“BELƏ VƏZİYYƏT CİNAYƏTKARLIĞIN İNKİŞAFINA ŞƏRAİT YARADIR...” – "DİN-də kadr islahatları ictimai maraqlarla üst-üstə düşür"

“İstintaqın əvvəlki kimi üç qurumda olması cinayətkarlıqla mübarizəyə fayda verə bilər”

“AzPolitika.info” uzun müddət Daxili İşlər Orqanlarında xidmət edən, vətən savaşının iştirakçısı (komandiri),  “Polisə Dəstək” İctimai Birliyinin sədri, istefada olan polis polkovniki və tanınmış hüquqşünas Şəmsəddin Əliyevdən 2019-cu ildə Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizənin vəziyyətinə dair müsahibə alıb. Müsahibəni təqdim edirik:

- Şəmsəddin müəllim! Ötən həftə DİN-də 2019-cu ilin yekununa həsr edilmiş geniş kollegiya iclası keçirildi. Kollegiyada Nazir, general-polkovnik Vilayət Eyvazov hesabat xarakterli məruzə etdi. Vəziyyət necədir? Cinayətkarlığa qarşı mübarizədə hansı preventiv tədbirlər görülür? Təəssüratınızı bilmək istərdik.

- Azərbaycanın dövlət müstəqilliyi elan olunduqdan bu günə qədər, bir az da uzağa getsək 100 il ərzində Azərbaycan polisinin hüquqa və ictimai münasibətlərə zidd əməllərin, vətəndaşların təhlükəsizliyinin, konstitusion quruluşun əleyhinə yönələn hərəkətlərin qarşısını almaqda, habelə bu gün sabitliyin davamlı təmin olunmasında rolu danılmazdır. İl ərzində qeydə alınan cinayətlərin açılması vəziyyəti 1994-cü ildən başlayaraq (1994-cü ildə 88,5 %,1993-cü ildə 78,8%) peşəkarlığı ilə seçilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxşılaşıb. Rəsmi statistikaya nəzər yetirsək, 1995-ci ildə 88,5%, 1996-cı ildə 91,2%, 1997-ci ildə 91,3%, 2002-ci ildə 93% və s. cinayətlərin açılması faizi yüksək olmuşdur. 1994-cü ildən başlayaraq ölkədə baş verən ağır cinayətlər, qəsdən adam öldürmələrin sayı cinayətlərin dinamikasında azalma ilə müşahidə edilib. Belə ki, əgər 1992-ci ildə 584 qəsdən adamöldürmə faktları fiksə edilmişdirsə, bu rəqəm 1993-cü ildə 478, 1994-cü ildə 439, 1996-cı ildə 400 (1995-ci ilə müqayisədə 9,7 %-43 fakt), 1997-ci ildə 280, 1998-ci ildə 242, 2002-ci ildə 212, 2006-cı ildə 190 fakt baş vermişdir.

Göründüyü kimi, həyata keçirilən preventiv tədbirlər zahirən sezilməsə də, nəticədə xüsusilə təhlükəli cinayətlərin sayı azalmışdır. Təbii və çox təəssüf ki, ictimaiyyət qeyd etdiklərimin hansı çətinliklərlə başa gəlməsinin marağında olmamışdır. Bu polisin özünə xas xidmətin xislətindən doğur. Amma deməliyəm ki, qəsdən adam öldürmələrin müəyyən qismi, oğurluqların, şəxsiyyət əleyhinə olan digər cinayət növlərinin əksəriyyəti bizə bəlli olmayan qeyri-aşkar şəraitdə baş verdiyindən, onun açılması da zaman və məkan baxımından çətin olur. Burada vətəndaşların rolu az, polisin peşəkarlığı rəğbətləndirilən səviyyədədir. Oğurluqların sayı isə artımla müşahidə edilsə də oğruların əməllərinin izinə düşmək vaxt tələb etmiş, lakin öhdəsindən gəlmək mümkün olmuşdur. Sualınızın ətrafında çox danışmaq olar.

