"HEÇ BİR ABŞ ƏSGƏRİ ZƏRƏR GÖRMƏYİB" - Tramp İranla sülhə hazır olduğunu bəyan etdi (Yenilənir)

"Heç bir ABŞ əsgəri İranın raket zərbələrindən zərər görməyib. Hərbiçilərimizin uğurlu fəaliyyəti nəticəsində İranın atdığı raketlər hədəflərinə ulaşmayıb."  "AzPolitika.info"nun məlumatına görə bunu ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi canlı yayımda bildirib. 

Donald Trampın sözlərinə görə, əsgərlərin zərər görməməsinin səbəbi önləyici tədbirlərin həyata keçirilməsi olub. 

ABŞ prezidenti bu raket zərbələrinə görə, İrana hərbi cavab verməyəcəkləri mesajını verib.

Ancaq bildirib ki, ABŞ İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq edəcək.

İranın məşhur generalı Qasım Süleymaninin İraqda qətlə yetirilməsinə haqq qazandıran Tramp onun Yaxın Şərqdə baş verən bir çox terror hadisəsinin, eləcə də ABŞ ordusuna qarşı hücumların təşkilatçısı olduğunu iddia edib. Hətta ABŞ hərbiçilərinə qarşı yeni hücumlar da hazırladığını da bildirib.

“Həm Yaxın Şərqdə, həm də digər yerlərdə xalqlar İranın destruktiv addımlarına dözüblər. Bu günlər artıq başa çatıb. İran terrorizmin əsas sponsoruna çevrilib və nüvə silahı əldə etmək istəyi ilə sivil dünyanı təhdid edir. Biz buna heç vaxt icazə verməyəcəyik. Ötən həftə biz amerikalı insanların həyatına təhlükə yaradan Qasım Süleymanini zərərsizləşdirmişik. İranın aqressiyasına cavab tədbirlərini müəyyənləşdiririk və ABŞ dərhal əlavə iqtisadi sanksiyalar tətbiq edəcək. İran rejimi öz davranışını dəyişənə qədər bu, davam edəcək” - deyə Tramp bildirib. 

Tramp dünyanın bir çox aparıcı ölkəsinə, o cümlədən Çinə və Rusiyaya müraciət edərək, İranla bağlı siyasətlərini dəyişməyə, Tehranla daha mükəmməl bir anlaşmanın bağlanması üçün cəhdlərini artırmağa çağırıb. 

Donald Tramp onu da vurğulayıb ki, prezident olduğu dövrdə İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək

Bununla belə, Donald Tramp İranla hərbi qarşıdurmaya getmək istəmədiklərini bildirib. O bildirib ki, ABŞ İranla sülhə hazırdır: "İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır".

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar