MÜSAVATIN ŞANSI VƏ FACİƏSİ… – Yeni başqanın kimliyi məlumdur! (Proqnoz)

Yeni başqanın kimliyini hakimiyyət və İsa Qəmbər müəyyən edir!

Sabah Müsavat Partiyasının çoxdandır gözlənilən və nizamnaməyə görə 4 il əvvəl keçirilməli olan növbəti qurultayı, nəhayət ki, baş tutmalıdır. Siyasi müxalifətin demək olar sıradan çıxdığı bir zamanda, etiraf etmək lazımdır ki, Müsavatın bu qurultayına cəmiyyətdə, siyasi çevrələrdə maraq var, KİV də onu kifayət qədər gündəmdə saxlayır. Lakin heç şübhəsiz ki, bu maraq Müsavat rəhbərliyində gözlənilən dəyişiklik, yeni başqan seçkisi ilə bağlıdır. İsa Qəmbər nizamnamə dəyişikliyinə gedərək, başqan postunda qalmağa qərar versəydi, sabahkı qurultaya heç bir ciddi münasibətdən söhbət gedə bilməzdi.

Nəticəsi əvvəlcədən bəlli olmayan ilk seçki...

Ancaq İsa Qəmbər qurultayı müxtəlif bəhanələrlə 4 il yubatmaq hesabına olsa da, yaranmış şəraiti düzgün qiymətləndirdi və 20 ildən artıqdır oturduğu başqanlıq postunu boşaltmaq qərarına gəlməklə, bu tarixi partiyada yeni bir mərhələnin, dönəmin başlanmasına yaşıl işıq yandırdı. Müsavat sözsüz ki, Azərbaycan siyasətində mühüm yer tutan bir təşkilat kimi, ölkənin taleyinin müəyyənləşdirilməsində az və ya çox dərəcədə rol oynayıb. Bundan sonra Müsavat Azərbaycana, çətin dövrlərini keçirən Azərbaycan demokratiyasına nəsə verə biləcəkmi, bunu zaman göstərəcək. Lakin heç şübhəsiz Müsavatda başqan seçkisi ilə bağlı bir neçə aydır aparılan kampaniya Azərbaycan demokratiyasına ciddi töhvə oldu. Biz, demək olar ki, ilk dəfə olaraq bir siyasi partiyada rəhbər seçkisi kampaniyasının tam demokratik əsaslarla, açıq rəqabət şəraitində, ən əsası isə, siyasi etikaya əməl olunmaqla baş tutmaqda olduğuna şahidlik etməkdəyik. Təsadüfi deyil ki, nə kampaniya dövründə, nə də seçkiyə 1 gün qalmış Müsavatdakı seçki ilə bağlı kənar müşahidəçilərin qətiyyətlə söylənilmiş proqnozlarına rast gəlmirik. Bu da onunla bağlıdır ki, partiyada həqiqətən də ciddi rəqabət var və seçkiyə 1 gün qalmasına baxmayaraq, Müsavatın növbəti başqanının kim olacağı haqda qəti fikir söyləmək mümkün deyil. Halbuki, biz öyrənmişik ki, Azərbaycandakı istənilən seçkilərin nəticəsi haqda günlər, bəzən hətta həftələr öncədən yüz faiz dəqiqliklə “proqnozlar” verək və heç zaman da yanılmayaq. Bu baxımdan, Müsavatda sabah baş tutacaq seçkilər, sözün əsl mənasında təəccübləndirir...

Kim-kimi dəstəkləyir?

Çox böyük ehtimalla, sabahkı qurultayda Müsavatın növbəti başqanı cüzi səs üstünlüyü ilə müəyyən olunacaq. Hətta istisna deyil ki, seçkinin taleyini 1-2 səs müəyyən edəcək. Hər halda, indiyəqədərki müşahidələr belə deməyə əsas verir.

Şübhəsiz, əsas mübarizə tanınmış iqtisadçı Qubad İbadoğlu ilə partiyanın icra aparatının rəhbəri Arif Hacılı arasında gedəcək. Ehtimal ki, digər 2 namizəddən biri – Səxavət Əlisoy qurultayda öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürəcək. Gəncliyin təmsilçisi Tural Abbaslı üçün isə bu seçki gələcək seçkilər, mübarizələr üçün yaxşı məşq olmaqdan uzağa getməyəcək.

Bir neçə gün əvvəl dərc olunanan siyahılardan belə görünür ki, Müsavatın elitası Qubad İbadoğlu, yoxsa Arif Hacılı seçimi qarşısında yekdil fikrə malik deyil. Kimin daha şanslı olduğunu heç dərc olunan bu siyahılardan da müəyyən etmək mümkün olmur. Bununla belə, kim-kimi dəstəkləyir siyahılarına bir daha nəzər yetirməkdə zərər yoxdur.

Qubad İbadoğlunu dəstəkləyən nüfuzlu 30-luq:

1. Tofiq Yaqublu, Müsavat başqanının müavini, siyasi məhbus

2. Mehman Cavadoğlu, Müsavat başqanının müavini

3. Məryəm Oruclu, Müsavat başqanının müavini

4. Vurğun Əyyub, Müsavat Divanının üzvü

5. Hökümə İbrahimli, Müsavat Divanının üzvü

6. İbrahim İbrahimli, Mərkəzi Nəazrət-Təftiş Komissiyasının sədri

7. Hikmət Hacızadə, Müsavat Məclisinin üzvü

8. Fəxrəddin Bağırlı, keçmiş Divan üzvü

9. Cəlal Allahverdiyev, Akademik

10. Adil Qeybulla, Tibb elmləri doktoru, professor

11. Yusif Qəmbərov, Elmlər doktoru

12. Arifə Hüseynli, Müsavat Məclisinin katibi

13. Əhliman Abbaslı, Gənclər Təşkilatının sədri

14. Ellada Məmmədli, Qadınlar Təşkilatının sədri

15. Məzahir Məmmədli, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü

16. Etibar Bayramlı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü

17. Əlövsət Talışxanlı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü

18. Rüfət Sultan, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü

19. Səmayə Hüseynova, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü

20. Nizaməddin Quliyev, Müsavat başqanının müşaviri

21. Dünyaxanım Cərullayeva, Müsavat başqanının müşaviri

22 Mərdan Mehdili, Müsavat başqanının müşaviri

23. Bəhruz Əsədbəyli, Müsavat Məclisinin üzvü

24. Böyükkişi Heydərli, Müsavat Məclisinin üzvü

25. Elxan Mehdiyev, Müsavat Məclisinin üzvü

26. Seyidəli Məmmədli, Müsavat Məclisinin üzvü

27. Elşad Paşasoy, Müsavat Məclisinin üzvü

28. Hamlet Səfixanlı, Müsavat Məclisinin üzvü

29. Qalabəy Ağalarlı, Müsavat Məclisinin üzvü, Komissiya sədri

30 Məlahət Mürşüdlü, Müsavat Məclisinin üzvü

Arif Hacılını dəstəkləyən nüfuzlu 30-luq:

1. Yadigar Sadıqov- Müsavat Başqanının müşaviri, vicdan məhbusu

2. Gülağa Aslanlı - Müsavat Partiyası Başqan müavini, elmlər namizədi

3. Nüşabə Sadıqlı - elmlər namizədi, dossent, Müsavat Partiyasının Divan üzvü

4. İkram İsrafil - Müsavat partiyasının Divan üzvü, keçmiş millət vəkili

5. Osman Kazımov- vəkil, Müsavat Partiyasının Divan üzvü

6. Sabir Məmmədli - elmlər namizədi, Məclis üzvü

7. Cahangir Əmirxan - elmlər namizədi, Müsavatın Gəncə təşkilatın keçmiş sədri

8. Sevinc Hüseynova – elmlər namizədi, Məclis üzvü, komissiya sədri

9. Limunət Əmrahlı - elmlər namizədi, MNTK üzvü

10. Məryəm Həsənova - İstiqlalçı deputat

11. Səxavət Soltanlı - başqan müşaviri

12. Mustafa Hacıbəyli - başqan müşaviri

13. Alya Yaqublu - jurnalist, Məclis üzvü

14. Könül Şamilqızı - jurnalist, Məclis üzvü, TRT əməkdaşı

15. Etibar Seyidağa - jurnalist

16. Zabil Müqabiloğlu - jurnalist

17. Rafiq İsmayıl – RT sədri, Məclis üzvü

18. Niyaz Nəsirov –RT sədri, Məclis üzvü

19. Razim Əmiraslanlı-RT sədri, Məclis üzvü

20. Zöhrab Məhərrəmli-Məclis üzvü

21. Yusif Tağı-şöbə müdiri

22. Elman Fəttah-şöbə müdiri

23. Leyla Mustafayeva-şöbə müdiri, Məclis üzvü

24. Vəfa Cümşüdlü – Qadınlar birliyinin keçmiş sədri

25. Lətafət Məlikova - Məclis üzvü

26. Valeh Hümbətoğlu–veteran müsavatçı

27.Heybət Əmrah-RT sədri, Məclis üzvü

28.Ülvi Quliyev- vicdan məhbusu

29.Azər İsmayıl- keçmiş RT sədri

30.Günel Rəhimli - jurnalist

Bu siyahılar üzərindən sabahkı seçkilərin nəticələri haqda qəti proqnoz vermək olarmı? Fikrimizcə xeyr!

Düzdür, ilk baxışdan Qubad İbadoğlunun siyahısı nisbətən daha samballı, daha ağır görünə bilər. Çünki bu siyahıda cəmiyyətdə yaxşı tanınan, nüfuz sahibi olan insanlar daha çoxdur. Lakin elitada təmsil olunan daha nüfuzlu müsavatçıların Qubad İbadoğlunu dəstəkləməsi həlledici faktor deyil. Nəzərdən qaçırmaq olmaz ki, Arif Hacılı, Qubad İbadoğludan fərqli olaraq, bu seçkilərə uzun müddətdir, azı 4-5 ildir hazırlaşır və rayon təşkilatlarının rəhbərliyinin, eyni zamanda qurultay nümayəndələrinin seçilməsi, müəyyən olunması prosesi bilavasitə onun nəzarəti altında həyata keçirilib. Təsadüfi deyil ki, hazırki başqanın əksər müavin və müşavirləri Qubad İbadoğluna dəstək bəyanatı versələr də, hazırki və keçmiş RT sədrlərinin əksəriyyəti məhz Arif Hacılını dəstəkləyir. Yəni belə demək olarsa, “yuxarılar” Qubad İbadoğlunu, “aşağılar” Arif Hacılını dəstəkləyirlər.

Sabahkı seçkidə həlledici faktorlardan biri kimi, heç şübhəsiz ki, İsa Qəmbərin gizli dəstəyi çıxış edəcək. Seçki kampaniyasının özündə İsa Qəmbərin namizədlərdən hansına dəstək verdiyini müəyyənləşdirmək mümkün olmayıb. Lakin bugünkü mətbuat konfransında o, kimə səs verəcəyini artıq dəqiqləşdirdiyini elan edib. Əgər İsa Qəmbər öz seçimini qərarsız kəsimə, eyni zamanda onun mövqeyinə ciddi əhəmiyyət verən qurultay üzvlərinə hiss etdirərsə, sözsüz ki, bu Müsavatın yeni başqanının müəyyən olunmasında ciddi rol oynayacaq.

Seçkiyə 1 gün qalmış hansı proqnozu vermək olar?

Yuxarıda qeyd etdiyimiz kimi, qəti iddia irəli sürmək çətin olsa da, sabahkı seçkinin nəticələri ilə bağlı proqnozumuz bundan ibarətdir ki, Arif Hacılı cüzi səs çoxluğu ilə qalib gələcək. A.Hacılının qələbəsini açıq görünməyən 3 faktor şərtləndirəcək. Bunlar aşağıdakılardır:

- Qurultay üzvlərinin müəyyən olunması prosesi Arif Hacılının nəzarəti altında həyata keçirilib;

- Hakimiyyət Müsavatın növbəti başqanı kimi Arif Hacılını görmək istəməlidir (məntiqlə) və çox guman ki, gizli dəstəyini onun xeyrinə istifadə edir;

- İsa Qəmbərin gizli dəstəyi Arif Hacılıdan yanadır.

