“BURADA RİYAKARCASINA "ƏDALƏT MƏHKƏMƏSİ" QURUBLAR” - Sevinc Fətəliyevanın AŞPA-da çıxışı + VİDEO

Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məruzəçini qərəzli sayıb və AİHM qərarlarını sərbəst şərh etməkdə, həmçinin fevral ayında keçiriləcək parlament seçkilərinə “müdaxilədə”, onların “demokratikliyini” qəsdən şübhə altına almaqda ittiham edib.

Azərbaycan nümayəndə heyətinin üzvü, 30 saylı Suraxanı I Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Sevinc Fətəliyeva da Torhildur Sunna Evarsdottirin hesabatının məruzəsi zamanı sərt çıxış edib. Onun çıxşını təqdim edirik:

- Məruzəçinin mövqeyi ilə qətiyyən razı deyiləm. Bu müzakirələr yalnız riyakarlıq üzərində qurulub. Burada hakim qismində çıxış edənlər, insan haqlarından danışan bəziləri, öz ölkələrindəki mövcud daxili problemləri, siyasi gərginliyi, demokratik dəyərlərdən çox-çox uzaq olmalarını, korrupsiyanın mövcudluğunu və qonşu dövlətə qarşı yürütdükləri işğalçı siyasətlərini unudaraq, riyakarcasına ədalət məhkəməsi qurublar. Gəlin riyakarlığa son qoyaq!

Xanım məruzəçi, Azərbaycandan danışarkən düzgün ifadələrdən istifadə etməyinizi tövsiyə edərdim! Hörmətə gəlincə, sizə xatırlatmaq istəyirəm ki, bu qurumun əsas dəyərlərindən biri qarşılıqlı hörmətdir. Əgər Azərbaycan AŞPA-nın qaydalarına və dəyərlərinə tamamilə məhəl qoymasaydı, demokratiyanın inkişafı baxımından heç bir irəliləyiş göstərməsəydi, Azərbaycan Prezidentinin əfv sərəncamları olmasaydı, ədliyyə sistemindəki çatışmazlıqları aradan qaldırmaq üçün Azərbaycan hakimiyyəti güclü iradəsi əsasında geniş islahatlar aparmasaydı və Avropa Şurası ilə sıx əməkdaşlıq etməsəydi, o zaman bu cür yanaşma mümkün olardı.

Parlament üzvləri olaraq, biz konkret nəticələr verən bu əməkdaşlığı yüksək qiymətləndiririk və buna görə də hər zaman konstruktiv dialoqun aparılmasını tələb edirik. Bu Assambleyanın məqsədi həm də nəticəyə yönələn əməkdaşlığı lazımi səviyyədə təşviq etmək olmalıdır. Lakin hesabatdakı bəzi geniş, əhatəli nəticələr təşkilatla ölkə arasında arzuolunmaz gərginlik yaradır və aydındır ki, bu, tərəflər arasında etimadı sarsıtmaqla əməkdaşlıq və dialoqa töhfə vermir. Ona görə də, münasibətlərdə inamın itirilməsinə səbəb ola biləcək bu cür yanaşma nümayiş etdirməkdən çəkinməliyik.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının siyasiləşdirilməsi yolverilməzdir və bu məsələdə diqqətli olmalıyıq. Xüsusilə, nəzərə almalıyıq ki, Məhkəmə öz qərarlarında "siyasi məhbuslar" kimi bir siyasi anlayışa istinad etmir və bu fakt hesabatda da qəbul olunur. Bu səbəbdən subyektiv mühakimə ilə mübahisəli nəticələr çıxarmaq və Azərbaycanı sərt ittiham etmək yolverilməzdir. Üzv dövlətlərin əksəriyyətinin məhkəmə qərarlarına əməl etməklə bağlı problemləri var.

Bu təşkilatın dəyərlərini bölüşən hər kəs qəbul edir ki, məhkəmə qərarları icra olunmalıdır və sorğulana bilməz. Bəli, bu məqsədlə üzv dövlətləri bu qərarların vaxtında və effektiv şəkildə icrasına təşviq etməliyik. Ancaq bütün ölkəni ağır siyasi ittihamlar və təqsirləndirmələrlə damğalamaqla bunu edə bilmərik. Bir sözlə, məhkəmə qərarları hüquqi məsələlərdir və onlara bu cür münasibət göstərilməlidir.

Bu Assambleyada mən tez-tez bir sual səsləndirirəm: Əgər Azərbaycandakı insan haqlarının vəziyyəti sizi doğrudan da maraqlandırırsa, o zaman nədən Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı zamanı qovulmuş 1 milyon qaçqının hüquqlarının pozulması məsələsini qaldırmırsınız? Və hər zaman olduğu kimi sualım yenə də cavabsız qaldı...


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar