YENƏ NEFTDƏN ASILILIQ VƏ DEVALVASİYA TƏHLÜKƏSİ... - "Fitch" agentliyi Azərbaycan iqtisadiyyatı barədə

Bütün dünyanın hesablaşdığı "Fitch" beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan iqtisadiyyatının başlıca xarakteristikası onun karbohidrogen ehtiyatlarından asılılığının qalmasıdır.

“AzPolitika.info” xəbər verir ki, agentlik Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

“Fitch” Azərbaycanla bağlı 2019-cu ilin yekunlarına aid açıqlamasında bildirir ki, ölkəmizdə idarəetmə göstəriciləri və bank sektoru zəifdir. Bununla yanaşı qeyd edilir ki, ötən il ölkə neft-qaz sahəsindən çox asılı olub. Həmçinin, xüsusi olaraq vurğulanır ki, 2020-ci ildə neft hasilatının artımı yavaşıyacaq.

Ancaq bütün bunlarla bərabər təşkilatın Azərbaycanla bağlı reytinq üzrə proqnozu sabitdır. Açıqlamada o da bildirilir ki, “Şahdəniz-2” yatağından yeni qaz hasilatı və Avropaya ixracı növbəti illərdə böyük karbohidrogen gəlirlərini təmin edəcək.

Eləcə də qeyd olunur ki, Azərbaycanın dövlət borcu xeyli dərəcədə aşağı olub və müsbət mənada güclü xarici ticarət balansı mövcuddur.

Lakin “Fitch”-in açıqlamasından görünür ki, təbii ehtiyatlardan asılılıq ölkənin iqtisadi və maliyyə dayaqlarına təhlükə törətməkdə davam edir. Təşkilat bildirir ki, ötən il Azərbaycandakı iqtisadi artım əsasən neftin orta hesabla 65 ABŞ dolları olan qiyməti və artan qaz hasilatı hesabına əldə edilib.

Bu isə ölkə iqtisadiyyatının və milli valyutanın dayanıqlığı ilə bağlı narahatlıq yarada bilən amildir. Agentlik bildirir ki, ölkə iqtisadiyyatı neftin qiymət şoklarına qarşı yüksək dərəcədə həssasdır. Çünki əmtəə ixracı cari hesab daxilolmalarının 67 faizini təşkil edir.


Hesabatda qeyd olunur ki, neft qiymətlərinin dəyişkənliyinə baxmayaraq, dolların məzənnəsi 2017-ci ilin aprel ayından etibarən 1,7 manat səviyyəsində saxlanılır.

Lakin dünya bazarında neftin qiymətində hansısa şok effektli dəyişiklik olcağı təqdirdə, yəni kəskin ucuzlaşma olacağı halda milli valyutanın devalvasiyaya uğraması təhlükəsi yaranacaq. Təşkilatın fikrincə, qiymət şoku olacağı təqdirdə, hökumətin valyutanın amortizator kimi fəaliyyət göstərməsinə icazə verəcəyi (yəni manatın yeni devalvasiyasına icazə verilib-verilməyəcəyi) barədədə suallar yaranacaq.

“Fitch” qeyd edir ki, hazırda Azərbaycanın maliyyə profisiti ÜDM-in 6% qədər olsa da, növbəti ildə bu göstəricinin azalacağı proqnozlaşdırılır. Belə ki, neftin gözlənilən aşağı qiymətləri (2020-ci ildə 62.5 dollar və 2021-ci ildə 60 dollar) maliyyə profisitinin cari ildə ÜDM-in 4,4 faizinə və 2021-ci ildə 4,2 faizə enməsinə səbəb ola bilər.

Təşkilat həmçinin Azərbaycanın siyasi sistemindəki son düzəlişlərə, yəni islahatlara da toxunub və qeyd edib ki, bu dəyişikliklər ölkənin maliyyə göstəricilərinə və etibarlılığına müsbət təsir edə bilər.

AzPolitika.info

635x100

Şərhlər

sual 2020-01-22 17:20:34

Beynəlxalq qurumlar tərəfindən ölkənin neft sektorundan asılılğı artıq 20 ilə yaxındır ki, deyilir; səbəbləri də mahiyyət etibarı ilə dəyişməz olaraq, eyni göstərilir......sitat:“Fitch” Azərbaycanla bağlı 2019-cu ilin yekunlarına aid açıqlamasında bildirir ki, ölkəmizdə idarəetmə göstəriciləri və bank sektoru zəifdir”.....lakin əsas sual bu istiqamətdə sonrakı addımlar və onların qiymətləndirilməsidir, yəni, idarəetmədə hansı dəyişikliklərin (təkcə kadrlardan söhbət getmir) edilməsi zəruridir ki, bu dəyişikliklər göstərilən istiqamətdə müsbət nəticələrin əldə olunmasına imkan versin və əgər bu nəticələr əldə olunmayıbsa bu halda niyə, məsuliyyət kimindir, o cümlədən itirilən dövlət vəsaitləri üzrə cavabdehliyi kim daşıyır... məsələn, hal-hazırda mərkəzi bankın funksiyaları genişlənir və belə görünürki, bank meqa-requlyator statusu alacaq/almalıdır. Lakin qeyri-müəyyənliklər qalmaqda davam edir və idarəetmədəki bu qeyri müəyyənlik iqtisadi inkişafda müsbət dəyşikliklərlə nəticələnə bilməz. 2014-2016-cı maliyyə böhranı illəri mərkəzi bankın Maliyyə nazirliyindən az qala funksional asılılığı ekzotik ölkələrdə mövcud olan idarəetmə strukturunu xatırladırdı – bu ölkələrdə mərkəzi bankın fəaliyyəti ölkə hökuməti tərəfindən maliyyələşdirilir və nəzarət olunur. Bu qisimdən olan sualların həlli isə iqtisadiyyatın inkişafı üçün prinsipial əhəmiyyətlidir

Son yazılar