PAŞİNYAN GÜZƏŞTLƏRƏ HAZIR DEYİL - Makron Bakıya niyə zəng edib?

Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verdi. Paşinyan dedi ki, ondan əvvəlki prezident və baş nazir olan Serj Sərkisyan Azərbaycana 7 rayonu (Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın) qaytarmaqla bağlı danışıqlar aparıb.

Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın 7 rayonu Azərbaycana geri qaytarmağı müzakirə etdyini açıqlamasıyla iki məqsəd güdüb.

Birinci məqsəd odur ki, Paşinyan guya sirrin üstünü açaraq ermənilərə bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”. Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır.

Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o, Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, istər-istəməz mərhələli həll planı müzakirə olunur.

Paşinyan bu açıqlamanı verdikdən sonra yenə Dağlıq Qarabağa gəldi və Dağlıq Qarabağda hərbçilər üçün tikilən evlərin açılışında iştirak etdi. Ermənistanın baş naziri tez-tez Dağlıq Qarabağa gəlməklə göstərmək istəyir ki, o, separatçıların razılığı olmadan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaq. Paşinyanın bu siyasəti bölgədə müharibə risqini artırır. Məsələn, Dağlıq Qarabağın təmsilçiləri deyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu, həqiqətən belədir. Əgər danışıqlarla müsbət nəticə yoxdursa və separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəmirlərsə, bölgədə müharibə risqi azalmayacaq.

Bu arada, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri İsveçrədə görüşdülər. Həmsədrlərin yeni planı yoxdur. Buna baxmayaraq, xarici işlər nazirlərinin budəfəki görüşü fərqli idi.

Birincisi, həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi.

İkincisi, həmsədrlər görüşün nəticəsiylə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, xalq diplomatiyasının gücləndirilməsinin vacibliyi bildirildi.

Buna baxmayaraq, xarici işlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan xalq diplomatiyası faydalı olmayacaq. Çünki xalq diplomatiyası çərçivəsində Azərbaycanın və Ermənitanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. Elmar Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi. Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də, nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi.

Bundan başqa nazirlər İsveçrədə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu, bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağı düşünmür.

Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq.

Bu arada, Fransa prezidenti Emmanuel Makron prezident İlham Əliyevə zəng etdi. Bu zəng diqqəti çəkdi. Fransa ATƏT-in Minsk Qrupunu 3 həmsədr ölkəsindən biridir.

Emmanuel Makronun Bakıya zənginin məqsədi nə idi?

Birincisi, Makron bu zənglə göstərmək istəyib ki, Fransa da Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlara maraq göstərir.

İkincisi, Makron keçən il Azərbaycana səfər etməli idi. Ancaq bu səfər reallaşmadı. Mümkündür ki, Makron bu il Azərbaycana səfər edəcək və telefon danışığında səfərin tarixini barədə Azərbaycan prezidentinə məlumat verib.

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Özgür 2020-01-31 20:31:27

imitasiyadır bu danışıqlar.

Son yazılar