İSLAHATLARA YENİ NƏFƏS: ZAMAN BİZİ SEÇİR! – Müsahibə (+Fotolar)

Müstəqil namizəd Vüsalə Dadaşova: “Təkamül yolu ilə ictimai tərəqqiyə, rifaha doğru yolumuzu davam edək!” 

Vüsalə Valeh qızı Dadaşova 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa müstəqil namizəddir. 

O, “AzPolitika.info”-ya müsahibəsində platforması, seçki kampaniyasının gedişi, əsas hədəflərindən danışıb. Müsahibəni oxuculara təqdim edirik:

TƏRCÜMEYİ-HAL

Dadaşova (Müseyibova) Vüsalə Valeh qızı, 1970-ci ildə Bakı şəhərində anadan olub. Əslən Tovuzludur.

1987-ci ildə Bakı şəhəri 159 saylı orta ümumtəhsil məktəbini əla qiymətlərlə, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1992-1997-ci illərdə təyinatla Bakı şəhəri Yasamal rayonu 286 saylı ümumtəhsil məktəbində fizika müəllimi işləyib, paralel olaraq bu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində dissertant kimi elmi fəaliyyətə başlayıb.

1997-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin “Yarımkeçiricilər fizikası” kafedrasına baş laborant vəzifəsinə təyin olunub, eyni zamanda həmin fakültənin “Ümumi fizika” kafedrasında saat hesabı müəllim olaraq fəaliyyətə başlayıb, 2006-cı ildən həmin kafedrada müəllim vəzifəsinə təyin olunub.

2008-ci ildə AMEA-nın müxbir üzvü, prof. Aydın Kazımzadənin rəhbərliyi altında “Bərk cismlər fizikası” üzrə elmi dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi almışdır.

2012-ci ildən cari dövrədək “Ümumi fizika və Fizikanın tədrisi metodikası” kafedrasının dosenti vəzifəsində işləyir.

Yerli və xarici jurnallarda çap olunan bir çox elmi məqalələrin müəllifidir. Mütəmadi olaraq yerli və beynəlxalq elmi konfransların, ictimai-siyasi tədbirlərin məruzəçisi və iştirakçısı olub.

2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilərdə deputatlığa qeydə alınmış namizəd olub.

2019-cu ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

Ailəlidir, bir qızı, bir oğlu var. Həyat yoldaşı, Dadaşov Gəray Bədrəddin oğlu, Tovuz şəhərində anadan olub, hal-hazırda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şöbə müdiri vəzifəsində işləyir.

- Vüsalə xanım, seçki marafonu finişə çatmaq üzrədir. Hadisələrin gedişi sizi qane edirmi? Seçki kampaniyanız necə gedir? 

- Şükür. Mən gözlədiyim və hazır olduğum intensiv təmaslarda, gərgin iş rejimində, lakin müsbət məcrada. Hesab edirəm ki, təbliğat-təşviqat kampaniyası başlamazdan əvvəl bu proseslərin gedişatı barədə təsəvvürlərim düzgün olub.

- Yəni, seçkilərin azad və demokratik şəkildə keçiriləcəyinə inamınız tükənmir ki?...

- Hesab edirəm ki, seçki mühitinə dair aparılan ilkin təhlillərimiz özünü doğruldur. Təbii ki, fərqli strateji yanaşmalar çərçivəsində bu proseslərə müxtəlif, hətta daban-dabana zidd qiymətlər verilir. Mən öz müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, təbliğat prosesi demokratik normaların qorunması şəraitində, təziqlər, qanuna zidd ciddi müdaxilələr olmadan həyata keçirilir.

Əlbəttə, mənə də müəyyən yerlərdə, o cümlədən mən namizəd olduğum seçki dairəsində, hansısa namizədlərin inzibati resurslardan istifadə etməsi barədə məlumatlar çatır. Lakin mən bunu real demokratiyanın «böyümə xəstəliyi” kimi görürəm. İdeal demokratiya yalnız saf ürəkli, idealist düşünçəli insanların beynində və ya ictimai həyatdan təcrid olunmuş, dövlət və cəmiyyətin problemlərindən uzaq olan fərdlərin təxəyyülündə olur. Qədim dövrün təbirincə, “idiot”larda...

- Sözünüzdən belə çıxır ki, Azərbaycanda demokratiya istəyənin psixi durumu sual altındadır?...

- Təbii ki, yox. Dedim axı, qədim dövrün... Sözün, məfhumun öz tarixçəsi olur. Onu etimologiya elmi öyrənir. Mənim dediyim başqadır: ideal seçkini nəzərdə tutaraq, ona doğru hərəkət edərək, gəlin “doğuş suları ilə bir yerdə, dölü, uşağı da atmayaq”. Gəlin prosesi onun inkişafında dəyərləndirək. Ayrı-ayrı əyintiləri, çatışmazlıqları mütləqləşdirməyək. Onları həddindən artıq şişirdərək, ümumi mənzərəni itirməyək. Ağacların arxasında meşəni də görə bilək.

- Sizin gördüyünüz nədir?

- Hər şeyi görməsəm də, bir çox məqamlara düzgün baxışımın olmasında inamlıyam. Məsələn, son üç gündə beş kənddə seçicilərlə görüşmüşəm: Tovuzun Aşağı Mülkülü, Aşağı Quşçu və Ağstafanın Köçəskər, Həsən Su və Vurğun kəndlərində. Mənimlə görüşə insanları heç kim nə zorla-təziqlə, nə də ki hər hansı yalan vədlərlə yığmayıb, gətirməyib. Sağ olsun tələbələrim, dostlarım.

Lakin əsas odur ki, real demokratiya mexanizmləri işləyib, insanlar özləri bu görüşləri hansısa bir maraqlarının ödənilməsinin üsulu kimi dərk edib, gəliblər. Və heç kim onları məcbur edərək, deməyib ki, ora get və ya getmə. Gəldilər, mən özümün platformamı təqdim etdim, onlar bu seçkilərdən özlərinin gözləntiləri barədə danışdılar, güzaranları-problemlərindən söz açdılar, ölkəmizin müsbət inkişaf etməsi yolları barədə fikirləri ilə bölüşdülər. Onları olduqca böyük diqqətlə dinlədim, sonra gələcək fəaliyyətimdə onların dilə gətirdiyi məsələlərin həlli yollarına dair ata biləcəyim addımlar barədə danışdım. Bu, demokratik bir proses deyil, bəs nədir?! Başqa məsələ ki, bu deyilənlər yerdə qalmasın. Bunun üçün düzgün seçim etmək, yerlərdən gələn maraqları, tapşırıqları real işlərdə əks etdirə, maddiləşdirə biləcək insanları qanunverici orqana layiq bilmək tələb olunur. İnanıram ki, bu belə də olacaq.

- İstəməyənin “gözü kor olsun”...

- Bədbin olmayın. Üstəgəl, cari seçkilərdə bu hissə qapılmağa əsas da yoxdur. Bilirsinizmi, bəzən radikal-tənqidi yanaşma sərgiləyən özündən müştəbeh, əslində cılız düşüncəli “mütəfəkkirlər” elə bil ki, reallığı görmürlər. Müəyyən qlobal və ya regional məsələlərə münasibət bildirərkən “real-politik” nəzəri baxımına üstünlük verirlər, xüsusən də bu onları açıq və ya gizli şəkildə dəstəkləyən xarici siyasi qüvvələrin maraqlarına xidmət etdikdə. Bir növ suvari çaparlara bənzəyirlər bu maraqlara xidmət yolunda.

Lakin ölkədaxili məsələlərə gəldikdə onlar reallıq hissini sanki itirirlər. Bu, ölkəmizin, cəmiyyətimizin olduqca ağır bəlalara düçar olmasına, həll edilə bilinməyən daxili qarşıdurmalara gətirə bilər. Ölkə, cəmiyyət müstəvisində deyilən hər sözün, atılan addımın ciddi məsuliyyəti, ağırlığı və ağrılığı “yeddi ölç, bir biç” yanaşması üzərində qurulmalıdır.

Deyilənə görə, Napoleon dövrü Fransa imperiyasının daxili işlər naziri Jozef Fuşenin belə bir deyimi var imiş: hansısa bir şəxsi saxlamaq, tutmaq fikrinə düşdükdə, o əlaltılarına deyirmiş: “Məcbur edin o hər hansı altı söz desin və mən onu tutmaq üçün nə isə tapacam”. Belə fuşelər ölkəmizdən kənarda da, elə ölkəmizdə də az deyil...

Gəlin özümüzü və ölkəmizi “tutdurmayaq”! 

GƏLIN YÜNGÜL GÖRÜNƏN SADƏ HƏLLƏR AXTARMAYAQ, təkamül yolu ilə ictimai tərəqqiyə, rifaha doğru yolumuzu davam edək!

NAMİZƏDİN SEÇKİ PLATFORMASI

HÖRMƏTLİ HƏMYERLİLƏR, DOSTLAR!

Müasir dövlətçiliyin tələbi siyasi və idarəçilik sisteminin hakimiyyətin bölgüsü prinsipi üzərində qurulmasıdır. Bu hər birimizin düzgün, dürüst və düşünülmüş meyarlara köklənmiş seçimi əsasında xalqı təmsil edən, onun iradəsini qanunlarda əks etdirən qanunverici orqanın formalaşmasını zəruri edir. Niyə? Ona görə ki, bu orqanın qəbul etdiyi qanunlar dövlətdə idarəetmənin, cəmiyyətdə - münasibətlərin tənzimlənməsinin əsas aləti olaraq, bütövlükdə cəmiyyətin və onun hər bir üzvünün azadlığını və fəaliyyətinin sərhədlərini müəyyən edir, yeni reallıqlar yaradır. Hər birimiz qanunların yaratdığı bu reallıqlarla hesablaşmalı, gündəlik fəaliyyətimizi onların tələbləri əsasında qurmalıyıq.

Bu - vətəndaşlıq borcudur!

Bu tələblər qanunlarla idarə olunan vahid, eyni yanaşma üzərində qurulmuş ictimai davranış və aydın oyun qaydalarını müəyyən etməlidir.

Bu, insana və cəmiyyətə bu gününü və gələcəyini daha rahat mühitdə qurmağa şərait yaradır. Eyni zamanda, mənəvi-mədəni dəyərlərlə birgə tədricən cəmiyyətdə sağlam mühafizəkarlıq, sağlam konservatizm ruhunu formalaşdırır. Bunsuz icmalar və dövlətlərin zaman-zaman faciələr yaşaması labüd, qaçılmaz olur! Beynəlxalq aləmdə müşahidə etdiyimiz, şahidi olduğumuz hadisələr təsdiq edir: yüngül, yelbeyin fürsətçil düşüncə və məsuliyyətsiz radikal yanaşmadan doğan fəaliyyətlər oturuşmuş dövlətləri belə məhv edir, insanları çox acınacaqlı taleyə məhkum edir.

Biz bundan qaçmalıyıq!

Bunun yolu tam aydındır: kənardan gələn dağıdıcı təsirlər qarşısına sipər qoyaraq, bir-biri ilə üzvi bağlılığı olan mənəvi mühit və sağlam ruh, şəffaf idarəetmə və rəqabətqabiliyyətli iqtisadiyyat üzərində qurulmuş hüquqi dövlətə nail olmaq! İnkarolunmaz, qırılmaz və sadə zəncirvari bir məntiq: dövlət adət-ənənədən və zəruri tələblərdən, mənəvi dəyərlərdən və mütərəqqi sivilizasiya təcrübəsindən qaynaqlanan qanunlarla idarə olunmalıdır. Bu qanunlar şəffaf prosedurlar əsasında qəbul edilməli və ədalətli olmalıdır. Bunun zəmini isə sağlam düşüncəyə malik milli və bəşəri dəyərləri əxz etmiş əqidəsi saf, əxlaqı təmiz, əməli saleh insanlardan ibarət qanunverici orqanın seçilməsidir!

Bu nə idealizmdir, nə də mümkün olmayan bir təxəyyül, utopiya!

Bax, dəyərləndir - qəlbinə yatanı seç! Bu seçimi etmək çətindir. Ancaq bunu etmək vacibdir!

HÖRMƏTLİ HƏMYERLİLƏR, DOSTLAR!

Sizin etimadınızla Milli Məclisə üzv seçiləcəyim təqdirdə aşağıdakıları öhdəmə götürürəm:

1.Seçki dairəsi və regionda yaşayan insanlarla daima əlaqədə, onlar üçün əlçatan məsafədə olmaq, qaldırdıqları məsələləri dərindən öyrənmək və onların həllinə çalışmaq. İnsanların maraq və mənafeyini ifadə edən aşağıdan, yerlərdən gələn sifarişləri, tələbləri sistemləşdirərək qanunverici aktların lahiyələrini hazırlamaq və ədalətli, işlək qanunların qəbul olunmasına nail olmaq.

Hesab edirəm ki, Milli Məclis üzvünün ən əsas vəzifələrindən biri dövlətin dayaqlarının möhkəmliyi naminə cəmiyyətin ayn-ayrı kəsimlərinin maraq və mənafeyi əsasında formalaşan impulsları, tələbləri zamanında tutmaq, onların zəminində bütövlükdə dövlətin, cəmiyyətin və fərdin, tam və hissənin dayanıqlı vəhdəti və ahəngliyinə nail olmaqdan ibarətdir.

2.Yalan və mümkün olmayan vədlərdən, populizmdən uzaq olmaq. Hesab edirəm ki, bu əsassız umacaqlar yaradır, insanları ələbaxımlığa, gözləmə mövqeyi tutmağa vadar edir, təşəbbüskarlığı məhdudlaşdırır, cəmiyyətdə qeyri-sağlam mühit yaradır.

3.Cəmiyyət həyatının rəngarəngliyini və insanların, sosial qrupların maraqlarının üst-üstə düşmədiklərini dərk edərək, siyasi, iqtisadi, sosial, ideoloji müxtəlifliyin, plüralizmin təmin edilməsini və hər bir insanın, sosial qrupun maraqlarının ifadəsi üçün imkanların yaradılmasını dəstəkləmək.

Bununla birgə, hesab edirəm ki, dövlətimizin varlığına bərabər azərbaycançılıq, insan həyatını hər şeydən üstün tutma – humanizm, fərqli düşüncə tərzinə və davranış qaydalarına hörmət - tolerantlıq cəmiyyətimizin və dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər birimizin, vahid xalqımızın birgə yaşamının təməl daşlarıdır. Bu dəyərlərə xələl gətirən hər bir cəhdin qarşısı qətiyyətlə alınmalıdır!

4.Üzərimə düşəcək hər bir işi ümumi maraqları şəxsi marağımdan üstün tutmaqla, səmimiyyətlə, vicdanla, peşəkarlıq səviyyəmi artırmaqla adekvat, düşünülmüş yanaşma əsasında və mümkün olan hər bir qanuni üsullardan istifadə etməklə yerinə yetirmək. İnanıram ki, aldığım ailə tərbiyəsi və həyatımla formalaşdırdığım mənəvi dəyərlər, insanlara münasibətdə səmimilik və onların istəklərinə diqqət, problemlərinə biganə qalmama, dövlətimizin maraqlarına hər vəhclə qulluğa hazırlığım mənə bu işdə dayaq olacaqlar. Dostlar, həmyerlilər!

Hər birimiz doğuşdan sonumuza qədər seçim etmək məcburiyyətindəyik və edirik: mənafe və vicdan, şəxsi maraq və vətəndaşlıq borcu, laqeydlik və fədakarlıq, şər və xeyir arasında. Edilən seçim insanın dəyərinin, ləyaqətinin, vicdanının, vətənpərvərliyinin göstəricisidir. Seçiminiz öz əlinizdədir - qüdrətli dövlət, xoşbəxt cəmiyyət, ləyaqətli insan, yüksək rifah naminə!

İSLAHATLARA YENİ NƏFƏS: ZAMAN BİZİ SEÇİR!

635x100

Şərhlər

Vesile 2020-02-08 11:09:12

Ugurlar!

Ramil 2020-01-30 10:28:08

Xanım düz deyir:"Zaman bizi seçir".Bu ən düzgün ifadədir.Amma "Zaman niyə və necə sizi seçir" sualı da doğru və əsaslı cavablandırılsa məsələnin mahiyyətiu aydın olar.

İ.Mustafaoğlu 2020-01-28 22:49:01

Uğurlar !!

shebnem 2020-01-28 18:58:08

esedova

Dəstək 2020-01-28 18:22:34

Oxuyun: http://www.qht.az/index.php?action=static_detail&static_id=37171

Son yazılar