Şəmkiri Qurbanovun namizədi təmsil edəcək? – 99 saylı dairəni favoriti yoxdur...

Növbədənkənar parlament seçkisindən sonra yeni deputatla təmsil olunacaq dairələrdən biri də 99 saylı Şəmkir Seçki Dairəsidir.

“AzPolitika.info” xəbər verir ki, bu dairədə namizədlərin sayı 12 nəfər olsa da, onların arasında ölkə miqyasında tanınan və şəksiz favorit sayılacaq namizəd yoxdur.

Bundan öncəki tərkibdə Sona Əliyevanın təmsil etdiyi dairənin 6-cı çağırış Milli Məclisdə deputatının kim olacağı barədə, hələ ki, birmənalı fikir söyləmək çətindir. Lakin namizədlərə nəzər yetirdikdə, 12 nəfərdən daha çox ikisi diqqəti cəlb edir. Bunlardan biri YAP-ın namizədi olan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi Nurlan Həsənovdur. Lakin rayondakı mənbələr onun əhali arasında o qədər də tanınmadığını bildirirlər. YAP-ın da öz resurslarından istifadə edərək, bu namizədlə bağlı böyük və təsirli kampaniya aparması hələ ki, müşahidə edilmir.

Sözügedən dairədəki namizədlər arasında 3 qadın var. Onlardan biri və siyahıda adı birinci qeyd ediləni Vəsilə Abulovadır. İlk baxışdan bu ad heç nədən xəbər verməyə bilər. Bu xanım namizəd “Azərbaycan Dəmir Yolları” QSC-də Maliyyə və İqtisadiyyat İdarəsinin rəis müavinidir. Lakin mətbuatda V.Abulovanın “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun namizədi olduğuna dair məlumatlar yayılıb. İddia olunur ki, V.Abulovanın namizədliyinin irəli sürülməsi C.Qurbanovun təşəbbüsü ilə baş verib və bu dairədən məhz onun seçiləcəyi ehtimal olunur.

Beləlikə də, C.Qurbanov özü parlament seçkilərində namizədliyini irəli sürməsə də, Milli Məclisdə ona yaxın deputatın və hətta 2 deputatın təmsil olunmasına çalışır. Qeyd olunur ki, onun digər namizədi isə 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Aqil Məmmədovdur. Kəlbəcərin icra başçısı olan A.Məmmədovun həm də C.Qurbanovun yaxın qohumu olduğuna dair məlumatlar var.

Vəsilə Abulovaya gəlincə isə, onun indiyə kimi hansısa ictimai-siyasi fəaliyyətlə məşğul olduğuna dair hər hansı məlumata rast gəlmədik. Əvəzində, mətbuatda guya bu xanım namizədin Cavid Qurbanova aid olduğu iddia edilən “TOPAZ”-ın maliyyə işlərinə nəzarət etdiyinə dair məlumatlara rast gəlinir. Həmçinin, onun özünə aid biznesə və geniş maliyyə imkanlarına malik olduğuna dair də iddialar var.

Hər halda, cəmi bir həftə əvvəl start götürən seçki kampaniyasının gedişində və xüsusilə də seçki günü hansı namizədin əsl favorit olduğu daha dəqiq məlum olacaq.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar