İKİ MÜXALİFƏT PARTİYASININ SEÇKİ GÖSTƏRİCİLƏRİ – İsa Qəmbər nə qədər səs toplayıb?

Növbədənkənar parlament seçkilərində iştirak edən Müsavat və ReAL Partiyaları bəyanat verərək seçkiləri nəticələrini qəbul etmədiklərini bəyan ediblər. ReAL sədri İlqar Məmmədov isə seçkidən əvvəl verdiyi vədə uyğun olaraq, seçicilərini səslərini qorumaq üçün fevralın 16-da mitinqə dəvət edib.

Xatırladaq ki, Müsavat seçkidə 63, ReAl Partiyası isə 30-a qədər namizədlə iştirak edib. MSK-nın açıqladığı rəsmi nəticələrə görə, yalnız ReAL-dan bir nəfər - Erkin Qədirli deputat seçilib. Verilən bəyanatlarda qeyd olunur ki, seçki komissiyaları seçici fəallığını bir neçə dəfə şişirdib, qalib elan olunan şəxslərə əlavə səslər yazıb. Bunu MSK-nın 16 saylı Yasamal ikinci Seçki Dairəsindən qalib elan etdiyi namizəd Erkin Qədirli də etiraf edib. O, bildirib ki, komissiyalar ona verilən səslərin sayını süni şəkildə artırıb.

Hakimiyyətin dəstəklədiyi namizədlərlə bağlı məsələ aydındır, real aldıqları səslə MSK-nın artırdığı səslərin nisbətini müəyyən etmək mümkün deyil. Bəs seçki dairələrində müxalifətin əsas simaları nə qədər səs alıblar?

Müsavatın üzünü İsa Qəmbər ağardıb, Arif Hacılı isə...

MSK-nın informasiya bazasında yerləşdirilən protokollardan belə görünür ki, 19 saylı Nərimanov ikinci Seçki Dairəsindən namizəd olmuş İsa Qəmbər 3126 səs alıb. Bu nəticəyə görə o dairədə deputat mandatı alan YAP-ın namizədi Hikmət Babaoğlundan sonra ikincidir. Qeyd edək ki, bu nəticə ilə İ.Qəmbər müxalif siyasətçilər arasında ilk yerlərdən birini tutur.

Müsavat başqanı Arif Hacılı isə əksinə, 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputat seçilən Ülvi Quliyevə alternativ ola bilməyib. Başqan cəmi 291 səs almaqla, namizədlər arasında 5-ci yeri tutub. Bu ölkənin ən iri iki müxalifət partiyasından biri olan Müsavata rəhbərlik edən lider üçün bu rüsvayçı göstəricidir.

Partiyanın İcra aparatının rəhbəri Gülağa Aslanlı da parlaq nəticələrə sahib deyil. 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən namizəd olmuş Aslanlı toplam 551 səs alıb ki, bununla namizədlər arasında dördüncü ola bilib. Hənin dairədən Hacı Madər Musayev 7-ci dəfə deputat mandatı əldə edib. G.Aslanlının başqandan daha çox səs almasının səbəblərini izah etmək çətindir. Çünki hər iki namizəd demək olar ki, seçki təbliğatı aparmayıblar.

Müsavat başqanının müavini, 11 saylı Qaradağ Seçki Dairəsindən namizəd olmuş Səxavət Soltanlı isə partiyadaşlarından daha yaxşı nəticə göstərib. 1396 səs alan başqan müavini bununla yenidən deputat mandatı əldə edən Aydın Hüseynovdan sonra ikinci yeri tutub. Qalan namizədlər ondan xeyli az səs toplayıb.

Müsavat Partiyasından keçmiş deputat Arzu Səmədbəyli də nəticələrinə görə ikinci sırada dayanmır. O, 921 səs alıb və bununla üçüncü yerdə qərarlaşıb. Xatırladaq ki, A. Səmədbəylinin namizəd olduğu 8 saylı Binəqədi birinci Seçki Dairəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deputat seçilib. Kifayət qədər ciddi rəqabətin olduğu bu dairədə başqalarından fərqli olaraq karusel, saxtakarlıq və s. neqativ hallarla bağlı sosial şəbəkələrdə heç bir məlumat, foto, video yayılmayıb.

ReAL-çılar Müsavat namizədlərindən daha yaxşı nəticə göstərib

ReAL Partiyasına gəlincə, deputat seçilən Erkin Qədirlinin məntəqələr üzrə səslərini hesablamağa lüzum görmədik. Çünki cənab Qədirlinin özü də etiraf edib ki, ona yazılan səslər şişirdilib. Namizədin sözlərinə görə, seçki fəallığı olduqca aşağı olub və 1000 seçicidən 49 nəfər səsvermədə iştirak edib. Qədirli seçici saylarında MSK-nın saytına uyğunluq yaratmaq üçün onların sayının artıq göstərildiyini bildirib.

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən deputatlığa namizəd idi. Müşahidəçilər bu dairədən hakimiyyətin ona mane olmayacağını proqnozlaşdırsalar da, seçki günü tamamilə gözlənilməz nəticələr ortaya çıxdı. YAP-ın bu dairədən namizəd göstərdiyi 26 yaşlı Səbinə Xasıyeva qalib elan olunub.

Natiq Cəfərli bu dairədən ən yüksək səs alan namizəddir. Seçkiyə gələn seçicilərin 1724 nəfəri ona etimad göstərib. Qalan namizədlər isə olduqca aşağı səs alıblar. 

ReAL-ın daha bir tanınmış üzvü, həkim Vasif İsmayıl da parlaq nəticə göstərib. O, 41 saylı Sumqayıt birinci Seçki Dairəsində Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya qarşı mübarizə aparıb. Ümumiyyətlə, bu dairədə seçici fəallığı həddən artıq aşağı olub. Seçkiyə gələnlərin 1806 nəfəri Vasif İsmayıla səs verib. Bu nəticə ilə o dairə üzrə ikinci olub və qalan namizədləri xeyli geridə qoyub.

Qeyd edək ki, bu rəqəmlər MSK-nın informasiya bazasında məntəqələr üzrə yerləşdirilən nəticələrin toplanmasından ibarətdir. Onun reallığı nə dərəcədə əks etdirməsi məlum deyil. Çünki bəzi müxalif namizədlər seçki komissiyaları tərəfindən onların səslərinin azaldıldığına dair bəyanatlar səsləndiriblər.

“AzPolitika”

635x100

Şərhlər

letif 2020-02-14 10:53:56

bunlardan xalq bezib

Son yazılar