“Aslanovun dairəsi”ndə vəziyyət necədir? – 86 saylı İsmayıllı dairəsində rəqabətsiz seçki...

Seçicilərin əhəmiyyətli qisminin Milli Məclisin buraxılmasına səs verməsinə baxmayaraq, yenidən öz namizədliyini irəli sürən millət vəkillərinə münasibətinin birmənalı olmadığı şübhəsizdir. Bu məsələdə YAP siyahısı üzrə hakim partiya tərəfindən namizədlikləri verilən deputatları hardasa başa düşmək olar. Onlar ən azından partiyanın iradəsinə qarşı getmədiklərini bəhanə gətirərək, seçkidə iştiraka “razılıq verdiklərini” deyə bilərlər.

Ancaq 5-ci çağırış parlamentin buraxılmasına səs verərək, dolayısı ilə olsa da bu heyətin və deməli həm də özlərinin ölkədəki islahatlara uyğunlaşmadığını etiraf edən müstəqil deputatların yenidən seçkiyə qatılmasını əksər seçicilər birmənalı qarşılamır. Lakin hər halda həmin deputatların öz addımlarına dair hansısa izahları var və yəqin ki, bununla bağlı fikirlərini seçicilərilə bölüşəcəklər...

Ötən saylarımızda təkrar namizədliklərini verən deputatların bir neçəsi barədə məlumatlar və şərhlər vermişik. Bunun davamı olaraq qeyd edək ki, diqqəti cəlb edən namizədlərdən biri də 86 saylı İsmayıllı Seçki Dairəsindən artıq 4-cü dəfə namizədliyini irəli sürən Novruz Aslanovdur. İstefaya gedən parlamentin 39 bitərəf deputatından biri olan N.Aslanov həm də bəstəkar və 1999-cu ildən, yəni 20 ildir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. 2005-ci ildən etibarən İsmayıllının deputatı olan N.Aslanov növbəti dəfə seçiləcəyi təqdirdə həm də az qala 20 il bu rayonu parlamentdə təmsil etmiş olacaq.

Qeyd edək ki, xüsusilə də YAP tərəfindən parlamentdə 15-20 il ardıcıl deputat qismində təmsil olunmuş şəxslərin əhəmiyyətli bir qisminin namizədliyi təkrarən verilməyib...

86 saylı dairəni nəzərdən keçirdikdə, N.Aslanovu çıxmaq şərtilə, böyük ölçüdə ölkə miqyasında tanınan hər hansı namizədi görmək olmur. Əlbəttə ki, N.Aslanovun özünün də həddindən artıq fəal və hər kəsin tanıdığı bir şəxs olduğunu söyləmək çətindir. Ancaq bununla yanaşı, birmənalı şəkildə digər namizədlərin bu seçkidə şansının artıq 3 dəfə rayonun deputatı olmuş N.Aslanovla müqayisədə daha az olduğunu iddia etmək də doğru olmaz. Yəqin ki, onların arasında ölkə miqyasında olmasa da, rayonun özündə kifayət qədər tanınan və Aslanovla mübarizə apara biləcək namizədlər var.

Təbii ki, burada hər şey seçkinin nə dərəcədə obyektiv, şəffaf keçirilməsinə bağlıdır. Məsələn, elə 2015-ci ildə keçirilən parlament seçkilərində N.Aslanovun seçildiyi dairə üzrə çoxsaylı saxtakarlıqlara yol verildiyinə dair iddialar, müşahidəçilərin açıqlamaları və videogörüntülər yayılmışdı.

N.Aslanovun deputat kimi fəaliyyətinə gəlincə isə, onu nə passiv, nə də həddindən artıq aktiv deputat kimi xarakterizə etmək olmaz. Onun seçicilərlə kifayət qədər tez-tez görüşlər keçirdiyinə, bir çox problemlərinin həllinə nail olduğuna dair məlumatlar heç də az deyil. Lakin bununla yanaşı 2013-cü ildə baş verən “İsmayıllı hadisələri” fonunda onun icra başçısı Nizami Ələkbərovla yaxınlığı, eləcə də bu hadisədə adı hallanan başçının oğlu və digər qohumlarıyla bağlı söylədiyi fikirlər müzakirələrə səbəb olmuşdu.

86 saylı İsmayıllı Seçki Dairəsində seçki necə keçəcək, maraqlı mübarizə olacaqmı, bunu demək çətindir. 

“AzPolitika”

635x100

Şərhlər

Şahin 2020-01-18 21:12:46

İnsan özü-özünə hörmət etməyi anlamırsa,partiya sözü iıə deputat olursa,ondan xalqa nə fayda ola bilər?Elə partiyanı da onlar bərbad günə salıblar.Hansını tərpədirsən Hadı kimi obyektlər,villalar.ticarət.monopoliya..Belə insanları namizəd göstərən YAP nə etdiyini düşünə bilirmi? İnsanlar bunu çox gözəl anlayır.a

Son yazılar