ŞÜBHƏLİ YOXSULLUQ STATİSTİKASI - Rusiyada 15, Azərbaycanda 5 faiz?...

Rusiyanın əmək naziri Anton Kotyakov son açıqlamasında yoxsulluğu ölkəsi üçün ən kəskin və həlli vacib olan məsələ kimi dəyərləndirib. Nazir etiraf edib ki, Rusiyada yoxsulluq yüksək səviyyədədir və məhz bu problemin həlli hökumətin fəaliyyət istiqamətləri sırasında prioritet təşkil etməlidir.

A.Kotyakov rəsmi statistikaya görə, Rusiyada 18.5 milyon nəfərə yaxın insanın yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirib. Bu isə o deməkdir ki, Rusiya hökuməti ölkə əhalisinin təxminən 15 faizinin yoxsul olduğunu etiraf edir.

Maraqlıdır ki, Rusiyadan fərqli olaraq, Azərbaycanda rəsmi statistika ölkədə yoxsulluğun 5 faizin altında olduğunu iddia edir. Bu rəsmi göstərici hər zaman mübühisə mövzusu olub və müstəqil ekspertlər həmin rəqəmin ölkədəki reallığı əks etdirmədiyini iddia ediblər. Rusiyalı nazirin açıqlamasından sonra həmin mövzu yenidən aktuallaşıb. Ən azı ona görə ki, əgər doğrudan da yoxsulluq səviyyəsi Azərbaycanda 5 faiz, Rusiyada isə 15 faizdirsə, təkcə rəsmi statistikaya görə 1 milyona yaxın həmvətənimizin Rusiyaya iş, qazanc ardınca getməsini izah etmək çətinlik yaradır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rövşən Ağayev də öz “facebook” səhifəsində fikirlərini paylaşıb. R.Ağayev Azərbaycan hökumətinin yoxsulluq səviyyəsilə bağlı statistikasını şübhə altına alaraq, bu problemlə mübarizə aparmaq əvəzinə, onu ört-basdır etməyə çalışdığını yazır: “Rusiyanın əmək naziri bu gün bəyan edib ki, yoxsulluq hazırda ölkənin ən kəskin problemlərinin başında gəlir. Ötən il yoxsulların sayı 200 min nəfər artıb və 20 mln. nəfərə yaxınlaşıb. Yəni ölkədə hər 7 nəfərdən biri yoxsuldur.

Rusiya, əlbəttə sosial-iqtisadi inkişaf səviyyəsinə görə inkişaf eləmiş Qərbdən xeyli geri qalır. Amma bütün iqtisadi parametrlərinə görə geridə qalmış 3-cü dünya ölkəsi də deyil. Putin idarəçiliyinin bütün qüsurlarına baxmayaraq, bir üstünlüyü sosial-iqtisadi problemləri yeri düşəndə etiraf eləməsidir. Məsələn, 3-4 gün əvvəl də rəsmi şəkildə bəyan elədilər ki, ölkədə çox böyük miqyasda sosial bərabərsizlik var - ən kasıb və ən zəngin 10% əhalinin gəlirləri arasında fərq 15 dəfədir.

Bu ölkə öz vətəndaşları ilə yanaşı keçmiş SSRİ-nin 6-7 ölkəsinin vətəndaşlarına da çoxlu sayda iş və qazanc yeridir. Yəni iqtisadiyyatda pul var, iş yeri var, amma yoxsulluqdan, işsizlikdən əziyyət çəkirlər.

Bizdə 40-50 min nəfərin işlədiyi və ÜDM-nin azı 40%-ni formalaşdıran neft sektorunu saymasaq, iqtisadiyyat həddindən artıq kiçikdir. Əmək qabiliyyətli insanların ən yaxşı halda üçdə birinin rəsmi və sosial cəhətdən mühafizə olunan iş yeri var, qalanları qeyri-formal məşğullardır və ya etiraf edilməyən gizli işsizlərdir, ən yaxşı halda mövsümi məşğullardır.

Median gəlirlər rəsmi orta maaşın heç 50%-nə çatmır. Aqrar sektorda əmək məhsuldarlığı mədən sənayesindən ən azı 80 dəfə aşağıdır.

Rusiya mənbələrinin məlumatına görə, ən azı 700 min nəfər soydaşımız bu ölkədə əməkçi miqrantdır. Orta və minimum maaşlar, pensiyalar Rusiyadan azı 2 dəfə geri qalır, qiymətlər arasında fərq isə nəzərəçarpacaq dərəcədə böyük deyil (Moskva və Sankt-Peterburq istisna). Amma bizim hökumət yoxsulluğun faktiki ləğv edildiyini (5%) bəyan edir.

Ən asan yolla biz gedirik. Problemi inkar etmək onu həll olunmuş saymağın ən rahat yoludur.

Yeri gəlmişkən, bizim statistikanın nə zamansa nisbi yoxsulluq, çoxölçülü metodla ölçülmüş yoxsulluq göstəricilərini də elan etməsini həsrətlə gözləyirəm.”

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar