“HƏTTA AZƏRBAYCAN HÜCUM DA EDƏ BİLƏR...” – “Moskvada Paşinyana açıq inamsızlıq var”

Ölkənin siyasi həyatında hansı hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağ problemi Azərbaycanın ən vacib gündəm məsələsi olaraq qalmaqdadır.

“AzPolitika.info” Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri, konfliktoloq Arzu Abdullayeva ilə bu problem və onun həlli yolları mövzusunda söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Arzu xanım, son dövrlər insan haqları sahəsindən kənarlaşaraq, daha çox münaqişələr mövzusunda işləyirsiniz. Bu, nə ilə bağlıdır?

- Bəli, elədir. Əsasən Dağlıq Qarabağ münaqişəsi, eləcə də regional səviyyədə gürcülərlə birlikdə Abxaziya və Qarabağ məsələlərilə məşğul oluruq. Hesab edirəm ki, münqaişənin həlli ilə məşğul olan mütəxəssis hər bir səviyyədə bu işi bacarmalıdır. Həm danışıqlara getməlidir, həm öz ölkəsində müxtəlif hədəf qrupları ilə işləməlidir, həm politoloji iş aparmalı, həm də beynəlxalq təşkilatlarla işləməlidir. Yəni bu, çoxtərəfli və geniş işdir. Əfsuslar olsun ki, mən bunu görmürəm. Açığı, münaqişə ilə məşğul olan beynəlxalq təşkilatlar da bu işi aparmırlar. Mən beynəlxalq qurumlarda çıxış edərkən açıq deyirəm ki, münaqişələri həll etmək üçün çoxtərəfli, bir neçə pilləli iş aparılmalıdır. Ancaq bu iş aparılmır. Bizdə beyin mərkəzi kimi Qarabağ Şurası var. Bu qurum 2005-ci ildən işləyir, müxtəlif dövrlərdə onun 15-30 üzvü olub. Onlar politoloqlar, hüquq müdafiəçiləri, jurnalistlər və konfliktoloqlardır.

- Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həlli necə olmalıdır?

- Hesab edirəm ki, nəhayət, münaqişə tərəflərinə uyğun olan bir modeli götürüb onun üzərində Qarabağ modelini işləmək olar. Fikrimcə, buna ən uyğun olanı Aland modelidir. Buna Zərdüşt Əlizadə cəhd edib. Müxtəlif gənclər də erməni partnyorları ilə bunu ediblər. Eləcədə biz, gürcü həmkarlarımızla işləyirik, bu məsələdə politoloq Eldar Namazov da çox fəaldır. Fikrimcə, Aland modelini götürüb işləmək daha faydalı olardı.

Rəsmi danışıqlarda əsas sənəd olaraq Madrid prinsipləri götürülür. Madrid prinsipləri üzərində daim danışıqlar aparmaq çətin olur, tərəflərdən birinin bunu qəbul etməməsi ilə bir növ danışıqlar dalana dirənir. Hesab edirəm ki, beynəlxalq təşkilatlarda danışıqları apara biləcək şəxslər var ki, onların münaqişənin həllində ədalətli yanaşması və rolu ola bilər. Məsələn, Finlandiyadan olan keçmiş həmsədr Heikki Talvitie, habelə İsveçdən olan həmsədr Yan Eliasson. Bu şəxslər yaşlı olsalar da, məsləhətçi rolu oynaya və öz şəxsiyyətləri ilə bu işə böyük töhfə verə bilərlər. Həmçinin, regionda elə mütəxəssislər var ki, onların münaqişənin həllində rolu böyük ola bilər.

- Uzun illərdir ki, Bakı və Yerevan arasında münaqişənin həllinə dair rəsmi danışıqlar gedir. Sizin bu danışıqlara münasibətiniz necədir və bu prosesin perspektivinə inamınız varmı?

- Sözsüz ki, danışıqlarda iştirak edən hər iki tərəf münaqişənin həllini istəyir, amma hər iki tərəf bunu öz maraqları çərçivəsində görür. Məsələn, Ermənistan deyir ki, Dağlıq Qarabağın bizə məxsus olduğunu tanısanız, sülhə gələcəyəm. Azərbaycan deyir ki, mənim torpaqlarımı işğaldan azad edin, sülh danışıqlarına başlayaq. Sözsüz ki, bu məsələdə Azərbaycan haqlı tərəfdir.

Qənaətimcə, Azərbaycanın apardığı iş lazımi səviyyədə deyil. Daha doğrusu, lazım olan işlər aparılmır. Sanki danışıqlar danışıq xatirinə gedir. Əlbəttə, sülhsevərlər bunu müsbət qiymətləndirirlər. Mən də şəxsən müharibə yoluna maraq göstərmirəm, ancaq təəssüf ki, indi də itkilər olur. Həm də istəmirəm ki, Rusiya münaqişə tərəflərindən öz şəxsi məqsədləri üçün istifadə etsin. Yəni Rusiya desin, mən gedim, Rusiya istəməyəndə dayanım. İstəməzdim ki, tərəflər belə oyunun qurbanı olsunlar. Bununla paralel olaraq hesab edirəm ki, sülh potensialı var. Bunun üçün işi düzgün qurmaq lazımdır.

- Konkret olaraq, Ermənistanın danışıqlar prosesində mövqeyini necə xarakterizə edirsiniz?

- Erməni düşünür ki, torpaqları işğal edib, ona görə deyir ki, Dağlıq Qarabağın bizimki olduğunu qəbul edin və bundan sonra yerdə qalan torpaqları sizə qaytara bilərik. Ermənistanın danışıqlardakı mövqeyi təxmini bundan ibarətdir. Sözsüz ki, ermənilərin arxa-dayağı olmasaydı belə mövqedən çıxış edə bilməzdilər. Onlar bilirlər ki, Rusiyanın Paşinyanla münasibətləri yaxşı deyil, amma ümumilikdə Ermənistana bunu aid etmək olmur. Putinin Paşinyandan xoşu gəlmir, onun Rusiya ilə səmimi siyasət qurduğuna inanmır, düşünür ki, erməni baş naziri əslində Qərbə yaxındır və lazım olan anda xəyanət edəcək, Qərbə daha çox arxalanacaq.

Odur ki, Moskvada Paşinyana açıq inamsızlıq var. Elə bu səbəbdən də Rusiya çalışır ki, Azərbaycanın Paşinyanla münasibəti daim pis olsun. Hesab edirəm ki, hətta Azərbaycan hücum da edə bilər. Ancaq burada əsas sual “bu, problemi həll edəcəkmi” məsələsidir. Yəni sabah bu addım Dağlıq Qarabağ probleminin həllinə səbəb olacaqmı?

Fikrimcə, Rusiyanın hər zaman siyasəti belə olub ki, biz özümüzü “düzgün aparmayanda” Ermənistandan bizə qarşı istifadə ediblər. Və ya əksinə. Belə faktlar olub. Məsələn, 2014-cü ilin yanvarında dövlət başçısı İlham Əliyev Brüsseldə NATO Baş Katibi ilə görüşdə müəyyən açıqlamalar vermişdi. Həmin gün - 14 yanvarda Naxçıvan istiqamətində erməni tərəfi hücuma keçmiş və 4 gün döyüşlər getmişdi. Bu hadisədən sonra Azərbaycanın vektoru dəyişdi, Rusiya siyasətinə daha çox diqqət yetirilsə də, xarici siyasətdə balans əsas kimi qorundu.

- Bəs, sizcə, Qərbin Qarabağ münaqişəsinə dair mövqeyi və məramı nədən ibarətdir?

- Əfsuslar olsun ki, Qərb çevik deyil və bir növ gözləmə mövqeyindədir. Avropa Birliyində 27 ölkə var. Bir qərar vermək üçün 27 ölkənin rəyi lazımdır. Avropa Birliyi Şurasının Baş katibi Xavyer Solana zamanında çalışdı ki, Avropa Birliyinin silahlı qurumu, yəni sülhməramlı qüvvələri olsun. Amma buna nail ola bilmədi və ondan sonra bu ideya səngidi. Bir sözlə, bu, çox astagəl qurumdur. ABŞ da bizim regiondan uzaqda yerləşir və özünün siyasətini aparır.

- Demək nə Rusiyaya, nə Avropaya, nə də Amerikaya ümid var. Bu halda politoloqlar Tofiq Zülfüqarov, Eldar Namazov və mərhum Vəfa Quluzadənin də dediyi kimi, münaqişənin yalnız hərbi yolla həlli yeganə çıxış yolu deyilmi?

- Aydın məsələdir ki, belə davam edərsə, bu məsələ gələcək nəsillərə bizdən qalıq borc kimi qala bilər. Bizim ordumuz güclüdür və Rusiya dəstək verərsə, nəticə əldə etmək olardı. Amma bu da münaqişənin həlli deyil və gələcəkdə bu problem davam edəcək.

Bizim fikrimizcə, hər iki xalqın nümayəndələri soyuq başla masa arxasında oturmalı və müzakirə aparmalıdır. Müharibə aydındır ki, hər şeyi dağıdacaq, hər iki tərəfi geriyə atacaq. Gənclərin, qadınların, uşaqların həyatı məhv ediləcək. Biz, 1992-ci ildə əsirlərlə fəal məşğul olmuşuq. İndi müharibə haqda danışanların ola bilsin ki, müharibə və onun nəticələri haqqında informasiyası geniş deyil. Bəli, gənclərdə müharibə romantikası peyda olur. Amma sən həlak olanları, əsirlikdə alçaldılan insanları, minaya düşüb ayaqlarını itirənləri görəndə, belə insanlarla işləyəndə, başqa cür düşünürsən. Mən heç vaxt istəmərəm ki, belə situasiya ilə qarşılaşaq. Bu mənada düşünürəm ki, məntiqlə, işi düzgün qurmaqla məsələni həll etmək mümkündürsə, nədən buna cəhd etməyək?

- Axı, danışıqlar nəticə vermir və hətta ermənilərlə müəyyən dövrlərdə işləmiş Zərdüşt Əlizadə də açıq deyir ki, erməni xalqı xəstəliyə tutulub və bu xəstəlikdən xilas olmasa, irəliləyiş olmayacaq...

- Mən, sözsüz ki, xəyallarla yaşamaq istəməzdim və açıq görürəm ki, qarşı tərəfdə də daha çox müharibə təbliğatı aparılır. Məsələn, 2014-cü ildən sonra qanun dəyişdirildi və bizə işləməyə imkan vermədilər. Nəticədə, elə biz özümüz, yəni ki, Azərbaycan itirdi. O mənada ki, pis-yaxşı erməni cəmiyyətinə olan təsir mexanizmini itirdik. Biz, əsasən bu istiqamətdə işləyirdik, danışıqlar aparırdıq, Azərbaycan tarixini təbliğ edirdik. Həmin erməni mediasına təsir edirdik. Buna görə də, orada daha çox bizi söyürdülər. Ancaq biz, çalışırdıq ki, belə söyüşləri konstruktiv dialoqa çevirək. Deyirdik ki, dayanın - tarix budur, fakt budur. Gəlin araşdıraq. Biz demirik ki, erməni xalqı yoxdur. Var, kiçik bir xalqdır, özünəməxsus mədəniyyəti var. Alimlər, araşdırmaçılar, məntiqli insanlar olaraq bunu araşdıraq. Biz burada indiyə qədər yaşamışıq, bundan sonra da yaşamalı olacağıq.

Biz bu danışıqları zamanında aparırdıq, amma 2014-cü ildən sonra bu iş məhdudlaşdırıldı və zərbə də bizə dəydi. Məncə, indi bu qanun aradan qaldırılmalı, vətəndaş cəmiyyəti fəal olmalı, elə hakimiyyət ekspertləri ilə birgə masa arxasında “Yol Xəritəsi” hazırlanmalı və aydın olmalıdır ki, hansı iş aparılacaq, hədəf nədir. Mən şəxsən bu yola üstünlük verirəm.

Adını çəkdiyiniz politoloqlara bağlı deyim ki, onların bəzisi bizim Qarabağ Şurasının üzvləridir, mövqeyimiz tez-tez fərqlənsə də, ortaq məxrəclərimiz də var. Onlar ağıllı insanlardır. Amma müharibəyə qədər mümkün olan yolların içində ən yaxşısını seçmək lazımdır.

Biz müharibə ilə problemin həllinə başlasaq, sözsüz ki, çoxlu oğullarımızı da itirməli olacağıq. Hətta Qarabağı azad etsək belə, onu sona qədər saxlaya bilərikmi?

- Siz hesab edirsiniz ki, Qarabağı müharibə ilə geri alsaq, onu saxlaya bilmərik?

- Bu, bizdən asılı məsələ olmayacaq axı. Bizim geosiyasətdə rolumuz o səviyyədə deyil ki, özümüz istədiyimizi edək. Əlbəttə, mən burada Rusiyaya qarşı çıxış etmək istəmirəm. Çünki rus dilində təhsil almışam, aspiranturanı Rusiyada oxumuşam, mənim çoxsaylı rus dostlarım var və rus millətinə hörmətim böyükdür. Amma Rusiyanın münaqişə siyasətinə qarşıyam və hesab edirəm ki, Rusiyanın geniş potensialı, “yumşaq siyasət” imkanları var.

- Rusiya Xarici İşlər naziri Sergey Lavrovun erməni əsilli olduğuna dair tutarlı iddialar irəli sürülür. Mümkündürmü ki, məhz belə dövlət rəsmiləri münaqişənin dediyiniz “yumşaq siyasət” yolu ilə həllinə imkan vermirlər?

- Hesab edirəm ki, Rusiya daxilində, dövlət rəhbərliyində ermənilər varsa, sözsüz ki, onların öz millətləri üçün nələrsə etmək meyli və istəyi də ola bilər. Ancaq kim buna icazə verər? Bəyəm o boyda ölkənin xarici işlər naziri müstəqil siyasət aparır? Əgər o, öz istədiyi siyasəti aparsa, bir dəqiqə belə nazir vəzifəsində qala bilməz. Ona nə diktə edirlərsə, onun vasitəsilə nəyə nail olmağa çalışırlarsa, ona da nail olurlar. Eyni zamanda onun özünün də ətrafında olanlara təsir etmək məsələsi ola bilər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Dadaslinski 2020-02-21 23:39:08

Bu arvadin musahibesini oxuyanda adamin lap duya-alem basina dolanir!Deyen lazimdi ay Arzu get borsunu bisir sen deyen seylere biz duz 30.ildir emel edirik neticeside goz onundedir!

Tufan 2020-02-13 09:46:31

Azerbaycan hücum etmir. Torpaqlarını işğaldan azad edir. Ağlınıza gələni danışmayın, yazmayımən

Son yazılar