları barədə isə danışmağa da dəyməz! Övladı 677 bal toplayan valideyn sosial mediada haray çəkir: “Şagirdləri respublika olimpiadasının qalibi edən də təhsil məmurlardır. Məndən qızımın olimpiada qalibi olması üçün 500 manat istədilər, verə bilmədim...”. Adam “olimpiada bazarı”nın bağlanmasını, respublika fənn olimpiadalarının təşkilatçılığının nazirlikdən alınıb TQDK-ya verilməsini də tələb edir. Düz sözə nə deyəsən?! Görünən odur ki, sistemin məmurlarının əksəriyyəti üçün indi heç bir müqəddəs dəyər qalmayıb. Onlar hər şeyə şəxsi maraqları prizmasından baxmaqdan başqa bir şey bilmirlər. Başqa çarəmi var, qoy bunu da onların tamah dişlərindən qoparıb TQDK-ya versinlər...

P.S. Yazını təzəcə tamamlayırdım ki, belə məlumat aldım: Aydın Əhmədovun səlahiyyətləri daha da artırılıb. İndi nə deyəsən?! Biz sistemi biabırçı vəziyyətdən çıxaracaq köklü dəyişikliklərin aparılmasını gözləyirik, nazirlikdə isə “kiflənmiş daşlar”ın yerini dəyişərək yeni “qalaqurma” ilə məşğul olurlar...

Ramin DEKO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar