ƏSGƏR ÖLÜMLƏRİ PAŞİNYANI DALANA DİRƏYİB - “Küçədə nə baş verirsə, orduda da həmin şeylər baş verir”

Bu ilin əvvəlindən Ermənistan ordusunda baş verən əsgər ölümlərinin sayının durmadan artması hökuməti kəskin tənqidlər və etirazlarla üz-üzə qoyub. “AzPolitika.info” xəbər verir ki, erməni mətbuatının əsas gündəm mövzularından biri baş nazir Nikol Paşinyana ünvanlandırılan ittihamlar və əsgər ölümlərinin siyasi səbəblərinin olmasına dair iddialardır.

Məsələ ondadır ki, cari ilin əvvəlindən, yəni cəmi ay yarım ərzində Ermənistan ordusunda 13 ölüm hadisəsi qeydə alınıb. Özü də bu hadisələrin heç birinin Azərbaycanla münaqişəyə aidiyyatı yoxdur. Erməni əsgərləri sadəcə, ordudakı “dedovşina”nın, yəni nizamnamədən kənar münasibətlərin, özbaşınalıqların qurbanı olublar. 

Rəsmi məlumata görə, guya 13 ölümdən 4-ü bədbəxt hadisə, 4-ü də hərbi xidmətlə əlaqəsi olmayan səbəblərdən baş verib. 5 ölüm hadisəsilə bağlı isə istintaq araşdırması aparılır.

Lakin mətbuatda və erməni cəmiyyətində rəsmi məlumatlara inanan azdır. Əsgər ölümlərinin çoxluğu müxtəlif səbəblərlə izah edilir. Maraqlıdır ki, burada “dedovşina” ilə yanaşı, əsgər ölümlərinin siyasi səbəblərlə bağlı olduğunu da iddia edənlər var. Məsələ ondadır ki, ən çox ölüm hadisələri işğal olunmuş Qarabağ ərazisindəki hərbi birləşmələrdə qulluq edən Ermənistandan gələn əsgərlər, hərbi qulluqçular arasında müşahidə olunur. Hökumətə yaxın olan bəzi mənbələr bu hadisələrin “Qarabağ klanının” Paşinyana qarşı təxribat törəddilməsi, onun hökumətinə etimadsızlıq mühitinin yaradılması məqsədilə təşkil olunduğu ehtimalını irəli sürməyə başlayıblar.

Əslində, doğrudan da son əsgər ölümləri Paşinyanın onsuz da getdikcə zəifləyən mövqelərini, reytinqini daha da aşağı salıb. Mətbuatda və cəmiyyətdə onu dövləti və ordunu idarə edə bilməməkdə ittiham edənlərin sayı sürətlə çoxalır. Xüsusilə ordudakı vəziyyətin acınacaqlı olduğunu önə çəkənlər bunun ölkədəki cəzasızlıq mühiti və hakimiyyət uğrunda siyasi çəkişmələrlə bağlı olduğunu bildirirlər.

“Sputnik Armeniya” portalının bu məsələ ilə bağlı İrəvan əhalisi arasında apardığı son sorğu zamanı respondentlərdən biri deyib ki, Ermənistan ordusu erməni cəmiyyətinin güzgüsüdür: “Küçədə nə baş verirsə, Ermənistan ordusunda da həmin şeylər baş verir” deyən respondent həm cəmiyyətdə, həm də ordudakı vəziyyətdən hamının narahat olduğunu bildirib.

Bu arada çoxsaylı təzyiqlər və ittihamlarla üz-üzə qalan Paşinyan öz sosial şəbəkə səhifəsində həmişəki populist açıqlamaları ilə vəziiyyəti sakitləşdirməyə, erməniləri arxayın salmağa çalışıb. Mənasız şüarlarla zəngin olan həmin paylaşımlarında hökumət başçısı əksinə, ötən il əsgər ölümü statistikasında azalma olduğunu bildirib. Onun “2019-cu ildə əsgər ölümlərində tarixi minimum əldə edilib. Biz bu dinamikanı saxlamalıyıq” açıqlaması isə cəmiyyətdə əlavə qıcıq yaradıb. Müxalifət və bir çox müstəqil ekspertlər onu əsgər həyatına, insan taleyinə statistik məlumat kimi yanaşmaqda, mənəviyyatsızlıqda ittiham ediblər. Həmçinin, etirazların ötən ilin nəticələri deyil, bu ilin əvvəlindən keçən qısa müddətdə baş verən ölüm hadisələrilə bağlı olduğu önə çəkilib.

Xatırladaq ki, baş verən ölüm hadisələrinin böyük əksəriyyəti intihar kimi xarakterizə olunur. Lakin əsgər yaxınları bu hadisələrin qəsdən törədilərək, intihar adı verildiyi, yaxud da bilərəkdən, məqsədli şəkildə əsgərlərin intihar həddinə çatdırıldığı qənaətindədirlər. Xatırladaq ki, son belə hadisələrdən birində əsgərin yaxınları onun cənazəsini götürərək, piyada İrəvana yürüş etməyə başlamışdılar. Yalnız şəxsən müdafiə naziri əsgərin valideynlərilə görüşüb, onlardan xahiş etdikdən sonra yürüş dayandırılmışdı.

Lakin bütün cəhdlərə baxmayaraq, orduda əsgər ölümünün qarşısını almaq mümkün olmur ki, bu da Paşinyanın və onun müdafiə nazirinin situasiyaya nəzarət edə bilməməsilə əlaqələndirilir. Hökumət başçısı son açıqlamasında bu məsələ ilə bağlı ordu rəhbərliyində kadr dəyişikliklərinin aparılacağını bəyan edib. 

Artıq bəzi erməni mənbələri ötən gün Ermənistan hökumətində keçirilmiş xüsusi müşavirədən sonra Müdafiə Nazirliyinin bəzi yüksək vəzifəli şəxslərinin istefaya göndərildiyini bildirirlər. Bunların arasında Ermənistan Hərbi polisinin rəisi Artur Bağdasaryanın və Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə İdarəsinin rəisi, general-mayor Alik Aleksanyanınolduğu qeyd edilir. Dağlıq Qarabağda isə qondarma rejimin “müdafiə naziri”, general-leytenant Karen Abramyanın öz postunu tərk etdiyi bildirilir.

Lakin yerli ekspertlər bu dəyişikliklərin hər hansı müsbət nəticə verəcəyinə pessimist yanaşırlar.

Doğrudan da, Paşinyanın atdığı adddımların erməni hərbçilərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki ölüm hallarının azalmasına kömək edəcəyinə inanmağa dəyməz. Çünki başıpozuq işğalçı ordunun əsgərinin ya özbaşınalıqlardan, ya da Azərbaycan əsgərinin gülləsindən ölməsi təbii və qaçılmazdır...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar