YANVARDA PUL OLMADI... – KİVDF-də nə baş verir?

Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) növbəti yarım il üçün elan etdiyi müsabiqənin qalibləri hələ də açıqlanmayıb.

KİVDF-nin saytında yerləşdirilən məlumata görə, yanvar ayının 10-da müsabiqə bitib. Həmin tarixdən üç həftədən artıq vaxt ötsə də, Fond maliyyə ayrılacaq nəşrlərin adlarını açıqlamayıb. Qeyd edək ki, Fondun fəaliyyətdə olduğu 13 il ərzində ilk dəfədir belə qeyri-müəyyən vəziyyət yaranıb. Əvvəllər hər ilin sonuncu ayında müsabiqə elan olunar, yeni ilə bir həftə qalmış qalib nəşrlər müəyyən edilər və ayın əvvəlindən vəsait həmin qəzetlərin hesabına köçürülərdi.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, 2020-nin yanvar ayında qəzetlər ötən il Fondda artıq qalan 250 min manat vəsaitin hesabına nəşr olunub. Belə ki, gündəlik çıxan qəzetlərə 17 min manat, günaşırı nəşr olunanlara isə 13 min manat verilib. Bu vəsaitin əsas qaynağı ötən il Mətbuat günü ərəfəsində Prezidentin KİV-lərə ayırdığı, amma redaksiyalara verilməyən 1 milyon manatdır. Həmin vəsaiitin əksər hissəsi məlum olmayan istiqamətlərə xərclənib, qalan 250 min manatı isə yanvar ayında qəzetlərə verilib. 

Fonddan maliyyələşən qəzetlərin birindən aldığımız məlumata görə, maliyyə yardımının gecikməsi redaksiyalarda narazılıq yaradıb: “KİVDF-dən bizə bildirdilər ki, yanvar ayı ərzində KİVDF-nin layihələri ilə bağlı hazırlanan səhifələr olmasın. Bu, o deməkdir ki, bu ay üçün pul gözləməyin, olmayacaq. Əgər müsabiqə başa çatıbsa, nəticələr niyə açıqlanmır? İnsanları bu qədər qeyri-müəyyənlikdə saxlamaq nəyə lazımdır? Dəqiq bir məlumat versinlər, redaksiyalar da nə iş görəcəklərini bilsinlər”.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yaxın 1-2 gündə müsabiqənin nəticələri açıqlanacaq. Amma iştirakçı redaksiyaların heç də hamısına vəsait ayrılmayacaq. Mənbə bildirib ki, Fondun birinci kateqoriyaya aid etdiyi qəzetlərdən (“Kaspi”, “Kaspiy” “Mövqe”, “Bakı-Xəbər”, “Yeni Müsavat”, “Səs”, “Yeni Azərbaycan”) bir neçəsi yəqin ki, siyahıdan kənarda qalacaq. Eyni zamanda yayım firmalarının birindən redaksiyalara verilən qaimələr, satışla bağlı arayışlara görə araşdırma aparılır. Bu araşdırmaların hansı səbəbdən aparılması, nə ilə nəticələnəcəyi məlum deyil.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar