Ana-bacı söyüşləri havada uçuşur...

Seymur Verdizadə 

Əvvəllər məqalələrim böyük rezonans doğururdu; oxucular zəng edib öz təşəkkürlərini bildirir, sosial şəbəkələrdə ünvanıma xoş sözlər yazırdılar. İndi olduğu kimi o vaxt da xalqa üstdən aşağı baxan məmurları, xüsusilə də nazirləri, icra başçılarını sərt tənqid edir, sadə insanların problemlərini işıqlandırırdım. Bəs, zənglərin sırası niyə seyrəlib, xoş sözlərin, komplimentlərin sayı niyə azalıb?

Mən heç vaxt tərif həvəskarı olmamışam. Adamın evini yalançı tərif yıxır. Tərifdən gicəllənib karyerasını məhv edən çox adam görmüşəm. Buna görə də tərifdən çox, tənqidə meylliyəm. İstəyirəm ki, dostlarım məni tənqid etsinlər, səhvlərimi göstərsinlər. Sovet ideoloqlarının təbirincə desək, sağlam tənqid müvəffəqiyyətin rəhnidir.

Dedim axı, yazılarıma, o cümlədən, mətbuatda yazılanlara əvvəlki reaksiya yoxdur. Tutaq ki, mənim qələmim korşalıb. Bəs, Xalid Kazımlı, Hüseynbala Səlimov, Etibar Cəbrayıloğlu, Şərif Ağ kimi usta qələm sahiblərinin yazıları niyə əvvəlki kimi səs-küy yaratmır, müzakirə olunmur? Əvvəllər tez-tez zəng edən, hətta ən zəif yazımı belə güclü sənət əsəri kimi qələmə verən oxucularımdan birinə zəng edib, bunun səbəbiylə maraqlandım. Sonra da mətbuatda gedən məqalələrə niyə əvvəlki qədər çevik reaksiya vermədiklərini soruşdum. Dedi ki, sizin və həmkarlarınızın məqalələrini yenə oxuyuruq, bəyənirik. Amma Məmmədqulu sizdən daha sərt yazır, baltanı dibindən vurur. Aramızda belə bir dialoq baş tutdu:

- Ay Səfər, Məmmədqulu kimdir? Hansı saytda yazır?

- Məmmədqulu saytda yazmır, facebookda yazır...

- Deyə bilərsənmi, Məmmədqulu nə yazır? Hansı problemi bizdən yaxşı işlqlandırır?

- Müəllim, siz tənqid edirsiniz. Amma Məmmədqulu tənqid etmir, təhqir edir. Adamı yıxıb-sürüyür, anasına - bacısına söyür...

Söhbətimizin sonrakı hissəsi maraqlı olmadığı üçün yazıb vaxtınızı almaq istəmirəm. Elə bilirsiniz, Səfər yalan danışır? Əsla! Sosial şəbəkələr söyüş söyən adamlarla dolub-daşır. Ana-bacı söyüşləri havada uçuşur. Saxta profil işlədən adamlar bu ölkənin ziyalısını, jurnalistini, əxlaqlı adamlarını küçə söyüşləriylə təhqir etməkdən çəkinmirlər. Sosial şəbəkələr sürətlə söyüş platformasına çevrilir. Əlli-yüz min üzvü olan qrupların çoxu tam nəzarətsiz fəaliyyət göstərir. Ötən gün səfehin biri yazmışdı ki, mən adamın ölüsünü qəbirdən çölə çıxarıram. İndi nə edək? Biz də onun ölüsünü qəbirdən çıxaraq? Ölünün nə günahı var? Diri dəliysə, ölü buna neyləsin?

Ziyalılar, tanınmış insanlar abırlarına qısılıb durublar. Çünki qaraguruhun xislətinə bələddirlər; bilirlər ki, ağızlarını açan kimi onları söyüb-suvayacaqlar. Hara qədər susaq? Bu söyüşə, qarayaxmaya nə vaxt son qoyulacaq?

Mən sözü cilovlamağın tərəfdarı deyiləm. Amma söyüş söz deyil axı. Söyüş söyən adam mütləq cilovlanmalıdır. Bunun qanuni yolunu, işlək mexanizmini tapmaq lazımdır...

635x100

Şərhlər

Vaqif 2020-04-15 14:10:07

Ramzan Kadirovun tecrubesinden istifade etmek lazimdir. Söyüş söyeni tapirlar, en qisa ve effektiv yoldan sehv etdiyini başa salirlar. Sonra çixarirlar televizora ve üzr istedirler. Evvel ictimai tualetlerde barmaği ile divarlara söyüş yazanlar, agzi ile yox başqayeriynen danişanlar hemen netice çixarirlar.

Vətəndaş 2020-02-28 19:33:21

"Vətəndaşların Müraciətləri Haqqında Qanun" işlək vəziyyətində olmalıdır.

Imanov Cemil 2020-02-25 21:16:34

Seymur bey,men sizin yazilarinizi her zaman seve seve oxuyuram.Yazan elleriniz var olsun.

Namiq 2020-02-24 17:19:59

AQAYEV, Seymur bəyin özü də bu dəfə YALAN-ın yanında yer alıb. Belə haqq ədalətdən yazmağına baxmayın. YAP namizədinin vəkili oldu, şişirtmələrdə, yalanlarda dolayısı ilə iştirak etdi. Məzahir inkar etdiyi kimi Seymur da inkar edir. Amma nə qədər inkar etsə də fakt budur ki, saxtakarlıq oldu...

AQAYEV 2020-02-20 20:43:35

Seymur müəllim mən sizi izləyirəm hərdən də ürək sozlərimi yazıram.SÖYÜŞsoyənin anası ,bacısı,ata və anası yoxdur.İnsan olmayan hec nəyin qədrin bilməz.Bu ğün M Pənahovun bir acıqlamasını oxudum deyir ki,Q İbadoqlunun qızını döyməyiblər.Mən müxalifətci deyiləm amma AQ YALANA nə deyəsən.İndi söz SİZİNDİR SEYMUR müəllim.

Elli 2020-02-20 13:03:10

Barmaqla sayılası qədər ziyalı qalıb. Qalanları öz mövqeylərini bildirməkdən qorxurlar.

Son yazılar