AZƏRİ "ÇİKATİLO"NUN BAŞQA QURBANLARI DA VARMI?

Rüfət ƏHMƏDZADƏ

Son günlər hər kəs işgəncəyə məruz qalaraq öldürülən və yandırılan 10 yaşlı Nərmin balamızın müsibətindən danışır… Əslində isə, hər kəs danışır, amma heç nə danışılmır.

Yəni, bu qədər informasiya və bəyanatların arxasında böyük “probellər” – boşluqlar var.

Qızcığaz 2 ay idi itkin düşmüşdü və hüquq-mühafizə orqanları heç bir nəticəyə müvəffəq olmamışdı. Ekspertizadan konkret nəticə yoxdur… Dırnaqların kəsilməsi və meyitin yandırılması ona dəlalət edir ki, “adam” sözü də yaraşmayan o şərəfsiz məxluq “işinə” peşəkar yanaşıb. Ya tibbi, ya da kriminalistika təhsili yetərincədir ki, özündən sonra iz saxlamayıb. 

Kim bilir, bəlkə də, onun “portfolio”sunda başqa cinayətlər də var. Yaxud, istintaq nələrisə mətbuatdan gizlədir, ya da araşdırmır, yaxud bəlkə biz tələsirik, hər şeyi tez bilmək istəyirik… Əgər kimlərsə onun ailəsindən qisas alırsa… Bu cür dəhşətli qisasın səbəbləri nədir və ucu hara aparıb çıxarır?

Çox şey deyilir və heç nə deyilmir… Beləcə, bir çox cavabsız suallar ortaya çıxır.

Başlıqdakı “Çikatilo” sözündən xəbərsiz olanlar üçün – SSRİ dövrünün ən məşhur təcavüzkarı, seksual manyak və qatil Andrey Çikatilonu nəzərdə tuturam. Adam 1978-ci ildən 1990-cı ilə qədər 50-dən çox qadın və uşağa qarşı müxtəlif cinayətlər, zorlama və qətllər törədib.

Belə cinayətkarlar içimizdə az deyil. Əxlaqsız adamın nə milləti olur, nə də din-imanı… Çünki inandıqları bir dəyər də olmur!

İnanın mənə, hətta imkanlı məmur uşaqlarının arasında belə azyaşlı uşaqlara və qadınlara təcavüz edən, sonradan onları pul və “əlaqələri” gücünə susduran adamlar var… Nə birdir, nə iki.

Nərmin üçün susmuruq, susmayacağıq… Amma bu, nə qədər davam edəcək? Gündəmə başqa mövzu oturana qədər? Necə ki, Elina üçün susmurduq… Amma axırda susduq. Çünki unutduq…

Qeyd: Mən istintaqın gedişinə mane olmaq üçün yox, yön vermək üçün yox… sadəcə fikirlərimi bölüşmək üçün bu mövzuda yazdım.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar