Bu il AÇG-dən 187 mln. barel neft hasilatı proqnozlaşdırılır

2020-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə 186,7 mln. barel neft hasilatı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Palatanın ARDNF-in 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə bildirilir.

Bu isə 2019-cu ilin proqnozundan (197,1 mln. barel) 10,4 mln. barel azdır.

Bildirilib ki, əməliyyat şirkətlərinin məlumatına görə, AÇG yatağı üzrə 2020-ci ildə 2019-cu ilə nisbətən hasilatın aşağı düşməsi yatağın 66%-ni təşkil edən “Azəri” reservuarında aşağı əsas səviyyə ilə birlikdə qaz-neft əmsalının daha dik enişi və Balaxanı 8 quyularında əsas tempin düşməsi, habelə 2020-ci il üzrə planlaşdırılan qazılmalı olan yeni quyuların sayının 18-dən 15-ə endirilməsi ilə izah edilir.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına görə, AÇG bloku üzrə 2019-cu ildə neft hasilatının həcmi 26,237 mln. ton təşkil edib. Bu isə 2018-ci ilin göstəricisindən 2 498,7 min ton və yaxud 8,7% azdır.

Xatırladaq ki, ilkin olaraq AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb. İlk neft 7 noyabr 1997-ci il tarixində “Çıraq” yatağından hasil edilib.

AÇG yatağında hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan “Mərkəzi-Şərqi Azəri” layihəsi hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cu ildə hasil olunacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar