“Bu ölkələrdən Azərbaycana quş vəbası yayıla bilər” – İş adamı həyəcan təbili çaldı

Avropa Komissiyası Ukraynadan quş əti və məhsullarının idxalına müvəqqəti qadağa qoyub.

Müsavat.com xəbər verir ki, Ukrayna Dövlət İstehlak Xidmətləri Mətbuat xidməti bunu etiraf edib.

Ukrayna Dövlət İstehlak Xidmətləri onu da bildirib ki, beynəlxalq öhdəliklərə uyğun olaraq, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) üzvü kimi, beynəlxalq ticarət ortaqlara quş qripi xəstəliyi ilə əlaqədar məlumat verib.

Bəs, Ukraynada qeydə alınan quş qripi Azərbaycan istehlakçıları və istehsalçıları üçün hər hansı təhlükə yaradırmı?

Sualımızı cavablandıran “Xəmsə” MMC-nin direktoru, tanınmış iş adamı Mürvət Həsənlinin sözlərinə görə, belə bir təhlükə həqiqətən var: “Biz quş əti istehsalçıları olaraq müxtəlif zamanlarda Azərbaycan hökuməti qarşısında idxal toyuq əti və yumurtasına əlavə gömrük rüsumu qoyulması məsələsini qaldırmışdıq. İddia etmişdik ki, xarici şirkətlərin dempinq siyasətinin quşçuluq sektoruna vuracağı zərərin qarşısını almaq üçün 1 kiloqram quş ətinə 1 dollar, bir yumurtaya isə 10 sent rüsum qoyulsun. Nazirlər Kabineti bu arqumentimizi haqlı görərək, quş əti və yumurtasına əlavə gömrük rüsumu tətbiq etmişdi. 2018-ci ildən idxal damazlıq yumurtaya da eyni rüsum tətbiq olundu. Bu il verilən möhlət başa çatdığı üçün 2019-cu ildə həmin qərar daha iki il uzaldıldı. Halbuki, bizim fikrimizcə, yerli iş adamlarımızın investisiya imkanlarının artırılması üçün bu müddət ən azı 5 il artırılmalı idi. Buna baxmayaraq, Nazirlər Kabinetinin bu qərarı da yerli iş adamlarımızın maraqlarını nəzərə alır, xarici broyler şirkətlərinin dompinq siyasətinin mənfi nəticələrini aradan qaldırır və buna görə də təqdirə layiqdir”.

Di gəl ki, Azərbaycanda bəzi işbazların hələ də hansısa yolla ölkəyə maya dəyərindən aşağı qiymətə quş əti məhsulları gətirdiyini qeyd edən iş adamı bunun yalnız bir səbəblə izahının mümkün olacağını düşünür: “Görünür, onlar xaricdən həmin məhsulları dəyər-dəyməzinə alırlar. Bu da onu göstərir ki, həmin məhsullar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına cavab vermir. Belə çıxır ki, Avropa Komissiyasının qadağa qoyduğu məhsullar Azərbaycan kimi ölkələrə satılır”.

İş adamı idxal quş əti ticarətilə məşğul olanların qanunların gözündən yayınmalarının bir sirrinin də üstün açdı. Onun sözlərinə görə, Nazirlər Kabinetinin məlum qərarında yalnız quş əti və yumurtası nəzərdə tutulub: “Bəzi broyler şirkətləri isə qərardakı bu boşluqdan yararlanaraq, ölkəyə cücə gətirirlər. Beləcə, əlavə gömrük rüsumundan yayına bilər. Halbuki, quş vəbası və ya qripinin canlı olan cücələrdən daha rahat yayılma imkanı var. Üstəlik, bu cücələr Azərbaycanın yerli istehsalı olan quşları da tamamilə məhv edə bilər”.

Mürvət Həsənliyə görə, quş qripi təkcə Ukraynada yayılmayıb: “Bilirsiniz ki, Polşa, Türkiyə və İran da Ukraynadan keçən yabani quş köçüylə eyni marşrutda yerləşir: “Quş qripi isə əsasən yabani quşlardan yayılır. Elədirsə, həmin quş köçlərində yer alan xəstə heyvanlar, Polşa, Türkiyə və İran broyler şirkətlərindəki quşlara da eyni xəstəlikləri yoluxdura bilərlər.”

İş adamı Ukraynada yayılan xəstəliyin quş qripindən daha təhlükəli olduğunu vurğulayaraq deyib: “Bu günlərdə Ukraynada aşkar edilən virus İnfluenza Avian H5N1 virusudur. Adına toyuq vəbası deyilən bu xəstəliyin sağalma müddəti də uzundur. Toyuq vəbası virusu ümumiyyətlə insandan insana yoluxmadığı üçün bu virusa qarşı immunitetimiz ümumiyyətlə formalaşmayıb. Virusun inkubasiya müddəti 17 günə qədər uzana bilər. Yüksək tempratur, öskürək, boğaz ağrısı, göz döküntüsü və əzələ ağrısı ilə müşahidə olunan toyuq vəbası ölümcül kəskin tənəffüs çatışmazlığına da yol açır. Odur ki, olduqca ciddi sağlamlıq problemlərinə yol açan bu xəstəliyin qarşısını almaq üçün radikal tədbirlər görülməlidir”.

İş adamına görə, belə durumlarda ən optimal yol quş vəbasının yayılma riski daşıyan Ukrayna, İran, Türkiyə və Polşadan quş əti məhsullarının alınmasına müvəqqəti qadağa qoyulmasıdır: “Xatırlayırsınızsa analoji hadisə 2008-ci ildə də baş vermişdi. O zaman bir çox ölkələr kimi Azərbaycan da quş əti idxalını tamamilə dayandırmış, bir neçə aydan sonra yenidən həmin qadağa ləğv olunmuşdur. Mənim fikrimcə, qarantin müddəti ən azı 1 il olmalıdır. Çünki il müddətində təsərrüfatlar tamamilə dizenfeksiya oluna bilirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar