MÜƏMMALI DAİRƏLƏRDƏ YAP-IN NAMİZƏDLƏRİ - Aralarında icra başçısı da var

Məlumat verildiyi kimi, MSK-nın növbədənkənar parlament seçkisinin ilkin nəticələrilə bağlı açıqladığı siyahıda 7 dairə üzrə məlumatlar yer almayıb. Bunlar 17 saylı Yasamal üçüncü seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.

Bir qədər əvvəl 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə lider namizədin Elnur Allahverdiyev olduğu açıqlansa da, hələlik MSK-nın rəsmi saytında bu dairə iləbağlı göstəricilər qeyd olunmayıb.

Maraqlıdır ki, 17 saylı Yasamal üçüncü və 35 saylı Xətai üçüncü seçki dairəsi istisna olmaqla, digər dairələrdə hər hansı gərgin mübarizə və sürpriz nəticə gözlənilmirdi. İlkin proqnozlar bu dairələrdən YAP-ın namizədlərinin mandat alacaqlarını göstərirdi.

Xatırladaq ki, sözügedən 7 müəmmalı dairədən YAP-ın namizədləri – 17 saylı Yasamal üçüncü seçki dairəsi Elnur Allahverdiyev, 35 saylı Xətai üçüncü seçki dairəsi Turan Əliyev, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi Müşfiq Məmmədov, 42 saylı Sumqayıt ikinci seçki dairəsi Tahir Mirkişili, 77 saylı Astara seçki dairəsi Rəşad Mahmudov, 123 saylı Kəlbəcər seçki dairəsi Aqil Məmmədov və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılov idi.

Bunlardan Tahir Mirkişili, Rəşad Mahmudov və İmamverdi İsmayılov köhnə parlamentdə deputat kimi təmsil olunublar və YAP tərəfindən təkrar namizədlikləri irəli sürülüb. Turan Əliyevi heç kim tanımır və o, 35 saylı dairənin əsas favoritləri sırasına qətiyyən aid edilə bilməz.

Üç namizəd – Elnur Allahverdiyev, Müşfiq Məmmədov və Kəlbəcər rayonunun sabiq icra başçısı Aqil Məmmədovun isə ilk dəfə millət vəkili mandatı alacağı gözlənilirdi. Yəni ki, sözügedən yeddi dairədən altısında məhz YAP namizədlərinin mandat alacağı gözlənilirdi.

“Exit-poll”-un nəticələri də bunu deməyə əsas verirdi. Lakin hələlik bilinməyən səbəblərdən bu dairələr üzrə qaliblər elan olunmayıb. Maraqlıdır ki, MSK 17 saylı dairədən əvvəlcə Elnur Allahverdiyevi qalib elan etsə də, sonradan onun adını rəsmi səhifəsindəki siyahıdan silib. Ancaq bir qədər əvvəl onun lider namizəd olduğyna dair məlumat yayılıb.

Digər bir maraqlı məqam isə odur ki, 35 saylı dairə istisna olmaqla, digərlərini “sakit dairələr” hesab etmək olar. Belə olan təqdirdə həmin dairələrdəki nəticələrin açıqlanmamasının nə ilə bağlı olduğunu anlamaq çətindir.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

mehi 2020-02-10 12:59:57

yagin ozlari oz amallarindan bir balaca utanib ki lap ag elamisik va biraz yavaslayiblar

Son yazılar