“NİYYƏTİM BU İŞLƏRİ DAHA GENİŞ MİQYASDA DAVAM ETDİRMƏKDİR” - Etibar Əliyevlə MÜSAHİBƏ


31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış ziyalı, fəlsəfə doktoru Etibar Əliyevin “AzPolitika.info”ya müsahibəsini təqdim edirik.

-Etibar müəllim Parlament seçkilərinə sayılı günlər qalıb. Deputatlığa namizəd kimi nə düşünürsünüz?

-Namizədliyimin qeydə alınmasında, təbliğat və təşviqat prosesində elə bir ciddi maneə olmayıb. Hər bir namizədə təşviqat üçün normal şərait yaradılıb. Düşünürəm ki, seçici aktivliyi də olacaq. İnsanlar aparılan geniş islahatları və dəyişiklikləri dəstəkləyirlər. Biz namizədlərin əsas missiyası insanları seçkiyə cəlb etməkdir. Seçicinin kimə səs verməsi isə öz seçimidir və buna hörmətlə yanaşmaq lazımdır.

-Kimi özünüzə güclü rəqib sayırsınız?

-Bilirsiniz mən namizədləri iki yerə bölərdim. Özünü seçiciyə yeni təqdim edənlərə və cəmiyyətdə kifayət qədər tanınanlara. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən 2-ci kateqoriyaya aidəm. 25 ildən çoxdur ki, müxtəlif mövzularda məqalələr yazıram, televiziyada çıxışlarım olub, ölkədə kitabın, kitabxananın, elmin populyarlaşdırılmasının tərəfdarı kimi tanınıram. 8 kitabın müəllifiyəm.

-Millət vəkilinin əsas işi nədən ibarət olmalıdır?

-Millət vəkili ilk növbədə öz bilik və bacarığı ilə ölkənin mənafeyini hər yerdə müdafiə etməyi bacarmalıdır. Millət vəkili ictimai mənafeyi şəxsi mənafedən üstün tutmalıdır. Çünki minlərlə insanı təmsil edir. Təəssüflər olsun ki, çox vaxt bu belə olmayıb. Millət vəkili Qanunvericilik işindən baş çıxarmalıdır. Millət vəkili seçicilərinin yanında olmalıdır. Onların probleminə öz problemi kimi yanaşmalıdır. Seçicilərinə qayğı göstərməlidir. Ötən illərin təcrübəsi göstərdi ki, bir çox dairələrdə insanların çoxu deputatlarının adını belə bilmir. Bu yolverilməzdir. Fikrimcə belə halların tez-tez gündəmə gətirilməsi yeni seçilmiş deputatların seçiciyə münasibətini dəyişəcək.

-Seçilmə şansınız nə qədərdir?

-Mən optimistəm və öz şanslarımı yüksək dəyərləndirirəm. Hesab edirəm ki, 31 saylı Suraxanı ikinci seçki dairəsində nümunəvi seçki olacaq. Buna hər bir namizəd çalışmalıdır. Yuxarıda qeyd etdiyim kimi mən seçiciyə özümü namizəd olanda tanıtmamışam. Məni dövlətçiliyə sadiq, ölkənin gələcəyini düşünən, maarifçilik missiyası daşıyan bir şəxs kimi tanıyırlar. Niyyətim bu işləri daha geniş miqyasda davam etdirməkdir. Ölkəmizə əmin-amanlıq arzulayıram.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar