Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...

Seymur Verdizadə

– Müəllim, yer üzündə nə qansız adamlar varmış! Kiçik bir əməliyyat üçün 2 900 manat pul istəyirlər. Allah heç kimin işini həkimə salmasın.

Dostum bir addım önə keçib, giley-güzar edən adamı sakitləşdirməyə çalışdı: “Ay Sərvər, bu söhbətin yeri deyil. Nə istəsələr, verəcəyik. Sən ancaq dua elə”.

Həmin gün dostumun oğlu avtomobil qəzası keçirmişdi. Sərvərin də dediyi kimi, həkimlər əməliyyat üçün 2 900 manat istəyirdilər. Dostum kasıb adam olmasa da, imkanım daxilində ona kömək etməyə hazır olduğumu bildirdim: “Pula-paraya ehtiyacın olsa, de. Utanma!”

Kişi ağzını qulağıma yapışdırdı: “Sağ ol, qardaş! Heç nəyə ehtiyac yoxdur. Şüvən salmaq Sərvərin köhnə adətidir. Fikir vermə”.

Aramızda belə bir dialoq baş tutdu:

– Bu oğlan kimdir? İlk dəfədi görürəm…

– Qaynımdır. Rayonda yaşayır…

– Nə işlə məşğuldur?

– “QAİ” işçisidir. Rayonda qanlamadığı adam qalmayıb…

Beş dəqiqə sonra Sərvər təkrar bizə yaxınlaşıb, giley-güzara qaldığı yerdən davam etdi: “Müəllim, siz həmişə düzgünlüyün tərəfdarı olmusunuz. Belə də ədalətsizlik olar? Biz niyə dövlət xəstəxanasına pul ödəməliyik?”

Biz Sərvərlə ilk dəfəydi qarşılaşırdıq. Bir halda ki, mənim düzgün adam olduğumu bilir, düz danışmaq boynumun borcuydu. Dərindən nəfəs alıb, söhbətə başladım: “Ay qardaş, camaat “QAİ” işçilərinin əlindən qan ağlayır, siz də həkimlərdən narazısınız. Axı siz də mələk deyilsiniz. Azərbaycanda cərimə yazmadığınız sürücü qalmayıb. Yollardakı işarələri ayda beş dəfə dəyişirsiniz, hətta dövlət qeydiyyatında olmayan “radar” qurub, camaatı soyursunuz. İndi sizdən pul istəyən cərrahın “qulağını” bəlkə də əlli dəfə kəsmisiniz…”

Oğlan çaşqın nəzərlərlə məni süzsə də, heç nə demədi. Qaynının narazı qaldığını isə dostum bir həftə sonra mənə dedi.

Üç gün əvvəl alim dostum Natiq Məmmədovla birlikdə Bakıda böyük Azərbaycan dramatruqu Hüseyn Cavidin adını daşıyan parkda gəzişərkən yekəpər bir kişi qabağımızı kəsdi. Biz ilk dəfə qarşılaşsaq da, mənimlə köhnə tanışlar kimi görüşüb, Natiq müəllimə dilucu salam verəndən sonra söhbətə başladı: “Ay jurnalist yoldaş, niyə seçki saxtakarlığından yazmırsan? Mən də namizəd idim, hamıdan çox səs toplamışdım. Amma nəticəyə müdaxilə edib, qutudan başqa adamı çıxardılar”.

Dərhal telefon nömrəmi ona verdim. Xahiş etdim ki, sabah zəng vursun görüşək. Məqsədim müsahibə götürmək idi…

Sağollaşıb ayrılandan sonra Natiq müəllim məni məzəmmət etməyə başladı: “Müsahibə götürməyə adam tapmırsan? O, heç vaxt sənə zəng etməyəcək. Qansız və yaltaq adamdır. Onda haqsızlığa qarşı çıxış edəcək cəsarət yoxdur”.

Sual dolu baxışlarımı Natiq müəllimin üzündə gəzdirdim: “Hardan tanıyırsan?

Cavabı belə oldu: “Bizim universitetdə işləyir. Çox vicdansız adamdır. Pul almasa, bir tələbəyə qiymət yazmaz. İmkansız tələbələri kəsməklə ad çıxardığı üçün uşaqlar adını “qəssab” qoyublar”.

Mən seçki saxtakarlığını qətiyyətlə pisləyirəm. Amma dərd burasındadır ki, beş ildə bir dəfə saxtakarlıq edən məntəqə üzvlərini hər gün əliəyrilik edən adamlar daha çox qınayırlar. Doğrudanmı, bu adamların evində əl boyda güzgü yoxdur ki, ayda bir dəfə özlərinə baxsınlar?... 

635x100

Şərhlər

Namiq 2020-02-28 22:32:10

Öz aramızdı bu dəfə özün də iştirak etdin seçki saxtakarlığında. Saxta yolla seçilən birinə vəkillik etmisən. Hətta irəli gedərək seçkinin şəffaf keçdiyini söyləmisən. Vəkillik etdiyiniz namizədin görüşlərinə insanları məcburi topladılar. Bəyəm insanların həvəssiz, candərdi iştirak etdiyini hiss etmədiniz? Əksinə həvəsnən çıxış edib, hər şey əladır dedin, indi də ədalətdən yazırsan. Özün də bir güzgüyə baxsan gözəl olar.

Namiq 2020-02-28 22:31:46

Saxta yolla seçilən birinə vəkillik etmisən. Hətta irəli gedərək seçkinin şəffaf keçdiyini söyləmisən. Vəkillik etdiyiniz namizədin görüşlərinə insanları məcburi topladılar. Bəyəm insanların həvəssiz, candərdi iştirak etdiyini hiss etmədiniz? Əksinə həvəsnən çıxış edib, hər şey əladır dedin, indi də ədalətdən yazırsan. Özün də bir güzgüyə baxsan gözəl olar.

Son yazılar