- Şəmsəddin bəy, oxucular üçün də çox maraqlı olar, ümumiyyətlə cinayətkarlıq nədir? Cinayətlər, cinayətkarlıq fərqli məna kəsb edirmi?

- Mahiyyətinə görə cinayətkarlıq cəmiyyətə, onun ayrı-ayrı üzvlərinə, dövlətin iqtisadi və siyasi əsasına ziyan vuran neqativ hadisədir. Bəzi hüquqşünasların mülahizələrinə görə cinayətkarlıq - insanın doğulması və ölümü kimi təbii bir hadisədir. Dövlətin və cəmiyyətin olduğu yerdə cinayətkarlıq həmişə olacaq. Yəni, istənilən sağlam cəmiyyətə xas hadisədir. Necə deyərlər: Hər bir cəmiyyətin inkişafına uyğun cinayətkarlar və cinayətlər olur. Bu gün üçün “müasir köləlik” adlandırılan insan alveri - insanların əşya kimi alqı-satqısı mövcuddur. Vahimə doğuran terrorizm, terrorçu qruplaşmalar yaranıb, onlara dəstək verənlər var və s...

Ona görə də cinayətkarlıq mürəkkəb və arzuolunmaz hadisələrlə bağlı olduğu üçün, onun hamı tərəfindən dərk edilməsi, habelə onunla barışmaz mövqedə olmaq və mübarizəni təşkil etmək də mürəkkəb və çoxşaxəlidir. Cinayətlər təsnifatına-ağırlığına, növlərinə, coğrafiyasına və cinayəti törədən şəxslərin xarakteristikasına görə də fərqlidir. Məhz bu səbəbdən cinayətkarlığın bütöv bəşəriyyətə gətirdiyi ağlasığmaz məhrumiyyətlərə görə onun barəsində yalnız neqativ, ziyan gətirən sağalmaz sosial bəla və hadisə kimi düşünməyə vadar oluruq. Bu mənada cinayətkarlıq cəmiyyətin görünməyən təhlükəli düşməni kimi qəbul olunduğundan onunla mübarizənin metod və üsulları da tez-tez dəyişir, permanent xarakter daşıyır. Bir az da obrazlı ifadə etsəm, cinayətkarlıq 7 başlı əjdahadır. Başları kəsildikcə yenisi bitir... Onunla hamı və həmişə barışmaz ovqatda və mövqedə olmalıdır.

- Belə çıxır ki, cinayətkarlığın kökünü kəsmək mümkün deyil? Bəs nə etmək lazımdır?

- Cinayətlərin və yaxud cinayətkarlığın kökünü kəsmək heç bir dövlətə, hətta fövqəldövlətlərə belə nəsib olmayıb. Amma mübarizə onu doğuran səbəblərin aradan qaldırılmasına, şəraitin zərərsizləşdirilməsinə yönəlməli, qəsdən törədilən ağır və xüsusilə ağır cinayətlərə görə cəza sərtləşdirilməlidir. Ələlxüsus quldurluğa, qəsdən və xüsusi amansızlığı ilə seçilən cinayətlərə, zərif cinsin subyektlərinə qarşı təcavüzlərə, dövlətin konstitusion quruluşunun əleyhinə olan xüsusi təhlükəli cinayətlərə görə müstəsna cəza tədbirinin tətbiqini zaman təkidlə tələb edir.

Saxta ərzaq məhsullarının istehlakçılara satılması, insanların sağlamlıqlarına zidd zəhərli-sərinləşdirici alkoqolsuz və yaxud alkoqollu içkilərin istehsalına, saxta uşaq qidalarının satılmasına, əczaxanalarda saxta dərmaların satışına görə də cəza sərtləşməlidir.

- Cinayətkarlığa təsir edən amillər varmı, varsa hansılardır?

- Klassik hüquqşünasların belə bir deyimi var: Səbəbin nəticəni hasil etməsi şəraitdən asılı olur. Hadisələr arasında səbəbli əlaqə obyektiv əlaqədir. Müəyyən şərtlər daxilində hadisələrdən biri (səbəb) digərini (nəticəni) doğurur. Yəni səbəb, şərait nəticəni zəruri edir. Hər hansı bir cəmiyyətdə hadisələrin, ictimai-təhlükəli əməllərin törədilməsi qanunauyğunluqdur. Cinayətkarlığı doğuran səbəblər elə hallardır ki, onlarsız hər hansı bir cinayət törənə bilməz. Səbəb mövcuddursa, insan bu yolda “danışan alət”ə bənzər. Həmin səbəb və şəraitlər fəal qüvvə kimi cinayətlərin törədilməsinə marağı artırır, motiv zərurətə çevrilir. Məsələn: Su qızdırılmazsa onun buxara çevrilməsi səbəbi də yaranmaz. Səbəb anlayışı latın sözünə (sansa) görə hadisə başa düşülür. Bu elə bir fəaliyyətdir ki, dağıdır, təyin edir, dəyişir, başqa bir hadisəni ya yaradır, ya da yeni hadisəni arxasınca aparır (çəkir). Sonuncu isə nəticədir ki, baş verir və narahatlıqla, bəzən vahimə ilə qarşılanır. Ona görə də, yuxarıda qeyd etdiyim kimi, aparılan mübarizə cinayətkarlığı doğuran səbəb və şəraitlə həyata keçirilsə, daha səmərəli ola bilər. Cinayətkarlıqla mübarizə siyasətinin mahiyyəti Nazirlər Kabinetinə daxil olan hər bir Mərkəzi İcra Hakimiyyəti orqanının bu istiqamətdəki fəaliyyəti barədə müvafiq hesabatın təqdim edilməsini vacib sayır.

Tarixən müdrik kriminoloq–hüquqşünaslar cinayətkarlığın səbəblərini xalqın müəyyən hissəsinin (bəzən də əksəriyyətinin) yoxsulluğa düçar olmasında, dövlətlərdə sərvətin ədalətsiz bölgüsündə axtarıblar. Yüz illər ərzində alimlər digər qanunauyğun faktorları da irəli sürmüş və bu gün də həmin faktorlar cinayətkarlığı doğuran mühüm səbəblərdən sayılır.

Məsələn, sosial və iqtisadi faktorlar. Qəsdən törədilən cinayətlərin 90% demək olar ki, bu faktorla bağlıdır. Oğurluqları, qarətləri, quldurluqları, qəsdən adam öldürmələrin də təxminən 60%-ni bura aid etmək olar.

Bütün bu səbəbləri yaradan da insandır, həmin səbəblərin alətinə çevrilib cinayət törədən subyektlər də insandır. Belə zəruri səbəb və şəraitdən cinayət törətmiş şəxsləri - dövlətin vətəndaşını, ailənin üzvünü, vətəni qoruya biləcək əsgəri də özümüz sonra məsuliyyətə cəlb edirik. Burada cinayətkarların şəxsiyyətinin öyrənilməsinə böyük ehtiyac duyulur. Digər səbəblər də var.

- Onlar hansılardır?

- Onlar siyasi faktorlardır. Cəmiyyətdə təhsil, ideoloji və mədəni səviyyənin aşağı olması, əxlaqın tənəzzülü və s. cinayətkarlığa təsir edən faktorlar sırasındadır.

Siyasi faktorlar cəmiyyətdə qruplaşmalara, vətəndaş qarşıdurmasına şərait yaradır. Bəzən siyasi qruplaşmalara qoşulan kütlə arasında radikal düşüncəli, məhkumluğu olan insanların olması da mümkündür. Yarana bilən qeyri-siyasi sabitlik mühitindən bəzi liderlər ictimai maraqdan yox, şəxsi ambisiyalara üstünlük verərək hakimiyyət uğrunda mübarizəyə başlayırlar. Bəzən belə qüvvələrə hakimiyyət budaqlarında havadarlıq edənlər də tapılır, onlara maliyyə dəstəyi verilir, müəyyən sayda xəbər portallarında pafosla təbliğ olunurlar. Nəticədə, ölkədəki siyasi sabitliyin və kriminogen durumun nəzarətdən çıxması üçün real təhlükələr yaranır. Belə vəziyyət cinayətkarlığın inkişafına şərait yaradır, əxlaqi dəyərlərə ziyan dəyir.

Bu yaxınlarda ölkə Prezidenti yanında keçirilən müşavirənin birində bu məsələdə əli olanlara barmaq silkələndi. Bəziləri vəzifələri ilə vidalaşmalı oldular. İctimai rəyin nəticəsinə görə vaxtında atılan bir addım idi. Hüquq-mühafizə xidmətində çalışanların ayıq və sayıqlığı nəticəsində xidmətlərinə sədaqəti ilə seçilənlərin dolğun məlumatlarına vaxtında reaksiya verildi. Dövlət başçısının vəziyyətə dair sərt davranışı hamıya görk olmalı, hər bir məmur vəzifəsini həyata keçirərkən xalqın yanında özünü hiss etməlidir. Çünki Prezident “Mən, xalqın xidmətçisiyəm” deyirsə, onlar kimdirlər!?

- Şəmsəddin bəy, yanvarın 23-də Daxili İşlər Nazirliyində Cinayətkarlıqla Mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirildi. Təəssüratınız və gözləntiləriniz necədi?

- Bütövlükdə kollegiya iclası dövlətin cinayətkarlığın bütün növlərinə qarşı mübarizə siyasətinin düzgün formalaşdırılmasının, Daxili İşlər Orqanlarının bu siyasətdə iştirakının və onun prinsipallıqla həyata keçirilməsinin açıq göstəricisi idi. Qeydə alınmış 26.672 cinayətin dinamikasında qəsdən adam öldürmənin 5.4%, adam öldürməyə cəhdlərin 23.4%, soyğunçuluqlar 3.9%, quldurluqlar 2%, dələduzluqlar 24.3%, hədə-qorxu ilə tələb etmələr 13.4%, ictimai yerlərdə baş verən cinayətlər ötən illə müqayisədə 26% azalmışdır. Bu qeyd etdiyim kimi, cinayətkarlıqla mübarizə siyasətinin düzgün formalaşdırılmasının təzahürüdür. Əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən cinayətlərin sayında da 1.3%, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin də 30.1%-nin azalması təqdir olunan xüsusi növ fəaliyyətdir.

Digər sevindirci hal ondan ibarətdir ki, ağır və xüsusilə ağır cinayətlərin 87%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97%, qəsdən adam öldürmə faktlarının 95%, qəsdən sağlamlığa ağır zərər vurma hadisələrinin 94%, ictimaiyyətə hörmətsizlik və yaxud müstəsna həyasızlıqla törədilən xuliqanlıqların 86%-nin prokurorluq orqanları ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində keçmiş illərdən qalan 329 cinayətlərin açılması təmin edilmişdir.

Ölkədə təhlükəsizliyin və sabitliyin davamlı təmini məqsədilə cəmiyyətin siyasi, iqtisadi və sosial inkişafı üçün təhlükə mənbəyi olan 818 cinayətkar qrupun hesabat dövrü ərzində zərərsizləşdirilməsi ölkədə kriminogen durumun sözsüz nəzarətdə saxlanılmasından, daha doğrusu mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən xəbər verir. Sadə anlamda ifadə etsəm, harda dövlətin siyasəti bu istiqamətdə təkmil deyilsə, harada polis qurumu peşəkarlığından, verilən təlimatlardan və vətəndaşların məlumatlarından bacarıqla istifadə edə bilmirsə, orada pusquda duran kriminal aləm aktiv olur. İctimai münasibətlərə ağlasığmaz zərər dəyir. Şükür, Azərbaycan polisi hamıya bəlli olmayan bu incə məqamı nəzarətində saxlaya bilir. Nəticə isə göz qabağındadır.

Başqa təqdir olunası hal da var. 2019-cu il ərzində 31.539 cinayət işinin əksər hissəsinin-81%-nin istintaqı polis orqanları tərəfindən başa çatdırılıb məhkəmələrə göndərilmişdir.

Təbii ki, qarşıda duran vəzifələr də cənab Nazir, general-polkovnik Vilayət Eyvazov tərəfindən bəyan edilib. “2020-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin təmin olunmasında qazanılan səmərəli nəticələr davam etdirilməli bu istiqamətdə peşə bacarıqlarının yüksəldilməsinə çalışmalıyıq.”

- Keçmiş polis məmuru kimi, Daxili İşlər Orqanlarının kollektivinə hansı təklifləri verərdiniz?

- Müasir polis 30 il öncə çalışan polis deyil. Keçmiş illərdə cinayətkarlıqla mübarizədə istifadə edilən metod və üsullara, vasitələrə o qədər də ehtiyac duyulmur. Əməliyyat-axtarış fəaliyyətində “təkbaşına–şəxsi axtarış” üsulu ilə cinayəti törədənlərin izinə düşmək praktikada rast gəlinsə də, çox azdır. İndi kommunikasiya metodlarından, müşahidə kameralarının imkanlarından geniş istifadə edilir. Yol Polisində-Yol Patrul Xidmətində çalışanların geyim formasının modern formaya dəyişdirilməsi ölkədəki nəqliyyatın hərəkət istiqamətlərində olan nəqliyyat sahiblərinə xəbərdarlıq eyhamı təəssüratını bağışlayır.

Çox istərdim ki, hər bir qeydə alınmış cinayətin subyekti ətrafında, onun şəxsiyyəti barədə məlumat toplanılsın, onun psixoloji, psixiatrik durumu tədqiq olunsun. Cinayətin törədilməsində onu sövq edən hansı səbəblər olub? Bu səbəblərin aradan qaldırılması istiqamətində təkliflər verilsin. Bəlli olan o səbəblərin aradan qaldırılmasına prinsipiallıqla yanaşılsın.

Cinayətkarlığı doğuran iqtisadi, sosial faktorların aradan qaldırılmasına dair Milli Fəaliyyət Proqramlarının icrasına ciddi yanaşılsın.

Yerlərdən şəhərə axını - miqrasiyanı doğuran şəraitin aradan qaldırılması istiqamətində böyük iş görmək lazımdır. Miqrantlar qeydiyyatdan yayındıqca qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılması çətinləşəcək, kriminogen mühit mürəkkəbləşəcək.

İstintaqın əvvəlki kimi yalnız Prokurorluq, Daxili İşlər və Dövlət Təhlüksəzilik orqanlarında - üç qurumda olması cinayətkarlıqla mübarizəyə fayda verə bilər. Cinayət işləri üzrə istintaqın 90%-ə yaxını Daxili İşlər Nazirliyinin strukturlarında aparılır. Qalan az bir hissəsi Prokurorluq, Təhlükəsizlik və digər orqanlarda aparılır. Vergi, Gömrük, Sərhəd, Fövqaladə və digər Nazirliklərdə istintaqın aparılması, zənnimcə, cinayətkarlıqla mübarizədə səmərə vermir. İstintaq şaxələnir. Hüquqşünaslıq ixtisası üzrə biliyi olmayan və yaxud aşağı olan, təcrübəsiz orqan rəhbərlərində istintaq aparatının olması istintaqın gedişinə xələl gətirər.

Mübarizənin səmərəliyini artırmaq üçün Polisin sosial durumu, həyat səviyyəsi, rifah halı yüksəldilməlidir. Polis dövlət hesabına mənzillə təmin edilməlidir. Polisin maddi durumunun aşağı olması, evsizliyi, ailənin problemini həll edə bilməməsi mübarizənin vəziyyətinə mənfi təsir edə bilər. İpoteka ilə mənzilə sahib çıxmaq isə polis üçün uzaq imkandır. 25-30 il xidmətdə olan polisin 25 illik ipoteka müqaviləsi ilə mənzilə sahib çıxması ağıla sığmır. Bu mürtəce yanaşmadır. Polisə aşağı faizlə yüksək məbləğdə kredit verilməlidir ki, ailə üzvlərinin sayına uyğun mənzil ala bilsin.

Sonra demək istərdim ki, əxlaq, tərbiyə və mədəniyyət cinayətə meyilli şəxslərin instinktlərini məhv edir. Mədəni və əxlaqlı, nəfsini qoruya bilən insan heç vaxt Cinayət Məcəlləsilə cəza təhdidi altında qadağan edilən ictimai-təhlükəli əməllərə yol verməz.

Amma cinayətkarlıq cəmiyyət kimi inkişaf edir və əbədidir. Vəziyyət mürəkkəbləşdikcə fərdlərə də çətin olur. Cinayətkarlıq cəmiyyətdəki inkişafın məhsuludur - əlavə məhsulu. Cəmiyyətdə yetişir və yayılır.

- Daxili İşlər Naziri Vilayət Eyvazovun polis xidmətindəki islahatlar barədə, bir  veteran polis kimi, nə deyə bilərsiniz?

- Tam səmimi cavab verəcəyəm. Səhv etmirəmsə, 2000-ci ildə DİN-nin kollegiya zalında gənc polis əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığın artırılmasına həsr olunmuş iclasda Vilayət müəllim həm gənc polis əməkdaşlarının önündə gedən, həm də kadr ehtiyatının gələcək ümidli namizədi kimi, rəhbərliyin etimadını qazanmış, özünü təsdiqləmişdi. Zaman ötdükcə artıq nazir postunda qərar tutan çox hörmətli Vilayət müəllim xidməti pilləkənlərində inamla irəlilədi. Ekstremal şəraitlərdə tərəddüdə qapılmadı, müvazinətini qoruya bildi, qəbul etdiyi sərbəst qərarlar özünü doğrultdu. Cəsarət nümayiş etdirdi. Dövlətçiliyə qarşı qiyama, dövlət çevrilişinə cəhdlər zamanı seyrçi mövqedə durmadı və dura bilməzdi. Həm konstitusion hüquqlarından, həm də xidmətini tənzimləyən normativ aktlardan düzgün istifadə etdi, milli, daxili təhlükəsizlik, vətəndaşların rifahına, həyat səviyyəsinin yüksəldilməsinə əngəl ola biləcək sabitliyin pozulmasına imkan vermədi. Vilayət müəllim həmin vaxtlarda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəhbərlik edirdi. Onun, sərt, lakin müstəqil fəaliyyəti ətrafa, sabitliyi pozmaq istəyənlərə görk oldu. Sonra, nazir müavini, nazirin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator və nəhayət, nazir! Mən heç bir şərh vermədən olanları deyirəm. Uzun illər cinayətkarlıqla mübarizə işində və əməliyyat axtarış fəaliyyətindəki boşluqları görərək onun ləğvi ilə bağlı tədbirlər də görülürdü. Bu gün xidməti fəaliyyətindəki əməliyyat–axtarış manevrləri hamını təəccübləndirir. Apardığı kadr islahatları ictimai maraqla üst-üstə düşür. Hər halda ictimai rəy yüksəkdir.

Ölkə Prezidentinin çox hörmətli Vilayət Eyvazovun yüksək vəzifəyə təyinatı barədəki aktı, ona general–polkovnik rütbəsinin verilməsi hamının, çoxminli polis əməkdaşlarının ürəyincə oldu. Prezident aydın addım atdı, düzgün seçim etdi. Etibar edilən vəzifənin icrasında çətinliklər yoxdur, verilən tapşırıqlar aydındır, inşallah, görünən dağa bələdçi də lazım deyil. Biz də həm QHT, vətəndaş cəmiyyətinin aparıcı üzvləri və polis veteranı kimi ona ümumi təhlükəsizlik naminə dəstək verməyə hazırıq. O, sələfi general-polkovnik Ramil Usubovdan aldığı tapşırıqları təkmilləşdirərək həyata keçirir. Biz də onun yanındayıq. Uca Tanrı Ona dayaq, uğurları çox olsun!

Rasim Əliyev

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar