"SƏHİYYƏNİN DÜZƏLMƏSİNİ İSTƏYƏNLƏR MƏNƏ SƏS VERSİNLƏR..." - "Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır!"

Müsahibimiz Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, Təhsil komitəsinin sədri, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən deputatlığa namizəd, hüquqşünas, professor Vüqar Qurban oğlu Məmmədovdur.

- Vüqar müəllim, Siz də 9 fevrala təyin edilən növbədənkənar seçkilərə qatıldınız. Millət vəkili olmaq istəməkdə məqsədiniz nədir? 

- Seçki prosesinə qatılmaq qərarına tələbələrimlə ünsiyyətdə gəlmişəm. ATU-nun məhkəmə təbabəti kafedrasının, BDU-nun hüquq fakültəsinin və Seçenov adına RF-nın Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru vəzifəsində çalışıram. Dərslərimizdə biz hüquq və səhiyyənin kəsişdiyi müstəvilərdə, insan sağlamlığının qorunması ilə bağlı bir çox məsələləri müzakirə edirik. Bu müzakirələrdə mövcud olan qanunlarda boşluqları və bu boşluqlardan irəli gələn problemləri də üzə çıxarırıq. Bir çox hallarda, həmin problemlərin dünya təcrübəsinə, beynəlxalq qanunvericilik təcrübəsinə istinadən asanlıqla aradan qaldırıla biləcəyini görəndə, başa düşürük ki, bu bilik və təcrübələr tək dərs zamanı yox, daha geniş şəkildə tətbiq olunmalıdır.

- Niyə məhz indi bu qərara gəldiniz?

- Bir neçə səbəbdən. Birincisi, hal-hazırda cəmiyyətimiz yeniliklər gözləyir. Bunu mən imzatoplama prosesində də müşahidə etdim. Son vaxtlar ölkə rəhbərliyinin apardığı islahatlar, kadr siyasətində yeniləşmə və istedadlı kadrların axtarılıb tapılması cəmiyyətdə böyük bir ümid yaradıb ki, həqiqətən bu Məclis seçkiləri demokratik, obyektiv şəkildə keçiriləcək ki, ən güclü, potensialı yüksək olan namizədlər səs toplayıb, qalib kimi üzə çıxacaqlar. İkincisi, ölkəmizdə bir çox sahələrdə böyük uğurlar baş versə də, əhalimizin əksəriyyəti səhiyyə sahəsində olan durumdan narazıdır, özü də hər iki tərəf - həm xəstə, həm də tibb işçiləri öz narazılıqlarını bildirirlər. İmkanı olan insanlar ən sadə müalicə və müayinə üçün Azərbaycandan kənara gedir. Azərbaycan səhiyyəsinə etibar itir, Azərbaycan həkiminin nüfuzu düşür, xəstə və tibb işçilərinin hüquqları pozulur. Bunlar məni tibbi hüquq sahəsinin bir mütəxəssisi kimi çox narahat edir. Bu sahədə çoxlu işlər görülməli, beynəlxalq təcrübədən istifadə edilməlidir. Yeni baxışlar lazımdır.

- Parlament əsasən qanunvericilik fəaliyyəti ilə məşğuldur. Bu işdə fəaliyyət göstərməyə özünüzü hazır hesab edirsinizmi?

- Çox doğru buyurdunuz. İşi!... Deputatlıq bir işdir, bunu bacarmaq lazım. Ümid edirəm ki, bacaracam. Ən azı səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi üçün lazımi bilik və təcrübələrə malikik. Ekoloji qanunvericilik, qida qanunvericiliyi də təkmilləşdirilməli və bu sahədə də ekspert kimi həm Azərbaycanda, həm də xaricdə bizi tanıyırlar. Parlament hakimiyyətin qanunverici qoludur, odur ki, hüquqşünas olmaq böyük üstünlükdür. Ancaq bəzi qanunları təkmil hazırlamaq üçün yalnız hüququ bilmək yetərli deyil. Məsələn, səhiyyə qanunvericiliyini hazırlamaq üçün...  

- Səhiyyə qanunvericiliyi üzrə kim işləyə bilər?

- Hesab edirəm ki, bu işləri görmək üçün tibbi bilməlisən, lakin həkim olmaq azdır. Hüquqşünas olmaq da yetərli deyil. Həkimin hüquqi baxışı yox, qanunvericilik nədir anlayışı yox, hüquqşünas da sahəni bilmir. Bunu mən tək ölkəmizdə yox, dünyanın bir çox yerlərində dərs deyərək birmənalı sübut etmişəm. 

Odur ki, Azərbaycanın bu sahədə aparıcı mütəxəssislərindən olaraq, dünyada, Avropa ölkələrində tibbi hüquq, səhiyyə qanunvericiliyi sahəsində bir beynəlxalq ekspert kimi qəbul edilərək, bu mənim vətəndaşlıq borcumdur ki, bilklərimi, təcrübəmi burada istifadə edim. Son söz seçicinindir. Lazım hesab edərsə, seçəcək. Səhiyyədə vəziyyətin düzəlməsini, bu sahədə xəstə və həkim hüquqlarının qorunmasını istəyənlər qoy mənə səs versinlər. 

Professor Vüqar Qurban oğlu Məmmədov haqqında: 

1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hüquq və tibb üzrə iki ali təhsili var, elmlər doktoru, professordur. Səhiyyə, korrupsiya ilə mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində qanunvericilik təkliflərinin müəllifidir.

Dünya Tibbi Hüquq Assosiyasiyasının Birinci vitse-prezidenti (ABŞ), Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti (Norveç), YUNESKO-nun (Fransa) və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (Niderland) eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatlarının üzvüdür. Mütəmadi olaraq mühazirələr oxumaq üçün ABŞ, Çin, Rusiya, İndoneziya, Pakistan, Türkiyə, Litva, Ukrayna və s. ölkələrin universitetlərinə və peşə qurumlarına dəvət olunur. 

1997-2016-cı illərdə BMT proqramlarının, beynəlxalq təşkilatların Azərbaycan nümayəndəliklərinin rəhbəri, İTV və AzTV-də səhiyyəyə aid həftəlik verilişlərin müəllifi və aparıcısı, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru, “Milan Ekspo 2015” Dünya Sərgisində Azərbaycan pavilyonunun tematik konsepsiyasının müəllifi, məzmun üzrə işçi qrupun rəhbəri, Baş komissarın müavini işləmişdir. Azərbaycanda keçirilən ilk dünya elmi konqresin - 23-cü Dünya Tibbi Hüquq Konqresinin (2017-ci il) təşkilat komitəsinin sədri və proqram rəhbəri olmuşdur.

Hal-hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professorudur.

Professor Vüqar Qurban oğlu Məmmədovun seçki platformasının əsas tezisləri

- İNSANI YAŞAT Kİ, DÖVLƏT YAŞASIN! İNSANI YÜKSƏLT Kİ, DÖVLƏT YÜKSƏLSİN!

Əziz Seçicim!

Vətənini, Torpağını, Millətini sevən, illərlə ölkəsini dünyada təmsil edən bir azərbaycanlı olaraq, qazandığım bilik və təcrübəyə söykənərək, bir hüquqşünas, həkim, müəllim, elm adamı kimi məni yetişdirən Xalqıma - Sizlərə növbəti 5 ildə xidmət göstərib səsinizi, iradənizi ölkəmizin əsas hakimiyyət orqanlarından biri olan parlamentdə ifadə etmək, doğma Azərbaycanın rifahı naminə çalışmaq üçün 2020-ci il 9 fevralda keçiriləcək Milli Məclis seçkilərində iştirakımla bağlı qısa seçkiqabağı platformamı təqdim edirəm: 

- Şəhidlər Ölməz, Vətən Bölünməz! Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır!

Xalqımız daha firavan həyata layiq olduğu üçün ölkəmizdə kasıb, işsiz, qaçqın, evsiz, ehtiyac içində çabalayan insanların olmamasına çalışmaq lazımdır. Azərbaycanın sərvətləri xalqa məxsus olmalıdır! Vətəndaşlarımızın maraqlarını ifadə edən parlament ölkə büdcəsinə yaxından nəzarət etməli, korrupsiyaya qarşı milli qanunvericilik kağızda qalmamalı, həqiqətdə işləməlidir! Məmurlar öz gəlirlərini bəyan etməlidir! 

- Hüquqi dövlətin əsas prinsiplərindən biri olan məhkəmələrin müstəqilliyinə nail olunmalı, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi təmin edilməlidir!

İnsan kapitalı – dövlətmizin əsas sərvətidir! Kadr siyasətində klan-yerlibazlıq-qohumluq əlaqələri yox, bilik, təcrübə və peşəkarlıq əsas rol oynamalıdır! 

Çünki:

- Səhv düşəndə yerimiz

– Bəla olur işimiz!

Ölkənin gələcəyi – sağlam və təhsilli millətdir! Ekologiya, qida, səhiyyə qanunvericiliyi yenidən işlənilməlidir. Vətəndaşlarımız üçün dövlət səhiyyə sektorunda xidmətlər pulsuz, zəruri keyfiyyətli müalicələr əlçatan olmalıdır! Səhiyyə qanunvericiliyi səhiyyə təşkilatlarının maraqlarını deyil, əhalinin maraqlarını müdafiə etməlidir!

Bu sahədə insan hüquqlarının daha səmərəli qorunması üçün köhnəlmiş doktrinlər yenilənməli, boşluqlar doldurulmalıdır. Həkimin əsas hüququ –layiqli maddi təminat, pasiyentin əsas hüququ – sağlamlığının qorunmasıdır!

Milli təhsilin inkişafına qanunvericilik yolu ilə dəstək verilməlidir. Elm və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə bu sahənin mütəxəssislərinin maddi təminatı yaxşılaşdırılmalıdır! 

Övladlarımız yaxşı məktəblərdə oxumalı, aldıqları təhsil və biliklərə uyğun işlə təmin olunmalıdırlar!

Seçiləcəyim halda qeyd olunan istiqamətlər üzrə ölkə rəhbərliyinin apardığı islahatlara dəstək verərək, beynəlxalq arenada Azərbaycanın daha da güclü olması, nüfuzunun artması naminə çalışacağam. 

Yalnız seçkidən seçkiyə deyil, 5 il ərzində daim Sizin hüquqlarınızı qorumağa, hər bir seçicimin probleminin qanuni həlli və ədalətin bərpası üçün əlimdən gələni edəcəyimə söz verirəm.

VÜQARA İNAN! 9 FEVRALDA ONA SƏS VERİB ÖZ HAQQINI QAZAN!

Əlaqə telefonu: 055 450 54 04 / 050 988 99 23

635x100

Şərhlər

Oqtay 2020-01-19 14:32:20

Bu sahədə insan hüquqlarının daha səmərəli qorunması üçün köhnəlmiş doktrinlər yenilənməli, boşluqlar doldurulmalıdır. Həkimin əsas hüququ –layiqli maddi təminat, pasiyentin əsas hüququ – sağlamlığının qorunmasıdır Bəs bunu bu günə kimi niyə etmirdin...

Sadiq 2020-01-19 13:14:00

Səhiyyə üzrə deputatlara ehtiyac var...

Pasientlərdən Sizə 2020-01-19 05:56:03

SSRİ cüzi faizlə Tibbi, Sanator-Kurortu, İdmanı artıqaması ilə ödəyirdi?

TofiqYusifov 2020-01-19 01:17:30

Biz Sizə ürəkdən inanırıq, Vüqar müəllim!

Həkim Cəfərov 2020-01-18 18:08:56

Sıhiyyənin sahibləri var.Kimdi başqasını yaxın buraxan....

Şüarlar 2020-01-18 16:45:28

vəzifə və "güc" toplayan çox, Qarabağa gedən yox!

Tofiq Həsənov 2020-01-18 14:36:58

Sizə uğurlar arzu edirəm

AQAYEV 2020-01-18 12:06:22

Xəstəxanalar düzələn deyil.Əgər baş həkim yerində olan birisi olsaydı belə hadisələr baş verməzdi.Bunların baş verməsinə səbəb VÜŞVƏTDİR. BU RÜŞVƏTİN ƏLAQƏDAR ORQANLAR ARASINDA BÖLÜŞMƏSİDİR.Odur ört-basdır edirlər.Əsas günahkar O ŞİRƏLİYEVDİR.O MÜALİCƏYƏ XARİCƏ GEDİR

Son yazılar