ŞƏKİNİN AÇILMAYAN “SEÇKİ BƏXTİ” - Yenəmi Cavanşir Feyziyev?...

Şəkililər həmişə baməzə söhbətlərilə, ləhcələrilə digər regionlarımızın əhalisindən seçiliblər. Lakin elə məsələlər var ki, heç cür zarafat mövzusu ola bilməz.

“AzPolitika.info”-ya özü-özünü istefaya göndərən, buna baxmayaraq, müxtəlif seçki dairələri üzrə yenidən namizədliklərini verən deputatlarla bağlı müxtəlif səpkili şikayətlər daxil olmaqdadır ki, bunlardan biri də 115 saylı Şəki kənd 2-ci Seçki Dairəsi üzrə millət vəkili Cavanşir Feyziyevdir.

Əslində, bu deputatın fəaliyyətindən narazı qalan seçiciləri qınamaq doğru olmazdı. Doğrudan da təmsil etdiyi dairənin sosial və digər problemlərinin qaldırılması, yaxud həlli baxımından heç də ən aktiv deputatlar sırasına daxil olmayan C.Feyziyev, əvəzində müxtəlif qalmaqallı hadisələr, dəbdəbəli həyat tərzi, biznes fəaliyyəti, mal və mülkləri ilə tez-tez diqqət mərkəzinə düşüb.

Ölkənin dərman biznesində mühüm yerlərdən birini tutduğu bildirilən C.Feyziyev sonuncu dəfə oğluna paytaxtın ən prestijli otellərindən biri olan "JW Marriott Absheron Baku"-da bahalı, dəbdəbəli toy mərasimi keçirməsilə gündəmə gəlmişdi ki, bu da başadüşüləndir. 

Təbii ki, deputatın oğlu onun təmsil etdiyi dairədəki işsizlikdən, evsizlikdən əziyyət çəkən və bu səbəbdən nəinki dəbdəbəli şadlıq evlərində, adi kənd çadırında da toy edə bilməyən gənclərin tayı deyil...

Yeri gəlmişkən, son vaxtlar mətbuatda tez-tez deputatların özlərinin və ailələrinin xaricdə yaşamasına etiraz çıxışlarına rast gəlinir. Belələrinin sırasına C.Feyziyevi də aid etmək olar. 

Bir müddət öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli onunla bağlı maraqlı məlumat paylaşmışdı: “Buraxılmış parlamentin oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş "Avromed" şirkətinin faktiki sahibi, bir də üstəlik Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar.

2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir”.

Budur... Londonda oturan, öz biznesilə, dəbdəbəli həyatı ilə məşğul olan bir deputat, məsələn, Şəkinin Bideyiz kəndilə niyə maraqlanmalıdır axı?

Müsahibələrinin birində “"Porsche" nə vaxtdan bahalı maşın olub?” deyən millət vəkilini köhnə sovet maşınına benzin tökməyə pul tapmayan şəkilinin vəziyyəti maraqlandıra bilərmi?

Bu millət vəkililə bağlı qalmaqallı xəbərlərdən biri də “Quska” ləqəbli Hüseyn Abdullayevdən müğənni Gülyaz Məmmədova da daxil olmaqla, üç nəfərin adına dəyəri 10 milyonlarla ölçülən obyekt almasıdır.

Müğənni açıq şəkildə etiraf etdi ki, obyekti əslində qohumu C.Feyziyev alıb, lakin onun adına sənədləşdirib. Məqsəd də təbii ki, deputat olmasına rəğmən gəlirlərini, bizneslə məşğul olduğunu gizlətməkdir. Bu, dövləti, ictimaiyyəti aldatmaq deyilmi? Seçici dövləti aldadan millət vəkilinin hansı vədinə, sözünə inana bilər?

Bütün bunları və sadalamadığımız digər faktları nəzərə alanda şəkililərin bu deputatdan narazılığını başa düşməmək mümkün deyil. Və belə qənaətə gəlmək olur ki, əgər fevralın 9-da yenidən qutudan C.Feyziyevin adı çıxacaqsa, deməli yenə şəkililərin deputat sarıdan bəxti gətirməyəcək...

