“Ucarda mənzil verilmiş köçkünlərin çoxunun Bakıda evi var”- "Bu, korrupsiya cinayətidir" + FOTOLAR

Füzuli rayonundan qaçqın düşən, Ucar rayonunun Uşaq Musiqi Məktəbində məskunlaşmış Nəzərova Kiçikxanım Xanlar qızı özünə qarşı edilən haqsızlıqla bağlı ölkə başçısına etdiyi müraciətin bir nüsxəsini də “AzPolitika.info”-ya göndərib.

K.Nəzərova şikayətində məktəbdə məskunlaşan bütün məcburi köçkünlərin Ucar rayonunda tikilən yeni binaya köçürüldüyü halda, ona mənzil verilmədiyini və bu səbəbdən tək-tənha həmin məktəbdə, ağır şəraitdə yaşamağa məcbur qaldığını bildirir: “Füzuli rayonundan məcburi köçkün düşən zaman Ucar rayonuna mənimlə birlikdə anam Nəzərova Firəngiz Eyvaz qızı da gəlmişdi. O, xəstəlik nəticəsində 1999-cu ildə vəfat etdi. Ailə həyatı qurmamışam, 61 yaşım var. Azərbaycan ordusu Füzuli rayonunun Horadiz qəsəbəsini erməni işğalından azad etsə də, işğal zamanı bizim ailənin yaşadığı ev tam yararsız hala düşüb.

Bu səbəbdən mən Ucar rayonunda qalıb, burada yaşadım. Uzun illərdir yeni mənzillə təmin olunacağımı gözlədiyim halda, mənə qarşı qanunsuzluq və haqsızlıq edildi. Belə ki, Ucar rayonunda 5 mərtəbəli 250 mənzilli 6 bina inşa edilərək, məcburi köçkünlərin istifadəsinə verilib. 29 dekabr 2019-cu il tarixdə açılış oldu və məcburi köçkünlər üçün salınmış həmin qəsəbədəki binanın 125 mənzilinin orderləri məcburi köçkünlərə paylanıldı.

Mən isə bu hüquqdan qanunsuz vəəsassız olaraq məhrum edildim. Bunu onunla əsaslandırdılar ki, sənin Füzuli rayonunun Horadiz qəsəbəsində evin var, gedib orada yaşaya bilərsən.

Ancaq Horadiz qəsəbəsindəki ev bir otaqlı, yaşamağa tam yararsız komadır və komissiya yaradılıb, ona baxış keçirilməsinə zərurət var. Mən açılışda iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat işçisi Eldar Zeynalova bu barədə dedikdə, o, mənimlə kobud danışdı. ”

Şikayətçi qeyd edir ki, köçkünlərə mənzil paylanarkən, haqsızlığa yol verilib: “Hazırda məskunlaşdığım Ucar rayonu Musiqi Məktəbinin binasında yaşayan qaçqınlar yeni mənzillərə köçürülüblər. Burada tək mən qalmışam. Buna görə də tək, qəzalı evdə, qorxu və həyəcan içində yaşayıram. Ucar rayonunda inşa edilmiş həmin binada mənzil verilmiş məcburi köçkünlərin çoxunun Bakı şəhərində və digər yerlərdə xüsusi mənzilləri, evləri var.

Elə məcburi köçkünlər var ki, adları Ucar rayonunda yaşayan kimi qeyd edilib, ancaq özləri Bakı şəhərində yaşayırlar, orada işləyirlər, orada uşaqları məktəbə gedir. Ev paylananda həmin ailələr peyda oldular və onlara həmin binadan 2 mənzil verildi. Bu, insanların gözü qarşısında baş vermiş korrupsiya cinayətidir. Belə faktlar çoxlu saydadır. Buna görə zərurət var ki, komissiya yaradılsın, obyektiv araşdırma aparılıb ciddi tədbirlər görülsün.”

Sonda acınacaqlı vəziyyətdə yaşadığını bildirən K.Nəzərova ölkə başçısı və Birinci Vitse-Prezidentdən onun mənzil probleminin həll edilməsini xahiş edir.

AzPolitika.info




635x100

Şərhlər

Elli 2020-02-22 15:56:25

Qadına kömək eləyin, axı o tək yaşayır.

Son yazılar