Bu faktorların hər biri Qubad İbadoğlunun qələbə şanslarına ciddi zərbədir. Bütün bunlara baxmayaraq, sabah seçkidən Qubad İbadoğlunun qalib ayrılması bir halda mümkündür ki, sıravi müsavatçılar, qurultay üzvləri öz üzərlərinə düşən məsuliyyəti sonadək dərk edə bilsinlər...

Arif Hacılının, əlbəttə, milli-azadlıq hərəkatında müəyyən rol oynamış, İstiqlal Bəyannaməsinə imza atmış, prinsipial mövqeyi olan bir siyasətçi kimi, Müsavat başqanlığına iddia etməyə haqqı çatır. Həmçinin Müsavatın möhkəmlənməsində də ciddi rolu olub. Lakin müsavatçılar unutmamalıdılar ki, Arif Hacılı səriştəsiz idarəçiliyi ilə ölkəni qısa müddət ərzində xaos, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdirmiş Cəbhə hakimiyyətinin mənfi simalarından biri kimi yaddaşlarda qalıb. Bu gün Azərbaycan cəmiyyətində hər 100 nəfərdən yalnız 1-i AXC hakimiyyətini rəğbətlə xatırlayırsa, bu hakimiyyətin siması hesab olunan şəxslərdən daha birini Müsavatın başqanlığına gətirməklə, bu partiyanın nəinki hakimiyyət şanslarını, hətta varlığını belə təhlükə altına atmış olarlar. Məhz bu baxımdan hakimiyyətin Arif Hacılının qələbəsində maraqlı olduğuna şübhə yoxdur.

İsa Qəmbərə isə Arif Hacılının qələbəsi ona görə lazımdır ki, Müsavata nəzarət imkanlarını bundan sonra da qoruyub saxlaya bilsin. Bir qədər də konkretləşdirsək, Arif Hacılı başqan olarsa, Müsavatı yenə də İsa Qəmbər idarə edəcək. Lakin Qubad İbadoğlunun dövründə Müsavatın idarə olunmasında, prinsipial qərarların qəbulunda İsa Qəmbərin iradəsinin həlledici rol oynayacağı şübhəlidir.

Qubad İbadoğlunun başqanlığı Müsavata nə verərdi?

Sabahkı seçkidən Qubad İbadoğlunun qalib çıxması, belə demək olarsa, Müsavatın tale məsələsidir. Əlbəttə, Q.İbadoğlunun başqanlığı dövründə Müsavatın nəinki hakimiyyət partiyasına çevrilməsi, heç İsa Qəmbərin dövründəki uğurlarını belə təkrarlamaq şansı yoxdur. Bu bir qədər də zaman, şərait məsələsidir. Reallıq budur ki, nə Müsavatın, nə də başqa bir müxalifət partiyasının indi və ya yaxın gələcək üçün hakimiyyət hədəfi müəyyənləşdirməsi ciddi məsələ deyil. Müzakirə mövzusu bundan ibarətdir ki, başqan dəyişikliyi Müsavatın birliyinə, cəmiyyət-Müsavat, Müsavat-iqtidar, Müsavat-digər müxalifət partiyaları münasibətlərinə, bu partiyanın parlamentə düşmək şanslarına necə təsir edəcək. Bu məsələləri masanın üzərinə yatırdıqda, eninə-uzununa təhlil etdikdə Qubad İbadoğlu Müsavatın kiçik şansı, Arif Hacılı faciəsi kimi görünür.

Azca səbr etmək lazımdır. Müsavat qurultayının öz şansına, yoxsa faciəsinə sahib çıxacağını sabah bu saatlarda görmüş olacağıq.

Elnur MƏHƏRRƏMLİ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar