Avrasiya İqtisadi Birliyinin növbəti “qurbanı”? - Tacikistan Ermənistana baxır və tərəddüd edir

Hələ 2014-cü ildə Rusiya, Belarus və Qazaxıstanın yaratdığı, eləcə də Ermənistanla Qırğızıstanın da qoşulduğu Avrasiya İqtisadi Birliyi(AİB) bu təşkilata üzv ölkələrə böyük perspektivlər vəd edirdi. Daha doğrusu, bu təşkilatın yaradılmasının əsas təşəbbüskarı olan Rusiya AİB-in ona üzv ölkələrə iqtisadi cəhətdən böyük imkanlar açacağını təbliğ edirdi.

Lakin 2015-ci ilin yanvarından rəsmən fəaliyyətə başlayan birliyin dünya iqtisadiyyatı çapında hansısa nəzərəçarpan uğura imza atdığına, bu birliyin ona üzv ölkələrin iqtisadiyyatında sıçrayış yaratdığına dair hər hansı statistika mövcud deyil.

MDB üzvlərindən biri olan və Rusiyanın tam təsir dairəsindəki Tacikistanın indiyə kimi hələ də AİB-ə üzv olmaması isə kifayət qədər maraqlı məqamdır. Bu mövzunu Таcikistanın Xarici İşlər nazirinin AİB-ə dair açıqlaması yenidən gündəmə gətirib.

O, bildirib ki, ölkəsi sözügedən təşkilata daxil olmaq məsələsini araşdırmaqda davam edir. Bir qədər bundan əvvəl isə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi Düşənbə tərəfindən “kiçik iqtisadiyyat”a malik Qırğızstan və Ermənistanın AİB-ə daxil olandan sonra iqtisadi baxımdan iri ölkələr olan Rusiya, Qazaxıstan və Belarusla əməkdaşlıq təcrübəsinin öyrənildiyi barədə açıqlama verib. Ancaq istər Ermənistanın, istərsə də Qırğızıstanın iqtisadi vəziyyəti göz önündədir. Rusiyanın “cibində gəzdirdiyi” bu ölkələr təkcə siyasi deyil, artıq iqtisadi cəhətdən də müstəqil təşəbbüslərdən demək olar ki, məhrum olunublar.

Bu açıqlamalardan, bir tərəfdən, Düşənbənin AİB-ə daxil olmaq məsələsini müsbət həll etmək niyyətində olduğu görünsə də, digar tərəfdən, onsuz da zəif iqtisadi bazaya malik olan Tacikistanın Rusiya, Qazaxıstan və Belarusla iqtisadi rəqabətə tab gətirməyəcəyindən ehtiyatlandığı hiss olunur. Bu situasiya AİB-də formalaşan iqtisadi qaydalar sisteminin postsovet ölkələrin maraqlarına nə dərəcədə cavab verdiyi, bu sistemin hansı perspektivlərə malik olması barədə məsələni aktuallaşdırır.

Təbii ki, sözügedən quruma üzvlük buraya daxil olan ölkələrlə iqtisadi əlaqələrdə müəyyən üstünlüklər verir. Lakin qurumda aparıcı rol oynayan Rusiyanın özünün dünya iqtisadiyyatına inteqrasiyada ciddi çətinliklər çəkməsi, əsasən xammal iqtisadiyyatına malik ölkə olaraq qalması, eləcə də məruz qaldığı iqtisadi sanksiyalar və s. amillər sözügedən təşkilartın heç də stabil dayaqlar üzərində durmadığından xəbər verir. Həmçinin, əsas məqamlardan biri adı iqtisadi birlik olan qurumun əslində, daha çox siyasi məqsədlərlə yaradılmasıdır. Rusiya bu təşkilatdakı dominantlığını hər sahədə biruzə verməklə, əslində onun yaradılmasından ən çox kimin qazandığıənı da ortaya qoymuş olur. Və bu, AİB-in hələ ki, ciddi uğurlara imza ata bilməməsinin əsas səbəblərindən biridir.

Ötən ilin oktyabrında Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə bu birliklə bağlı bir sıra ciddi tənqidi açıqlamalar vermişdi. Bundan bir qədər sonra Minskdə “Avrasiya İqtisadi Birliyi regional inteqrasiya prosesləri kontekstində: yeni çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans keçirilib və bu konfransda da bir çox ekspertlərin birliklə bağlı tənqidi fikirləri olub.

Bütün bunlar sözügedən təşkilatda heç də hər şeyin qaydasında olmadığını göstərir. Avrasiya İqtisadi Birliyinin ötən ilin sonlarında İrəvanda keçirilən iclası çərçivəsində isə Belarus lideri xatırladıb ki, birliyin işində onlarla maneə var ki, onların aradan qaldırılması üçün işlər çox ləng gedir.

Təşkilatdakı maneələrdən biri ortaq ticarət siyasətinin olmamasıdır ki, bu da Rusiyanın yalnız öz mənafeyini hər şeydən üstün tutmasının nəticəsidir. Daha dəqiq desək, Rusiya bir sıra digər dövlətlərə, məslən Ukraynaya və s. qarşı birtərəfli sanksiyalar tətbiq etməklə bu problemlərin artmasına səbəb olub. Və Moskva bu barədə tərəfdaşlarla heç bir halda məsləhətləşmir. Nəticədə Rusiya Avrasiya inteqrasiyasının əsas prinsiplərindən birinə tamamilə zidd olan dövlət sərhədi boyu malların daşınmasına nəzarət edir. Bununla bərabər, birlikdə qarşılıqlı ticarətin payı faktiki olaraq artmır. Məsələn, ötən ilin statistikasına görə, sözügedən ölkələr arasındakı qarşılıqlı ticarətin payı cəmi 6-6.5 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, Avropa Birliyində üzv dövlətlərin bir-biri ilə ticarəti 60-65 faizdir, yəni 10 dəfə çox. Bu göstəricinin özü AİB-in səviyyəsi barədə müəyyən təsəvvür yaradır.

Həmçinin, bu mənzərə bir daha sözügedən qurumun daha çox iqtisadi deyil, siyasi maraqlar əsasında yaradılmasına dəlalət edir. Elə Lukaşenkonun irad və tənqidlərinin də sətiraltısında məhz bu məqam durur.

Odur ki, istər Tacikistan, istərsə də digər postsovet ölkələri, yaxşı anlayır ki, bu birliyin iqtisadi cəhətdən verə biləcəyi hansısa üstünlüklər(əgər verəcəksə-red.) bundan dəflərlə artıq siyasi itkilərlə müşaiyət olunacaq. Ona görə tərəddüd edir və Rusiyanın təzyiqləri qarşısında tab gətirməyə çalışırlar.

Hələ 2012-ci ildə ABŞ-ın dövlət katibi olmuş Hillari klinton Rusiyanın yaratmağa çalışdığı müxtəlif birliklərlə bağlı demişdi: “Bölgənin yenidən sovetləşdirilməsi tendensiyası müşahidə edilir. Əlbəttə, bu fərqli bir ad daşıyacaq. Onu Gömrük ittifaqı, Avrasiya ittifaqı adlandıracaqlar və o, eyni ruhda fəaliyyətini davam etdirəcək. Lakin gəlin özümüzü aldatmayaq. Biz bilirik bu prosesin məqsədi nədir... ”

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Elli 2020-02-20 21:03:36

biz də rusların məqsədini, yəni imperiya yaratmaq məqsədlərini bilirik. Buna getmək qətiyyən yol vermək olmaz.

Son yazılar