Cəlal MƏMMƏDOV 

AzPolitika.info


635x100

Şərhlər

Şəkili 2020-01-21 01:29:11

Boşöboş təriflər evinizi yıxıb.Bir Şəkinin 10 illərlə asfalt görməyən küçələrinə,Şəkidə işsizliyin səviyyəsinə,işsizlikdən şəkidən gedən gənclərin sayınadeputatın Şəki üçün hansı yardımı,iştirakı olub.Hələ Şəki iİcra hakimiyyətinin rolu bir yana.Feyziyev bir deputat kimi barmağını qatlayıb Şəkidə hansı işə yardım etdiyini,hansı müraciətə ciddi yanaaraq həll edilməsinə yrdım etdiyi hal olubmu? Yalandan nomenklatura xatirinə saytda tərif yazmaq və ya yazdırmaq ayıb deyilmi?.işləməyən və bağlanan müəssisələrə diqqət yetirin.Onda görərsiniz ki,bu

Mubariz 2020-01-20 17:56:30

Hörmətli azpolitika.info saytı! 115 saylı Şəki kənd 2-ci Seçki Dairəsindən növbəti dəfə Milli Məclisə öz namizədliyini irəli sürən Cavanşir Feyziyevlə bağlı 16.01.2020-ci il tarixdə saytınızda dərc etdiyiniz Şəkinin açılmayan “seçki bəxti” sərlövhəli məqaləni oxudum. Orada Siz Cavanşir Feyziyevlə bağlı bir çox məqamlara toxunursunuz və sonda qeyd edirsiniz ki, əgər fevralın 9-da yenə qutudan Cavanşir Feyziyevin adı çıxacaqsa, bu dəfə də şəkililərin deputat sarıdan bəxti gətirməyəcək. Madam ki, bu mövzuda yazmısınız, elə bilirəm ki, şəkililərin cavab haqqını da tanıyarsınız, bu yazını saytınızda yerləşdirərsiniz. Keçirəm birbaşa mətləbə və hər bir fikrimi çalışacağam normal məntiqlə əsaslandırmağa. Öncədən cavab olaraq bildirirəm ki, Şəkinin və şəkililərin bəxti gətirib ki, orada belə bir insan yetişib, oradan millət vəkili seçilib, Şəkini və şəkililəri ölkə parlamentində, ölkəni isə ən mötəbər beynəlxalq təşkilatlarda təmsil edir. Adam ən azından ali təhsilini qırx-qırx beş yaşlarında qiyabi formada almayıb. Gənc yaşlarında öz savadı ilə ali məktəbə daxil olub, yüksək səviyyədə ali təhsilini başa vurduqdan sonra öz işini qurub. Məntiq elmləri üzrə fəlsəfə doktorudur(doktorluq disertasiyasını da pulla yazdırmayıb, hər hansı bir doct-tanış da yazmayıb), bir neçə xarici dil bilir, iqtqsadiyyatı yüksək səviyyədə bilir, yüksək elm və intellekt sahibidir. Cəsarətlə deyə bilərəm ki, bütün bu parametrlər üzrə oradakı yüz iyirmi beş nəfərin içində onunla müqayisə ediləsi çox az sayda adam tapılar, Şəkidən millət vəkili seçilməyə isə onun qədər mənəvi haqqı olan ikinci bir adam yoxdur. Mən, bu adamın şəxsi işlərinə qarışmadan, bir millət vəkili kimi gördüyü işlərin hamısını sadalaya bilməyəcəyəm. Bu, bir yazıya yox, heç bir neçə kitaba yerləşən deyil. Məqalədə toxunduğunuz məqamlarla bağlı bəzi qeydləri etməyi özümə borc bilirəm. Bir və ya bir neçə Bideyzlinin Cavanşir Feyziyevdən xoşu gəlməyə bilər, bu da təbiidir. Amma ümumilikdə Cavanşir Feyziyev millət vəkili olduğu doqquz il ərzində hər zaman öz seçiciləri ilə təmasda olub. Şəkinin mərkəzində, hər kəsin rahatca tapa biləcəyi bir yerdə, Avropa otelinin birinci mərtəbəsində seçicilərlə görüşmək üçün qəbul otağı var və onun köməkçisi hər zaman onları qəbul edib, dinləyib mövcud problemləri Cavanşir Feyziyevə çatdırıb. Cavanşir müəllim özü də mütəmadi olaraq Şəkiyə gedib, istər özünün qəbul otağında, istərsə də ayrı-ayrı yerlərdə seçicilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, mümkün qədər kömək edib. Cavanşir Feyziyevi Şəkinin sosial problemləri ilə maraqlanmamaqda suçlayan hər kəsə kifayət edər ki, Salman Mümtaz küçəsində yerləşən möhtəşəm bir uşaq bağçasına nəzər salsın. Cavanşir Feyziyev onu hər halda biznes məqsədi ilə yaratmayıb. Nə qədər imkansız adamlara əl tutub, maddi yardım edib, neçə-neçə əməliyyata ehtiyacı olan xəstələrin bütün xərclərini özü çəkməklə şəfa tapmasına kömək edib. Maarifçiliyin inkişafında onun xidmətləri danılmazdır. Neçə-neçə alimlərin, yazıçıların, şairlərin yüzlərlə kitablarının işıq üzü görməsinə yardımçı olub. Bu adam gördüyü işləri reklam etdirməz və bunu etmək istəyənlərə də qadağa qoyar. Əminəm ki, mənim bu cavab yazım da onun heç də xoşuna gəlməyəcək. Amma bu yerdə susmaq da olmaz. “Qutudan Cavanşir Feyziyevin adının çıxması” ilə bağlı replikanıza cavab olaraq bildirirəm ki, əgər açıq səsvermə olsa, Cavanşir Feyziyev daha yüksək nəticə ilə qalib gələr. 2010-cu ilin parlament seçkilərində Cavanşir Feyziyev özü şəxsən camaatdan xahiş edirdi ki, hamı ona səs verməsin, qoy fərq çox da böyük alınmasın. Şəkinin xeyirində də, şərində də bu adam hər zaman şəkililərin yanında olub. Yağlı nitqlər söyləmək başqa şeydir, real iş görmək tamam başqa şeydir. Qısaca deyə bilərəm ki, bu gün Cavanşir Feyziyevin Şəkidən millət vəkili seçilməsi Cavanşir Feyziyevə yox, Şəkiyə və şəkililərə lazımdır.

İ.Mustafaoğlu 2020-01-18 15:26:37

Cavanşir Veyziyev dövlətini və xalqını qəlbən sevən Şəkinin dəyərli bir deputatı olub. Cavanşir müəllim hər daim öz seçicilərin qayğısına qalıb, kimsəsizlərə öz köməyini əsirgəməyib. Pullu təhsil alanların təhsil haqlarının ödənilməsinə və imkansız ailələrinin müalicə olunmasına hər daim köməklik göstərib. Bundan başqa deputat olduğu Dəhnə kəndində yolların təmir olunmasına, asfalt örtüyünün salınmasına, müasir tələblərə cavab verən Məktəb binasının və Şadlıq evinin tikilməsinə nail olub. Həqiqətəndə bütün deputatlar əhalinin problemləri ilə Cavanşir müəllim qədər maraqlanseydilər, heç vaxt rayonumuzda sosial narazılıqlar artmazdı... Uğurlar !!!!!!

Mubariz 2020-01-17 12:10:37

Tamamilə yanlış məlumatdır , Cavanşır müəllim kimi Şəkililərin qaydına qalan ,onların problemlərini həll edən ikinci bir şəkili deputat varsa adını yazın ,biz də tanıyaq.

QAXLI 2020-01-17 00:39:19

Qax da qonşusu Şəki kimi deputat sarıdan bəxti gətirmir.Deyilənlərə görə Tovuzlu falçı Fazil Qax camaatını cadu edib.20 il bir rayondan deputat olarmı? Özü də ki özləri səs çoxluğu ilə parlamentı buraxıblar.yəni ki parlamentın işi yarıtmazdır.Goranboy rayonundan olan Azər Kərimli Qaxda 20 ildir ki at oynadır.

Aydın 2020-01-16 23:37:42

Cavanşir müəllimi hörmətdən salan onun köməkçisi, şəxsi maraqlarını hər şeydən üstün tutan Akif Salamovdur. Cavanşir müəllim Akifdən köməkçi olmaz.... Akifin ictimaiət arasında hörməti olmayan adamdır..?

İsmayıl 2020-01-16 10:27:18

Haqsızlıq edirsiniz. Kaş ki, Şekinin ve ölkenin bütün deputatları yerli ehalinin problemleri ile Feyziyev qeder maraqlanaydı.

Son yazılar