GÜLƏR ƏHMƏDOVA HAKİMİYYƏTƏ XİDMƏTLƏRİNİ XATIRLADIB, MESAJ VERDİ - "...Sabah başqaları da bunu edəcək”

"Referendum zamanı Xınalıqdan tutmuş ölkənin o kəndi qalmadı ki, mən getməyim..."

Sabiq deputat Baş Prokurorluğu da ittiham etdi: "Müstəntiqə deyirəm ki, niyə gedib Sevinc Babayevanı gətirmədiz? Deyir, mən adam gətirənəm? "

Proses iştirakçılarının suallarına cavab vermək təklif ediləndə, Gülər Əhmədovanın səhhəti pisləşib

Oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Bu dəfə də jurnalistlərin məhkəmə zalına buraxılması qalmaqalsız baş tutmayıb. Məhkəmə nəzarətçilərinin sistemsizlik etdikləri – bəzi jurnalistləri içəri buraxıb, bəzilərini saxladıqları - üçün media nümayəndələri məhkəmə qapısının ağzında gərginliklə üz-üzə qalıblar. Bir neçə dəqiqəlik mübahisədən sonra nəhayət jurnalistlər yoxlanılaraq içəri buraxılıblar. Bu dəfə də jurnalistlərin məhkəmə zalına bloknot və qələmdən başqa nəsə aparılmasına icazə verilməyib. Eləcə də digər iştirakçıların çanta və telefonları nəzarətçilər tərəfindən saxlanılıb.

“YA PROSES JURNALİSTLƏRSİZ KEÇİRİLSİN, YA DA....”

Prosesdə məhkəmə istintaqının başlanmasına qərar verildi. Dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan etdi. Daha sonra Gülər Əhmədova ifadə verərək ittiham aktına münasibət bildirdi.

G. Əhmədova çıxışına mediadan giley-güzarla başladı. Bildirdi ki, məlum video qalmaqalı başlayan gündən KİV-lərdə barəsində fantastik yazılar yazılıb. “Mən onların heç birinə reaksiya vermirəm. Vicdanlarına və Allaha buraxıram”, deyən sabiq deputat jurnalistlərin yaza-yaza hadisələri bir ananın həbs olunmasına gətirib çıxardıqlarını vurğuladı: “Məni KİV-lərdə gedən materiallara görə həbs elədilər. Bu təxəyyülə əsaslanan yazılarla bağlı istintaq jurnalistlərdən heç nə soruşmadı. Birini çağırıb soruşmadı ki, sən bu xəbəri nəyə əsasən yazmısan, əlində hansı faktlar var? Halbuki cinayət işinin 90 faizi qəzet materiallarından ibarətdir. Bu qəzetlər mənim nüfuzuma zərbə vuraraq elə bir obraz yaratdılar ki, guya mən Bin Ladenəm. Xahiş edirəm jurnalistlərdən nə deyirəm, onu yazsınlar. Ötən prosesdə demişəm ki, “istəsəydim, mən də mühacirətə gedərdim, imkanlarım Elşad Abdullayevinkindən az deyil”.

Bəzi jurnalistlər götürüb bunu belə qələmə veriblər ki, guya mən “mühacirətə gedəcəm”, - demişəm. Xahiş edirəm, ya bu proses jurnalistlərsiz keçirilsin. Ya da jurnalistlərlə danışaq ki, mənim adımdan yalan heç nə yazmasınlar. Mənə, anama, övladlarıma olan olub. Yazanda düzgün yazın, Allahı görün. Bu gün 1 il 1 ay 1 gündür ki, bu bəlanın içindəyəm. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm, keyləşmə verir”.

Daha sonra G. Əhmədova sərbəst ifadə verdi. O, ifadəsində dedi ki, məlum video yayılandan iki gün sonra deputat mandatından imtina barədə MSK-ya müraciət edib və ondan sonra komissiya qərar verib. Bu addımı demokratiya naminə atdığını deyən sabiq deputatın sözlərinə görə, dünyanın əksər ölkələrində bu, alqışlanan bir addım olsa da, Azərbaycanda bunu demokratiyanın təntənəsi kimi qəbul etmədilər: “Bizim KİV bunu elə təqdim etdi ki, guya mən özümü günahkar bildiyim üçün belə etmişəm. Xeyr, mən istintaqa və demokratiyaya yardım etdim”.

“SEVİNC BABAYEVADA SANKİ ŞEYTAN TÜKÜ VARDI”

E.Abdullayevlə tanışlıqlarından danışan G. Əhmədova bildirdi ki, əvvəllər onu dövlət tədbirlərində görərək salamlaşıb. S.Babayeva ilə YAP-ın tədbirlərində görüşdüyünü vurğulayan sabiq deputat onunla hər hansı yaxınlığı olmadığını da dedi: “Məndən bacısının balaları ilə bağlı yardım istəyib, mən də eləmişəm. Xətaidə keçirilən bir toplantıda qabaqda oturmuşdu, sonradan öyrəndim ki, Sabir adına kitabxananın müdirəsidir. Məlum video çıxandan sonra yanıma gəldi, dedi ki, “səni bu işə mən salmışam”. O videoyazı isə montajdır. Mənə 2005-ci ildə ABU tələbələrinin hüquqlarının pozulması ilə bağlı şikayətlər gəlirdi. Məsələnin mahiyyəti bu idi ki, Elşad tələbələrdən pulu müəllimlər, vasitəçilərlə alırdı, lakin sonra diplom vermirdi. Bu tələbələrin valideynləri də müəllimələrin üstünə gələndə Elşad Abdullayev onlara deyirdi, get evini sat, özün ver. Bu adamların içində həbsə düşənlər, intihar edənlər oldu. Sevinc Babayeva da bu vasitəçilərdən biri idi, məsələlərlə bağlı mənə müraciət etmişdi. Sevinc seçki vaxtı mənim rəsmi vəkilim olmayıb. Lakin mənə köməklik edib. O da məndən xahiş etmişdi ki, Elşadla danışım, pulunu qaytarsın. Əslində mən bu işdə həvəsli deyildim. Amma Sevincdə sanki şeytan tükü vardı, məni razı saldı. Dedi, hər tələbəyə görə 10-150 dollar almışam, indi onun 10-15 qatını qaytarmalıyam. Üstəlik, söz verdi ki, seçkilərdə səs yığmağıma kömək edəcək. Mən də bununla bağlı danışmağa razılıq verdim. Sonra da onunla birgə Nərimanov heykəlinin yaxınlığında yerləşən E.Abdullayevin ofisinə getdik və orada onunla camaatın pulunun qaytarılmasından danışmışam. Orda söhbət yüz minlərlə dollardan gedirdi. Həmin videoyazı montaj olunub, mənim səsimdən istifadə edərək guya ondan pul istəməyim barədə təsəvvür formalaşdırıblar. Səs tembrindən istifadə edilərək əlavə cümlələr qurulub”.

“İSTİNTAQÇILAR EVİMİ DƏ, BAĞIMI DA GÖRÜBLƏR – ABU LABORANTI SƏVİYYƏSİNDƏ YAŞAMIŞAM”

G.Əhmədova E.Abdullayevin özünün, eləcə də vəkili Adil İsmayılovun videonun 4-5 saat olması barədə açıqlama verdiyini yada saldı. Çıxışçı sual etdi ki, videonun cəmi 1.5 saatı yayılıbsa, qalanı haradadır : “Mən Sevinclə yaxın olmamışam. Yaxın olsam, atasının yas mərasiminə gedərdim. Özünü də Hökumət Evindəki kabinetimdə bəzən qəbul etmişəm, bəzənsə yox. İndi də onun arxasınca heç nə demək istəmirəm. Ölən adamın arxasınca ya yaxşı danışarlar, ya da heç danışmazlar. Sağ olsaydı, çox şey danışardım. Mən axirətimi fikirləşən adamam. Belə şeylərin günahıma yazılmasını istəmirəm. Hər zaman kimsəsiz uşaqlara, qadınlara kömək etmişəm, evimdə saxlamışam. 5 saylı xəstəxanada, Bəxtiyar Vahabzadənin həkim kürəkəni var, ondan soruşa bilərsiniz. Onun yanında kimsəsiz uşağı əməliyyat etdirmişəm. Gecələr də yanında qalmışam. Bunları Allaha xatir eləmişəm. Ona görə də mənim Sevinc Babayevaya yardım etməyim adi bir şeydir. Keçmiş nazir Füzuli Ələkbərov mənə deyirdi ki, niyə siz hər dəfə Milli Məclisin iclaslarında sosial yardım problemlərdən danışırsız, gəlin özümüzə deyin də? Mən də deyirdim ki, mən bunları deməliyəm. Prokurorluqdan mənim evimə də, bağıma da gediblər. Mən adi ABU laborantı səviyyəsində həyat yaşamışam, bunu da görüblər”.

Daha sonra G. Əhmədova məşhur dəvə lətifəsini (dəvənin can üstə ondan halallıq istəyən yiyəsinə “məni niyə vaxtilə eşşəyin quyruğuna bağladın” deməsi ilə bağlı lətifə) danışandan sonra məhkəməyə “igidi öldürün, amma haqqını yeməyin. Məni də o adamlarla bağlamayın. Mənə ən təsir edən bu idi”, dedi: “Mən Konstitusiya üçün canımı qoymuşam. Referendum zamanı Xınalıqdan tutmuş ölkənin o kəndi qalmadı ki, mən getməyim, insanları maarifləndirməyim. Xahiş edirəm ki, Konstitusiyanı pozmayaq. Elşadın yaydığı videolar Konstitusiyaya ziddir. Onlar əsla sübut kimi qəbul edilə bilməz. Mən vəkillərimdən soruşmuşam və mənə deyilib ki, Elşada qədər məhkəmələr heç vaxt videoçəkilişləri sübut kimi qəbul edə bilməzdilər. Amma o, elə fenomenal şəxsdir ki, onun videoları sübutdur”.

“BİLİRƏM Kİ, İNDİ ELŞAD ABDULLAYEV ORDA NƏSƏ QAYNADIR”

G.Əhmədova E.Abdullayevin “Yeni Müsavat” vasitəsilə “əlindəki gizli videoları üzə çıxarsın” mesajına da cavab verdi: “Mənim isə heç bir gizli videom yoxdur. Məndə dövlət tədbirlərində, yetimxanalarda çəkdirdiyim videolar var ancaq. Daşam, qayayam mən dözürəm bu adamın şərinə. Məni provakasiyaya çəkən olmayıb, olmayacaq da. O, sənsən ki, vurdun qoltuğuna hər şeyi, çıxdın ölkədən. Mən bilirəm ki, o, indi nəsə qaynadır orda. Bu, mənfi presedentdir. Sabah başqaları da bunu edəcək”.

E.Abdullayevin Fransada oturub sanki naz satdığını deyən müttəhim S.Babayevanın da dünyasını dəyişdiyini xatırladıb: “Dünənə qədər Elşad yapçı idi, heykəl qoyurdu. İndi deyir mühacirəm. Mən də qalmışam ortada. Mənim vəziyyətim tragikomikdir. Bilmirəm, gülüm, ya ağlayım? Hərdən ağlamışam, hərdən gülmüşəm. Tutmusunuz, əcəb eləmisiniz. Bütün polislər, prokurorlar qardaşımdır. Amma xahiş edirəm, ittiham aktında olan qanun pozuntularını aradan götürək. Elşad adi bir yalançıdır. Qanunsuz yollarla əldə edilən sübutlar – videoçəkilişlər sübut kimi qəbul edilə bilməz. Bu video saxtadır, əsli təqdim edilməyib. Nə vaxt baxırsan, Elşad da, köməkçisi Elnur Məcidli də deyir ki, video üzərində tamamlama işləri gedir. Ay qardaş, nəyi tamamlayırsan, nə oynayırsan videonun üstündə? 4 saatdırsa, 4-nü də qoy da ortaya. Ekspertiza da götürüb videonun surətinə rəy verir. Rəydə düz 10 texniki qüsur sadalanıb. Elşad deyir, Sarbonna Universitetinin alimləri buna məəttəl qalıb. Xeyr, onlar ona məəttəl qalıb ki, sən ağılda adam necə professor olub, ora getmisən”.

Daha sonra S.Babayevanın Türkiyəyə gedişi məsələsinə toxunan G.Əhmədova bildirdi ki, onun yola salınmasında iştirak etməyib.

“VİDEODAN SONRA SEVİNCƏ DEDİM, BU ZİBİLİ ÖZÜN QAYNATMISAN, ÖZÜN DƏ HƏLL ELƏ”

Nahar fasiləsindən sonra G.Əhmədova ifadəsinə davam edib. Amma ifadəsinə davam edən sabiq deputatın səsindən, özünü çətin idarə etməsindən səhhətində problem olduğu hiss edilirdi. O, ifadəsində bildirdi ki, E.Abdullayevin videoları yayılandan sonra S.Babayeva onun yanına gəlib: “Mən dedim ki, Sevinc, bu zibili özün qaynatmısan, özün də həll elə. O da dedi, Elşadın qardaşı Elsevər onu tutduracaq. Mən də tələb etdim ki, gedib prokurorluqda ifadə versin. Lakin dedi ki, xəstədir, ifadə verə bilməyəcək, Türkiyəyə müalicə üçün gedəcək, sonra gəlib ifadə verəcək. Sevinc Türkiyəyə gedəndə mənə iki mesaj yazıb, bütün günahlarını etiraf edib. Dedi ki, Elşadın vayına oturacam. O da Elşaddan şikayətçi olan, daha sonra intihar edən, həbsə düşən digər qadınlar kimi Elşadın prokurorluqda çalışan qardaşı Elsevərdən qorxurdu. Özünüz təsəvvür edin, Elsevərin imkanları geniş olmasa, Elşad üzərində cinayət işi ola-ola necə sərhədi keçib gedə bilərdi?”

"PROKURORLUQ SEVİNC BABAYEVANIN GƏTİRİLMƏSİ ÜCÜN HEC NƏ ETMƏYİB"

G.Əhmədova dedi ki, S.Babayevanın bu işdə əsas şahid olduğunu bildiyi üçün hara getdiyini öyrənib. Amma prokurorluq onun Azərbaycana gətirilməsi üçün heç bir iş görməyib: “Prokurorluq onunla telefon əlaqəsi də yaratmadı. Halbuki oğlu onun yanından gələndən sonra prokurorluğa gedib, anasının ünvanını vermişdi. Ayxan Məmmədov ifadəsində deyib ki, Gülər Əhmədovaya dedim, anamı gətirmək istəyirəm. O da dedi ki,get gətir də. Gedib gətirəydilər də. Müstəntiqə deyirəm ki, niyə gedib gətirmədiz? Deyir, mən adam gətirənəm? Əgər mən Sevincə pislik etsəydim, o Əvəz Zeynallının məhkəməsində gəlib özünü şəhid etməzdi”.

G. Əhmədova daha sonra S.Babayevanın Türkiyə həyatından da danışdı. Ona Məryəm Solmaz adını özünün vermədiyini, ona pasport almadığını deyən sabiq deputatın sözlərinə görə, S.Babayeva Türkiyədə salona gedib, brend mağazalara gedib, saçının rəngini dəyişib: “Bu adam sərbəst yaşayıb orda. Bunu Türkiyə istintaqında ifadə verənlər də təsdiqləyib. Mənim ən böyük günahım Sevincə inanmağım oldu”.

O, sonda E. Abdullayevə də müraciət etdi: “Elşad, məndə heç bir gizli video yoxdur. Qurtar bu komediyanı. On aydır ki, həbsdəyəm, arxamda da heç kim yoxdur. Gəl və gözlərimin içinə bax. “Quran”a əl bas ki, mənə pul vermisən. Qurtar bu yalanları, komediyanı. Mən sənə qarşı heç vaxt jarqondan, tərbiyəsiz sözlərdən istifadə etməmişəm. Düşmənçiliyi kişi kimi elə. Çox qəzəbli vaxtlarım olub, lakin Sevinc Babayevanı əfv etmişəm. Prezidentdən də xahiş edirəm ki, Elşad Abdullayevi Azərbaycana gətirsin, üzləşdirmə baş tutsun”.

İfadəsinin sonunda isə G. Əhmədova bəraət istədi: “Yekunda bildirirəm ki, ittiham əsassızdır. Mən cinayət törətməmişəm. Xahiş edirəm mənə bəraət verin”.

Hakim ifadəsini başa çatdıran Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

Lakin G. Əhmədova özünü yaxşı hiss etmədiyini, məhkəmənin təxirə salınmasını xahiş edib. Hakim yarım saatlıq fasilə elan etsə də, 5 dəqiqə sonra sabiq deputatın səhhətində problem olduğu üçün prosesin oktyabrın 31-ə, saat 10.30-a təxirə salındığı elan edildi.

Əməkdaşımızın zalı tərk edərkən verdiyi “Gülər xanım, vəziyyətiniz necədir” sualına sabiq deputat “artıq dərmanlarımı atdım, bir azdan məndə keylik başlayacaq, bu dərmanlar yuxu gətirəcək”, deyə cavab verdi.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədovanın barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar