SƏBAİLDƏ ƏSAS RƏQİBLƏRİN İLK “TOQQUŞMASI” – Hacıyevlə Arpadaraidən qarşılıqlı ittihamlar

29 saylı Səbail Seçki Dairəsindən qeydə alınmış deputatlığa namizədlər Bəxtiyar Hacıyevlə Nigar Arpadarai arasında “söz atışması” başlayıb.

“AzPolitika.info” xəbər verir ki, B.Hacıyevin rəqibinə debat çağırışı qarşı tərəfdən mənfi cavablandırılıb. Nigar Arpadarai yenisabah.az-a deyib ki, Bəxtiyar Hacıyevi rəqib hesab etmir və buna görə də onunla debata çıxmağa ehtiyac görmür. “Bəxtiyarı tanıyıram. Sosial mediada aktiv bir gəncdir. Amma mən onunla debata çıxmayacam. O səbəbdən ki, Bəxtiyarın ümumiyyətlə nə işlə məşğul olduğunu bilmirəm. Bəxtiyarın bu illər ərzində və ümumiyyətlə hansı layihəni həyata keçirdiyi haqqında da məlumatım yoxdur. Ola bilsin ki, hansısa layihəsi olub amma bu barədə nə mənim, nə də ki ictimaiyyətin xəbəri var.

Ona görə mən Bəxtiyarı ümumiyyətlə özümə rəqib hesab etmirəm. O səbəbdən də onunla debata çıxmağa heç bir ehtiyac görmürəm”, - deyə Nigar Arpadarai vurğulayıb.

Bəxtiyar Hacıyev “AzPolitika.info”-ya açıqlamasında rəqibinin ona müraciət tərzindən narazılığını ifadə edib: “Mən Nigar Arpadariyə "hörmətli Nigar xanım" kimi müraciət etmişəm, o isə "Bəxtiyar", "Bəxtiyarı tanımıram", "Bəxtiyarı özümə rəqib saymıram", "Bəxtiyar nə iş görüb ki?" deyir. Bu isə aradakı fərqi göstərir, Nigar xanımın yanaşmasının hakimiyyətin əvvəlki seçimləri, Hadı Rəcəblinin, Siyavuş Novruzovun yanaşmasından fərqli olmadığını göstərir.

İkincisi, Nigar xanımın çox fəxrlə danışdığı “Formula 1” qlobal brenddir. Dövlət büdcəsindən yüz milyonlar ayrılaraq, Azərbaycanda keçirilən qlobal brendin sıravi işçilərindən biri olmağı onun tək uğurudurmu? Yoxsa, “Formula 1” brendini öz layihəsi sayır?

Üçüncüsü, hörmətli Nigar xanımın Bəxtiyar Hacıyevi tanımadığını deməsi onun xalqdan, cəmiyyətdən nə qədər uzaq, isti kabinetlərdə, rahat həyat şəraitində, məhdud dost çevrəsindən kənarda baş verənlərdən xəbərsiz olduğunu bir daha göstərir. Cəmiyyət, ictimaiyyət, gənclik Bəxtiyar Hacıyevi də, onun təşəbbüslərini də, layihələrini də, uğurlarını da çox gözəl tanıyır və əslində Nigar xanımı debata dəvət etməklə, ona bir şans yaratmaq istəyirəm ki, cəmiyyət bir az da olsa, Nigar xanımı da tanısın”.

B.Hacıyev qeyd edib ki, rəqbinin debata gəlməsi vacibdir, çünki soruşacağı, seçicilərin soruşacağı suallar var: “Məsələn, Səbaildə doğulub, Səbaildə yaşayıb, Səbaildə işləməyi ilə fəxr edən Nigar xanım həm bir ana kimi, həm bir qadın kimi Səbail məktəbində, Səbail İcra Hakimiyyətinin, səhiyyənin, təhsilin, məhkəmələrin biabırçı durumunu ortaya qoyan Elina Hacıyeva intiharında səsini niyə çıxarmadı? Bütün cəmiyyət "Elina üçün susma" dedi, Nigar xanım bir profil fotosu dəyişdi və sonra susdu. İndi, necə "səsiniz olacam" deyir?”.

“AzPolitika.info”

635x100

Şərhlər

Seçici 2020-01-17 19:58:58

Bu xanım Formula-1-in mühasibi,reportyoru olduğu ekranlardan bəllidir.Bunun Millət Vəkili olaraq nə edəcəyi,nə bilityi,nə təcrübəsi var ki, onu nmizəd qeyd ediblər.

Son yazılar