“Qarabağ” dünya reytinqində 80-ci, “Neftçi” 217-ci yerə yüksəlib

Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.

Cədvəldə Azərbaycan iki klubla təmsil olunub. Ölkəmizin ən yaxşı komandası “Qarabağ”dır.

Son ölkə çempionu 144 xalla dünyanın 80-ci komandasıdır. Ötən il 137-ci olan Qurban Qurbanovun yetirmələri 57 pilləlik sıçrayışa nail olub. Ağdam klubu Türkiyə çempionu “Qalatasaray”ı da qabaqlayır. İstanbullular 124 xalla 110-cu yerə şərikdir. Təmsilçimiz “Vilyarreal” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Bazel” (İsveçrə), “Feyenoord” (Niderland), “Torino” (İtaliya), “Partizan” (Serbiya), “Zenit” (Rusiya) kimi tanınmış klubları arxada qoyub.

Azərbaycanın ən titullu klubu “Neftçi” isə daha böyük irəliləyişə nail olub. Bakılılar 90 xalla 217-ci yerə şərikdir. “Ağ-qaralar” “Real-Sosyedad” (İspaniya), “Kukuta” (Kolumbiya), “Daequ” (Cənubi Koreya) və “Hayduk” (Xorvatiya) komandaları ilə eyni göstəriciyə malikdir. Ötən il 459-cu olan “Neftçi” nə az, nə çox 242 pilləlik sıçrayışa imza atıb.

Dünyanın ən yaxşı klubu isə İngiltərə təmsilçisi “Liverpul”dur. Çempionlar Liqasının qalibi olan Yurgen Kloppun komandasının 316 xalı var. “Barselona” (İspaniya) 293 xalla 2-ci, “Mançester Siti” (İngiltərə) 284 xalla 3-cüdür.

Qeyd edək ki, qonşu Türkiyənin təmsilçilərindən “Qalatasaray” (124 xal)110-cu, “Trabzonspor” (114,5 xal) 132-ci, “Başakşəhər” (112,5 xal) 137-ci, “Yeni Malatyaspor” (88,5 xal) 224-cü, “Beşiktaş” (84 xal) 237-ci, “Fənərbaxça” (78 xal) 266-cı yerdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar