Çində yayılan virus dünya iqtisadiyyatını çalxalayır – Neftin qiyməti düşür, birjalarda səhmlər ucuzlaşır

Yeni ölümcül virusun qlobal iqtisadi təsir xofu dünyada nefti ucuzlaşdırıb. Bazar ertəsi neftin qiymətləri iki faizdən çox düşüb.

Çində yayılmış epidemiyadan artıq 80-dək ölən var, yoluxanların sayı 3 minə yaxınlaşır. “Frans Pres” təhlilçilərə istinadla yazır ki,bu virusun yaratdığı böhran 2003-cü ildə Asiya bazarlarını silkələmiş SARS virusu qədər pis ola bilər.

Koronavirusun yayılması Çinin xəstəliyin episentri olan, 11 milyon nəfərin yaşadığı Vuhan şəhərini qapatmasıyla sonuclanıb. Pekin daxil bir sıra digər şəhərlərlə bağlı isə sərt səyahət qadağaları qoyulub. Bu arada Çində Yeni İl bayramı qeyd olunur, yüzmilyonlarla adam ölkə boyunca səyahət edir, milyardlar xərcləyir.

Hökumət bazar günü axşam bayram tətilini uzatmaq, məktəbləri yanvarın 30-dək bağlı saxlamaq qərarı verib.

AxiCorp şirkətindən Stephen Innes xəbərdarlıq edib ki, Çinə və dünyaya iqtisadi şok nəhəng ola bilər. Onun sözlərinə görə, qlobal iqtisadiyyata ən böyük təhdid təkcə xəstəliyin qlobal səyahət vasitəsilə sürətlə yayılması ilə əlaqədar deyil.

“Çinin nəhəng sənaye və istehlak mühərriklərinə iqtisadi şok sürətlə digər ölkələrə də yayılacaq və bu qloballaşma ilə əlaqədar gücləndirilmiş ticari və maliyyə əlaqələri vasitəsilə baş verəcək”,– o bildirir.

Onun sözlərinə görə, 2003-cü ildə SARS dünyada inkişaf etmiş bazarlara daha az təsir göstərib, bu dəfə isə dünyanın qalan hissəsi epidemiyanın zərbəsini daha çox hiss edə bilər.

Çində Yeni il bayramına görə bir çox regional bazarlar bağlı olub. Ancaq açıq olan Tokio bazarında iki faiz ucuzlaşma qeydə alınıb. Banqkokda üç faizədək düşüş isə ölkənin səyahət sektoruyla bağlı narahatlıqla əlaqələndirilir. Mumbay, Vellinqton, Manila və Cakartada da ciddi itkilər yaşanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar