PAŞİNYANI REFERENDUMA GÖRƏ “TOPA TUTURLAR” - “Ermənistanda 7 milyon dollara...”

Dağlıq Qarabağla bağlı sərsəm bəyanatları ilə qıcıq və hiddət yaradan Nikol Paşinyan son günlər Ermənistanda özünə müxalif qüvvələri tam sıradan çıxarmaq üçün atdığı addımlarla da gündəmə gəlib. Bu addımlara Konstitusiya Məhkəməsilə bağlı təşkil olunan referendum da daxildir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan müxalifəti və müstəqil ekspertlər ölkə iqtisadiyyatının indiki çətin durumunda Konstitusiya Məhkəməsi hakimlərinin dəyişdirilməsini nəzərdə tutan referendumun təşkilinə büdcədən 7.1 milyon ABŞ dolları həcmində vəsait ayrılmasına etiraz edirlər.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyan əvvəlki hakimiyyətin adamı sayılır. Paşinyanın bütün təzyiq və təqiblərinə baxmayaraq, onu istefaya məcbur etmək mümkün olmur. Qanunla da hökumət başçısının buna səlahiyyəti çatmır. Referendum isə Konstitusiya Məhkəməsinin hakimlərinin və sədrinin yenidən seçilməsinə, deməli Tovmasyanın da yola salınmasına imkan yaradacaq.

Referenduma etiraz edənlərin əsas tənqid hədəfi Paşinyandır. Çünki bu referendum hüquqi baxımdan dövlət olaraq Ermənistan üçün heç bir ciddi əhəmiyyət kəsb etmir və o qədər də vacib bir hadisə sayılmır. Ancaq əvəzində, baş nazir öz şəxsi siyasi ambisiyaları və onun əleyhinə olan qüvvələrin sıradan çıxarılması üçün Ermənistanın büdcə vəsaitlərindən gen-bol istifadə etmiş olur.

Erməni mətbuatına açıqlama verən ölkənin tanınmış iqtisadçılarından olan Tadevos Avetisyan deyib ki, referenduma xərclənəcək 7.1 milyon dollara ölkədə mövcud olan çoxsaylı sosial problemlərdən bir qismini həll etmək olardı: “Ermənistanda həll olunmamış çoxlu sayda sosial problem var. 7 milyon onların bir çoxunu həll etməyə çatardı. Hökumətin dediyinə görə, onlar üçün prioritet istiqamətlərdən biri əhalinin məşğulluğu məsələsidir. Lakin bununla bağlı layihəyə ayrılan vəsait referendum üçün nəzərdə tutulan puldan iki dəfə azdır...”

İqtisadçı ölkədə yoxsulluq səviyyəsinin yüksək olduğunu qeyd edərək, bu vəsaitin həmin problemin həllinə yönəldiləməli olduğunu deyib: “2018-2020-ci illərdə yoxsulluq müavinəti artmayıb. Hazırda yoxsulluq müavinəti yaşayış minimumundan 2 dəfə aşağıdır. Ermənistanda 7 milyon dollarla bu müavinətləri ən azı 10 faiz artırmaq olardı. “

Daha sonra ölkənin sosial-iqtisadi göstəricilərini nəzərə çatdıran T.Avetisyan Ermənistanda əhalinin 23 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını, işsizliyin isə 20 faizi keçdiyini bildirib.

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar