PƏRƏN-PƏRƏN OLMUŞ SEÇİCİLƏR – MSK, icra qurumları, partiyalar niyə susurlar?

Mərkəzi Seçki Komissiyasının internet saytında seçici siyahıları yerləşdirilib. Hər bir seçici saytda müvafiq bölməyə daxil olmaqla adının siyahıda olub-olmadığını yoxlaya bilər. Həmin bölmədə yerləşdirilən interaktiv sorğuda seçicilərdən adlarını siyahıda tapıb-tapmadıqları soruşulur. Bu günə olan nəticəyə görə, sorğuda iştirak edənlərin 66, 52 faizi adlarını tapdığını, 15.10 faizi tapmadığını, 18.38 faizi isə yoxlamadığını göstərib.

Rəqəmlərdən göründüyü kimi, adlarını siyahıda tapmayanların sayı kifayət qədər yüksəkdir. Bu fakt Mərkəzi Seçki Komissiyasını narahat edirmi? Seçkiqabağı siyahılar dəqiqləşdirilərkən, qeyd olunan problemin aradan qaldırılması üçün hansı işlər görülür?

Seçki prosesi dövründə seçici siyahıları ilə bağlı problem daim aktual olub. Sosial şəbəkədə yüzlərlə vətəndaş adlarının siyahıda olmadığı, yaxud dünyasını dəyişmiş yaxınlarının adlarının çıxarılmadığını göstəriblər.

Doğrudur, MSK-nın saytında adlarını siyahıda tapa bilməyənlərin onlayn müraciəti üçün imkanlar yaradılıb. Amma bu, heç də problemin həlli demək deyil. Nəzərə alsaq ki, seçicilərin böyük əksəriyyəti, ümumiyyətlə MSK-nın saytına bir dəfə də olsun daxil olmayıb, o zaman vəziyyətin mürəkkəbliyini aydın təsəvvür etmək mümkündür.

İnternetə yerləşdirilən siyahılarda bir neçə diqqət çəkən məqam var. Əvvala, uzun illər ölkədə yaşamayan, yaxud qeydiyyatda olduğu yerdə yaşamayan vətəndaşların adları siyahıdan çıxarılmayıb. MSK yerli icra qurumları ilə dəqiqləşdirmə aparmaqla, habelə ötən səsvermələrdə onların iştirakını araşdırmaqla seçicilərin aktiv seçki hüququndan istifadə edib-etmədiklərini müəyyənləşdirə bilər.

Bakı ətrafında salınan yeni yaşayış massivlərində məskunlaşan, qeydiyyatsız olan yüzminlərlə vətəndaş var. Onların əksəriyyəti rayon qeydiyyatlarında olduğuna görə yaşadıqları ərazidə səs verə bilmirlər. İcra və seçki qurumları da uzun illərdir davam edən bu problemi həll etmək üçün tədbirlər görmür. Çünki problem əmlakın dövlət qeydiyyatından başlayır ki, bu da olduqca mürəkkəb məsələdir. Bir neçə il əvvəl yaradılan Dövlət Komissiyasının hansı işlər gördüyü məlum deyil. Ümumi şəkildə bildirilib ki, Bakıda sənədsiz evlər qalmayacaq.

MSK-nın belə ərazilərdə və KİV-lərdə geniş təbliğat aparmaq imkanları var. Vətəndaşlar seçici kimi qeydiyyatda olduqları məntəqələrdən çıxıb yaşadıqları ərazilərdəkı MnSK-larda müvəqqəti qeydiyyata düşməklə seçkilərdə iştirak edə bilərlər. Amma seçki qurumu bu vacib məsələyə diqqət ayırmağa lüzum görmür. Eləcə də seçkidə iştirak edən partiyalar, müstəqil namizədlər də bu məsələni qaldırmır, vətəndaşlara aktiv seçki hüququndan yararlanmağı təşviq etmirlər.

Nəticədə ortaya üzləşdiyimiz mənzərə çıxıb. Onu da nəzərə alaq ki, rəsmi məlumatlara görə, Azərbaycanda əhalinin əhəmiyyətli hissəsinin səsvermə hüququ yoxdur. DSK-nın məlumatına görə, ölkədə 10 milyondan artıq vətəndaş var, onların 2.7 milyonu 18 yaşa çatmayan uşaqlardır. MSK-nın saytında isə ölkə üzrə seçici sayının 5.2 milyon nəfər olduğu göstərilib. Bu günə qədər aydınlıq gətirilmir ki, 2 milyondan artıq vətəndaşın seçki hüququ niyə yoxdur.

Yuxarıda təsvir olunan problem isə MSK-nın qeydiyyatında olan seçicilərlə bağlıdır. Məlum olur ki, hətta seçici siyahılarına adları yazılanların azı üçdə biri prosesdə məlum səbəblərdən iştirak etmir. Dövlət qurumları bu məsələyə skeptik yanaşsalar da, çox ciddi problemdir. Əhalinin statistikası ilə bağlı rəqəmlər biri-birini təkzib edirsə, iqtisadi planlaşdırmalar və s. dövlət layihələri hansı rəqəmlər əsasında müəyyənləşdirilir?

Xatırladaq ki, ötən ilin oktyabr ayının birinci ongünlüyündə Azərbaycanda əhalinin siyahıya alınması həyata keçirilib. Büdcədən bu məqsədlə 21 milyon manat vəsait ayrılıb. Siyahıya almanı icra hakimiyyətləri başçılarının müavinlərinin rəhbərlik etdiyi komissiyalar həyata keçirib. Büdcə vəsaitləri də həmin komissiyaların hesablarına köçürülüb. Prosesin həyata keçirildiyi 10 gün ərzində sosial şəbəkələrdə, mediada aparılan sorğular göstərdi ki, siyahıyaalma tamamilə formal olub. Tək-tük vətəndaşın qapsını döyüb adlarını yazıblar. Problemin əsas mənbəyi budur. Bütün cəmiyyətin gözü qarşısında bu saxtakarlığa yol verilirsə, seçici siyahılarının necə tərtib olunması barədə suallara lüzum qalmır...

Elçin Rüstəmli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar