20 MİNİN AĞIRLIĞI ALTINDA ÇAT VERƏN “SƏDAQƏT” – Əli Həsənovun heyrət doğuran dirənişi

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) bir ay gecikmə ilə, amma ənənəvi qaydada qəzetlərə maliyyə ayırdı. Fonddan dəstək alacaq nəşrlərin siyahısı dərc olunmamış, adı daim yardım siyahısının başında gələn "Kaspi" və Kaspiy" qəzetlərinin ölkə Prezidentinə şikayət dolu müraciəti yayıldı. Məlum oldu ki, əvvəllər dövlətdən ildə 480 min manat yardım alan bu qəzetlərə bu dəfə pul ayrılmayıb. KİVDF rəhbərliyi də bu barədə bir kəlimə ilə olsun, izahat verməyib. Yəqin ki, ehtiyac duymayıb!

"Kaspi" qəzeti və onun rusca əlavəsi Prezidentin keçmiş köməkçisi, uzun illər hakimiyyətin media siyasətinin icrasını həyata keçirən Əli Həsənovun ailə üzvlərinə məxsusdur. Təsisçisi və baş redaktoru Əli Həsənovun xanımı Sona Vəliyevadır. Elə dünən Sona xanım, ardınca da Əli Həsənov kollektivin narazılığını dəstəkləyərək KİVDF-nin qərarına sərt təpki göstəriblər. "KİVDF-nin “Kaspi” qəzetini dövlət maliyyəsi alan qəzetlərin siyahısından çıxarması bütövlükdə bizim kollektivə qarşı ədalətsiz qərardır. Dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan “Kaspi” qəzetləri ixtisar olunub. Bu gün “Kaspi” qəzeti öz nüfuzu ilə seçilən qəzetlərdən biridir. Rus və Azərbaycan dillərində gündəlik çıxan “Kaspi” qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir...", - S.Vəliyeva “Feysbuk” səhifəsindən paylaşdığı açıqlamasında qeyd edib.

Keçmiş köməkçinin həyat yoldaşının dediklərinin şərhinə və bəyanatının davamına qayıdacağıq, çünki təsisçi olduqca mühüm mətləblərə toxunub. Hələlik Əli Həsənovun özünün dünənki açıqlamasının bəzi məqamlarına nəzər yetirək.

"Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?”, - keçmiş köməkçi sərt şəkildə sual edir və "Kaspi" qəzetlərinə maliyyə yardımı ayrılmamasının “məntiqini anlamadığını” əlavə edir.

Əli Həsənov məsələni araşdırdıqlarını bildirir: "Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət ediblər".

Əli Həsənov düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar (!) qəbul edə bilər.

Ümumiyyətlə "Kaspi" qəzeti ilə bağlı KİVDF-nin qərarına gəldikdə, əvvəla Fond, ildə yarım milyon manata qədər pul ödədiyi qəzeti maliyyələşdirməkdən hansı səbəbə görə imtina etdiyini açıqlamayıb. Bu, ən azı qəzetin kollektivinə, ümumiyyətlə media ictimaiyyətinə qarşı hörmətsizlikdir. Nə baş verib ki, 2006-ci ildən davamlı olaraq ən yüksək səviyyədə dövlət dəstəyi alan media orqanı birdən-birə siyahıdan kənarlaşdırılır? Bu qərarın qəzetin təsisçiləri ilə bağlı baş verənlərlə əlaqəsi varmı? Yaxud, KİVDF rəhbərliyindən bu qəzetə yardımın dayandırılması tələb olunubmu? Fond rəhbərliyi bu sualara cavab verməyə borcludur.

Bununla belə "Kaspi" qəzetinin fəaliyyətini və lazımlılığını çox da şişirtməyə dəyməz. O, müəyyən layihələri ilə digər nəşrlərdən yaxşı mənada fərqlənsə də, ümumilikdə oxucu kütləsinin axtarıb pul verdiyi nəşr deyil. Çap mediası tamamilə KİVDF-nin nəzarətinə keçdikdən sonra bu qəzet də başqaları kimi olan-qalan oxucularını itirib. Satış demək olar yox səviyyəsindədir, amma təsisçilərin inzibati gücü, əlaqələri hesabına üç min tirajla abunə yolu ilə yayılıb. Bu işdə təsisçilərə məxsus "Azərmətbuatyayım" firması da müstəsna rol oynayıb.

Sona Vəliyevanın bəyanatından görünür ki, dövlət dəstəyinin kəsilməsi ilə 100 nəfər kollektivi olan (Kollektivin Prezidentə müraciətində bu rəqəm ümumilikdə 50 göstərilmişdi, Sona xanım 100 nəfərdən söhbət açır -müəll.) qəzet bağlanacaq, jurnalistlər işsiz qalacaq. Təsisçi ümid edir ki, Prezident və Birinci-vitse-prezident buna imkan verməyəcəklər, tarixi ənənələri olan, "üç əsrin" qəzeti yaşayacaq. Bunu ancaq ölkə rəhbərliyi edə bilər. Amma sual olunur: Hörmətli Əli Həsənov, Sona Vəliyeva dövlət dəstəyi olmadan bunu edə bilməzlərmi? Maddi imkanları çatmazmı, bu tarixi ənənələri olan qəzeti yaşatmağa? Sona Vəliyevanın bəyanatında bu barədə bir neçə cümlə var: "Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki, zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın". Sona xanım göstərir ki, qəzetin yaşaması üçün fədakarlıq etməyə hazırdırlar, amma bu iztirablı yolun ağırlığı maaşsız, qonorarsız çalışacaq kasıb jurnalistlərin çiyinlərinə düşəcək. Burası aydındır, bəs "Kaspi" təsisçilərinin məhrumiyyəti nədən ibarət olacaq? Sona Vəliyevə bunu aydınca ifadə edib: təsisçilikdən imtina edə bilər!...

Bəyanatdan göründüyü kimi, təsisçi ölkə rəhbərliyindən pul, qəzetin kollektivindən isə könülü məhrumiyyət, fədakarlıq umur. Bəs bütün qazancı, sərvəti, nəhəng biznesi dövlətin media siyasətindən çıxmış Əli Həsənovun özü niyə tarixi "Kaspi" qəzeti, onsuz da qəpik-quruşa işlətdikləri jurnalistlər üçün çiynini yükün altına vermək istəmir? Bu ailənin biznes imperiyası, nəhəng gəlirləri, əllərində olan milyonluq mülklər hamıya məlumdur. Məsələn, elə "Kaspi" qəzetinin redaksiyasının yerləşdiyi nəhəng binanın onlarla media orqanı, şirkət, o cümlədən KİVDF-nin timsalında dövlətə yaxşı qiymətə icarəyə verilməsindən əldə olunan babat gəlirin cüzi hissəsini qəzetin nəşrinə xərcləmək olmazmı? Yaxud, milyonlarla dövriyyəsi olan "Xətai" estetik klinikasının, ölkədə özəl təhsil bazarında ən böyük payçılardan olan "Kaspi" Təhsil Şirkətinin nəhəng dövriyyəsindən 10-15 min manat qıymaq mümkün deyilmi? Yoxsa vaxtilə reklam bazarından axıdılıan irimiqyaslı vəsaitlərin ünvanı olan "Xəzər" telekanalının bu cüzi vəsaiti ödəmək imkanı yoxdur? Başqa bilinən və bilinməyən gəlirlərə sahib olan, məmur oliqarxiyasının sıralarında önəmli yer tutan milyonçu ailə niyə öz qəzetini saxlamaq istəmir? Bu işi elə cənab Həsənovun hamıdan çox və tez-tez vurğuladığı "Prezidentə, dövlətçiliyə sədaqətli xidmətin" real bir nümunəsinə çevirmək olmazmı? YOXSA BU “SƏDAQƏT” CƏMİ 20 MİN MANATIN AĞIRLIĞINA DÖZMƏYƏRƏK, ÇAT VERDİ?!

Təsisçilərin əsas iradı, qəzəbi KİVDF rəhbərliyinə qarşı yönəlib. Bu təşkilatın idea müəllifi, onu yaradan, formalaşdıran şəxs Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Fonda Vüqar Səfərlinin sədr təyin olunması da onun təklifi ilə baş tutub. Qurumun faktiki idarəçiliyi - vəsaitlərin, yardımların, mükafatların, mənzillərin bölünməsi, xarici səfərlərin təşkili, orada kimlərin iştirak edəcəyinə qədər hər şey hörmətli Əli müəllimin nəzarətində olub. İndi onun xanımı Sona Vəliyevanın dönüb keçmiş işçisinə qəzəblənməsi başadüşülən deyil. Onlar bilmirlər ki, bu qərar niyə, hansı səbəbdən verilib, onu dəyişmək müşkül məsələdir? Əlbəttə bilirlər, amma Fondun son qərarında o qədər ziddiyətlər, günün tələbi ilə uyuşmayan məsələlər var ki, görünür, onlardan yapışmaqla etirazı pərdələmək daha asan gəlib. Sona Vəliyeva bəyanatında Fondun 14 il davam edən effektsiz xərcləmələrini bu şəkildə qınayıb: "Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı bir dövrdə “Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır. Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar, KİVDF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli və sonra bu fikirləri müvafiq olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki, Prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin fəaliyyətini davam etdirməsini dəstəkləsinlər". Bu fikirlərlə Sona xanım “Kaspi”nin maliyyələşdirilməsinin dayandırılması qərarının Prezidentə məxsus olduğunu iddia edir. Amma ardınca da bu qərara etiraz edir. Təsisçi KİVDF-dən əvvəl ad çəkmədən "bu addımı atan məmurlar" ifadəsi işlədir. Bu məmurlar kimlər ola bilər, onlar harada əyləşirlər? Əlbəttə, başqa ünvan axtarmaq mənasızdır, söhbət Əli Həsənovun ötən ilin dekabrında tərk etdiyi Prezident Administrasiyasında medianı kurasiya edən şəxslərdən gedir. Hələlik strukturlar tam formalaşmadığından onların adları, fəaliyyətləri cəmiyyətə məlum olmasa da, görünür, Sona xanım onları yaxşı tanıyır. Ona görə qəzəbinin bir hissəsini bu istiqamətə yönəldib ittihamlar yağıdırır.

İkinci qınaq ünvanı KİVDF rəhbərliyidir, konkret ifadə olunur ki, Fond "Kaspi"-ni bağlanmağa məcbur edir, amma heç bir tarixi və ənənəsi olmayan qəzetləri yaşadır. Bununla qurumun fəaliyyətinə əslində yaxşı qiymət verilir. Amma bir mühüm nüans əlavə olunmur: heç bir tarixi və ənəsi olmayan qəzetləri yağ-bal içində üzdürən KİVDF, Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıd olan, müstəqil jurnalistikanın məktəblərini də siyahıdan kənarda qoyub. Onlar Əli Həsənovun həyata keçirdiyi media siyasəti nəticəsində artıq çoxdan media məkanında yoxdurlar. Sona xanımın KİVDF ilə bağlı dediyini böyük etiraflar adlandırmaq olar. Çünki 14 ildə Fondun işi cəmiyyətin maraqlarına xidmət edən peşəkar, vicdanlı, müstəqil medianı sıxışdırıb onların yerinə gərəksiz, makulaturadan başqa heç nəyə yaramayan nəşrələri maliyyələşdirmək, elementar jurnalistika bacarığı olmayan redaktorları varlandırmaqdan ibarət olub. Dövlətin milyonlarla vəsaiti israf olunub, ondan nə hakimiyyət, nə cəmiyyət heç bir fayda görməyib.

Bununla belə, KİVDF-nin son maliyyə bölgüsü göstərdi ki, bu "ənənələr" hələ də yaşayır. Bilavasitə dövlətin media siyasətindən başlayan islahatlar bu qurumdan yan keçib. Pul bölgüsündə, Sona Vəliyevanın ifadə etdiyi kimi, heç bir əhəmiyyəti olmayan nəşrlər başda əyləşdiriliblər. Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) orqanı, əsas fəaliyyəti dövlət agentliklərinin rəsmi məlumatlarını kopyalayıb səhifələrinə yerləşdirməkdən ibarət olan "Yeni Azərbaycan" qəzetini götürək: Bu qəzetə ayda 20 min manat pul veriləcək, bu, ildə 240 min manat edir. Bu vəsaiti niyə YAP yox, dövlət ödəməlidir? Hakim partiya ötən il elan edib ki, 9 milyon manat vəsait toplayıb. Bu nəhəng rəqəmdən qəzetə 240 min manat vermək çoxmu müşkül məsələdir? Yaxud, 750 minlik YAP ordusunun 2-3 faizi öz qəzetlərini niyə almaq istəməsin ki? Bu iş təşkil olunsa, rəhbərlik də səxavətli olsa, "Yeni Azərbaycan"-nın kollektivi yaxşı maaş, qonorar alar. Eyni qaydanı hakim partiyanı müdafiə edən "Səs" qəzetinə də aid etmək olar. Ölkənin birinci partiyasının cəmi iki qəzeti yaşatmağa imkanı yoxdursa, bu qəzetlərdən imtina olunmalıdır. Onsuz da oxucu onlardan çoxdan imtina edib.

İctimaiyyət Vüqar Səfərliyə məxsus olan, adı yardım siyahılarının başında duran "Mövqe" qəzeti ilə bağlı səxavətin səbəbini də sorğulayır. Nəyə görə, hansı meyarla, hansı xidmətlərinə görə, bu redaksiya dövlətdən ən böyük pay alır? Bircə cavab var - Fond rəhbərliyinin qəzetidir, ona görə. Və bu cümlənin bütün ifadəsi KİVDF-də korrupsiyanın səviyyəsini göstərir.

Ötən ilin sonunda həyata keçirilən struktur və kadr dəyişiklikləri media siyasətində də yeniliklərin olacağına dair ümidlər yaratmışdı. Gözləntilər vardı ki, KİVDF-nin qıcıq doğuran, ədalətsiz, qeyri-şəffaf bölgülərinə, müsabiqələrinə son qoyulacaq, həqiqi inkişafı stimulladıracaq addımlar atılacaq. Amma təəssüf ki, fevralın 2-də məlum oldu ki, hələlik media ictimaiyyəti KİVDF rəhbərliyi ilə Əli Həsənov arasındakı pul çəkişməsini izləməli olacaq.

Rasim ƏLİYEV 

“AzPolitika.info”

635x100

Şərhlər

Elburus 2020-02-07 04:39:14

Əli Həsənov YAP-ın idarə heyətinin üzvüdür. Əli Əhmədovu da, Sİyavuş Novruzovu da yap-a gətirib vəzifə verən elə Əli Həsənovun özü olub. Neçə illərdir bu iki adam Əli Həsənovun qoltuğunda yaşayıb kölgəsinə sığınıblar. Bu partiya hər ay yüz minlərlə pul yiğir öz üzvlərindən, onun bir hissəsini də qeydsiz-filansız Əli Həsənov kimi xaç atalarına çatdırıbla. İndi ki Kaspi qəzeti Əli Həsənovun xanımınındır, həmişə də Əli Əhmədovu, yap-ı tərifləyir. Onda yap hər ya yığdığı yüz minlərlə puldan ona aylıq vəsait ayırsın. Əgər bunlar deyirsə ki, Kaspi hakimiyyət qəzetidi, onda bu yap Kaspi, səs, yeni azərbaycan qəzetlərinə niyə oul verimir. Yəni hakiyyəti təbliğ edən qəzetlərə yap bu qədər saymazyana,vecsiz yanaşır? Hakimiyyəti də belə dəstəkləyərlər ay yap? QOy onda Əli Əhmədov öz adaşının və xaç atasının, yəni Əli Həsənovun xatirinə yap-dan hər ay aldığı 10 min manat pulu Kaspi qəzetinə peşkəş eləsin. Kişi döyülzüz bəyəm. Dosd dosta nə gündə gərək?

Bakılı Atoppa 2020-02-07 04:29:31

Sona Vəliyeva! Sizin Kaspidən çıxmağınız da, Kaspinin pulsuz qalması da Azərbaycan mediası üçün də, geniş oxucu kütləsi üçün də zərrə qədər itki, fəlakət, faciə, problem deyil. Lap günü sabah qəzetiniz bağlansa belə bundan nə tarixi ənənələri olan Kaspi, nə mətbuat tarixi, nə müasit jurnalistika, nə peşəkar jurnalistlər bundan heç nə itirməyəcəklər. Heç zəhmət çəkib işçilərinizi də incitməyin. Vaxtilə jurnalistlərə, istedadlı yazarlara və müəlliflərə qarşı etdiklərinizi indi Tanrı öz qarşınıza çıxarıb. Buna görə kollektivə məktub yazdırmaq da əbəsdir. Günü bu gün işinizi dayandırın, sabah heç yada da düşməyəc nə işiniz, nə qəzetiniz, nə də əvəzolunmas jurnalistləriniz.Özünüzə bu qədər vurulmayın.

Naxçıvanski 2020-02-07 04:22:41

Yəni hakimiyyət o günə qalıb ki, Əli Həsənovun qoltuğuna sığınan Kaspi, Səs, Paritet, Palitra, Mövqe, Azad Azərbaycan. Yeni Azərbaycan, Yeni Müsavat, Cümhuriyyət, İki sahil, Mövqe, Yeni zaman kimi alınmayan, oxunmayan, səviyyəsi aşağı olan qəzetlərə bu qədər maliyyə vəsaiti ayırır? Yəni bu qəzetlərin yaraysız və qıcıq doğuran primiv yazılarının, təbliğatının ümüdünə qalıb hakimiyyət? Axı bu qəzetlərin yazdıqları nə varsa, hamısı iri informasiya agentliklərindən əldə olunur. Bu makulatura mediasına dövlət niyə hər il bu qədər vəsait ayırır? Dünyanın harasında dövlət öz vəsaitini belə boşuna xərcləyir? Yaxşı media odur ki, özü qazanıb özünü, jurnalistlərini saxlaya bilsin. Ölkə Prezidenti niyə bu qəzetlərə, Kaspiyə pul verməlidir ki? Bu qəzetlərin media siyasətinə, onun inkişafına, demoktatikləşməsinə, cəmiyyəti düşündürən problemlərə, dəyərlərə, informasiyaya bir qəpiklik faydası yoxdur. KİVDF yararsız, lazımsız, faydasız, əldəqayırma, şəffaf olmayan bir qurumdur. Bura ayrılan milyonlarla vəsaitin istedadsız jurnalistlər, lazımsız qəzetlər tərəfindən, Kaspi tərəfindən mənimsənilməsinə yol vermək olmaz. Bu pullar yaxşı oxuyan tələbələrin, doktorantların təhsil xətclərinə, gənclərinə xaricdə təhsilinə yönəldilməlidir. Preziden yanında Təhsilə və Elmə Dəstək Fondu yaradılmalıdır. Amma bir şərtlə ki, bu fondun milyonlarlar vəsaiti RAmiz Mehtiyevə və təhsil nazirliyinə verilməsin.

Mövqeli vətəndaş 2020-02-07 04:05:34

Niyə Vuqar Səfərovun adını çəkmirsiniz. O, Əli Həsənovun ən yaxın adamlarındandır. Ona bu vəzifəni də Ə.Həsəniv verib. Halbuki daha savadlı, hörmətli jurnalisti o vəzifəyə qoya bilərdi. Qısası Vuqar Səfərovun fəaliyyətini Prezident Aparatı da, Prokurorluq orqanları da, jurnalist cameəsi də ciddi yoxlamalıdır. O, Əli Həsənovla əlibir olub Prezidentin ayırdığı maliyyə vəsaitinə şəffaf, obyektiv yanaşmayıb. Əgər Əli Həsənov bu vəsaitlərin mənimsənilməsində şübhəli bilinirsə, orada mütləq Vüqar Səfərovun da adı var. Bu Səfərov hələ Prezidentin jurnalistlərə tikdiyi binalara da rəsmi nəzarət edir. KİVDF-ni idarə edənlərin yeri media deyil, Binə bazarıdı...

Böyük Kişi 2020-02-07 03:58:18

Bu KİVDF-ni yaradan və onun sədrini, üzvlərini təyin edən Əli Həsənov olubdur. Mediada nə qədər istedadsız, jurnalistikadan xəbəri olmayan, yalançı..... var Əli Həsənov hamısını KİVDF-yə yığıb. Vaxtilə Əli Həsənov üçün Prezidentin ayırdığı vəsaitdən "şapkar"ı, faiz yığıb ona çatdıran bu qurum indi də Əli Həsənova qarşı həmin şeyləri edir. Əli Həsənova Allah bir qapı açıb çörək vermişdi. O da Prezident Aparatına, və mediya strukturlarını ən qabiliyyətsiz, mediaya lazım olmayan, simasız, üzə duran, oğru, atanşik adamları yığdı. Belələrini ətrafına topladı. Əgər öz ətrafına savadlı, ləyaqətli, düz, vicdanlı, istedadlı, dövlətə xeyir verən insanları, ziyalıları toplasaydı özünün də, işinin də cəmiyyət arasında hörməti və dəyəri olardı. Daha bu günə qalmazdı. Gör nə günə qalıb ki, gecə-gündüz ona quyruq bulayan qabiliyyətsiz, yaltaq, minsifətli media kapitanları və jurnalistləri indi onunu özünə torba tikirlər, atırlar. Elə torba tikməyi də onlara Əli Həsənov öyrədib. Gör bu dövlət məmuru illərlə kimləri ətrafına yığıb.

Zeynalabdin 2020-02-07 03:49:01

Bu Kaspi qəzeti haqqqında niyə yalan uydururlar? Guya tarixi ənənələri olan qəzetdir. Yalandır, heç bir tarixi ənənəsi yoxdur. Jurnalistika tarixinə böhtan atıb onu ləkələməyin. BDU Jurnalistika fakultəsinin müəllimləri də yarınmaqdan əl çəkmirlər. Belələrinin dərs verdikləri də özləri kimi jurnalist olacaq. Deyirlər ki, Kaspi böyük tarixi ənənələri davam etidirir. Keçmişdəki Kaspi qəzetini guya bunlar bərpa edib yaşadır və s. Hələ o birisi var ey, qadındır, yeraz, özünə jurnalist deyir. O da utanmadan ictimaiyyətə yalan sırıyır ki,Kaspinin tarixi ənənələri var. Jurnalistika tarixi gözümüz görə-görə bu qədər saxtalaşdırılır. Halbuki bu iki qəzetin ad eyniliyindən savayı heç bir əlaqəsi, bağlılığı, ənənə yaxınlığı yoxdur. yoxdur. Əli Həsənov öz vəzifə səlahiyyətlərindən istifadə edərək 1999 ildə bu qəzeti xanımı üçün açıb. Bir daha tarixi Kaspi qəzetinə böhtan atıb bu qəzetlə əlaqələndirməyin. Ayıbdır.

AHIK 2020-02-06 16:30:44

Novbe qudasinin olmalidir

Aslan 2020-02-06 15:56:01

Daha Əli Həsənovun yalanı eçmir.Nec bu uzun illər bunu o boyda vəzifədə saxlayıblar?Axı onun bel vəzifəyə təyin edilməsi və uzun illər yalanı necə və nə üçün dözülüb?

AHIK 2020-02-06 11:07:14

Niye sherhimi tam vermirsiniz men onun qohum eqrabasindan danisiram hami bilir kim di ooooo

Mirzə AĞ 2020-02-05 20:43:36

Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

nalsur 2020-02-05 19:43:45

gelin eli muellime komek edek heremiz 0.01qep yigaq.talayib indi pulu yoxdur .Basqa vaxti and ichirdi hakimiyyete

AQAYEV 2020-02-05 19:42:44

Cək cəzandır Əli o qədər qəzetlərə jurnalistlərə zülüm etmisən indi DOSTLARIN bu metodu sizə tətbiq edirlər.Axırı daha pis ğələcək.

ejder 2020-02-05 18:23:45

aye,indi arvadlari qabaqa vermek ,moddadir...

Akif Muradov 2020-02-05 17:54:10

Bu qəzetl'ri alan,oxuyan varmı? Hər həftə onlarqalaq bağlayıb ya geri göndərirlər,ya da kilosu bir manatdan satırlar.Buna sərmayə ayırmaq cinayətdir.Çünki zərəri əvvəlcədən bəllidir.

AHIK 2020-02-05 15:13:36

Neinki sesin qezetini ... ishini dayandirmaq lazimdir

Son yazılar