TÜRKİYƏ NAXÇIVANLA SƏRHƏDİ AÇDI - Ərdoğan sərhəd məntəqəsi ilə bağlı qərarı ləğv etdi

Ötən gün Azərbaycan Prezi­­denti İlham Əliyevlə Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib. Fevral 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

Qeyd edək ki, ötən həftə İranda bir neçə nəfərin koronavirusa yoluxması və ölüm faktına görə Türkiyə bu ölkə ilə sərhədləri bağlayıb. Dost ölkənın İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti əvvəldən hər-hansı bir müzakirə aparmadan və xəbərdarlıq etmədən məhdudlaşdırması ölkə ictimaiyyətində təəccüb və narahatlıq doğurmuşdu.

Səbəb sadə idi: Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsində də gəliş-gedişi məhdudlaşdırmasına niyə qərar versin?

Naxçıvanla sərhədlərin bağlanması Azərbaycanın qalan hissəsi ilə birbaşa quru əlaqəsi olmayan muxtar respublikanın blokadaya düşməsi demək olardı. Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan məhdudlaşdırmasını xoşagəlməz hal kimi qiymətləndirdi .

Hamı Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq zəminində dərin köklərinin olmasını, eləcə də bütün çətin məqamlarda hər iki dövlətin bir-birini dəstəklədiyini nəzərə alaraq bu qərarın tezliklə aradan qaldırılacağını gözləyirdi. Təqdirəlayiq haldır ki, fəal ictimaiyyət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində verilmiş bu qərara qətiyyən siyasi don geyindirmirdi, bunun koronavirus təlaşından doğan bir anlaşılmazlıq olduğu qeyd edilirdi.

Musavat.com- un məlumatına görə, Ərdoğanın səfərinin başlamasına saatlar qalmış isə Türkiyənin səhiyyə naziri azərbaycanlı həmkarı Oqtay Şirəliyevə zəng etmişdi ki, bu da sərhədlə bağlı anlaşılmazlığın aradan qaldırılacağına işarə idi.

Fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısında iştirak etmək üçün Bakıya gəldi. Ərdoğanın Azərbaycan prezidenti ilə dostluq münasibətləri heç kimə sirr deyil və onların görüşləri həmişə protokoldan kənar səmimi atmosferdə keçir.

İlham Əliyev Ərdoğan Vasif Talıbov ile ilgili görsel sonucu

Türkiyə prezidentini ölkəmizə qısamüddətli səfəri zamanı böyük bir heyət müşayiət edirdi. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da dəvətlilər sırasında idi. Hətta diqqətli tamaşaçı da xatırlayar ki, Ərdoğan Naxçıvan MR Ali Məclisinin yeni seçilmiş sədrinin əlini sıxandan sonra prezident İlham Əliyevdən nəsə soruşmuşdu. Vasif Talıbovun toplantıda iştirak etməsi və onun prezident İlham Əliyevin məhz yanında oturması da diqqətdən yayınmadı. Ehtimal etmək olar ki, Vasif Talıbov sərhədlə bağlı məsələyə görə xüsusi olaraq görüşə dəvət olunmuşdu.

Vasif Talıbov Ərdoğan ile ilgili görsel sonucu

Aydındır ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış problem Azərbaycan prezidentinin xüsusi diqqətində olub. Naxçıvan prezident İlham Əliyev üçün təkcə ata-baba torpağı və vətənin bir parçası deyil. Naxçıvan Ermənistanla sinə-sinəyə durmuş bir qəhrəman əsgər kimidir və muxtar respublikadakı hər hansı bir problem yaranarsa, birbaşa dövlət başçısının xüsusi nəzarətində olur. Naxçıvan əlbəttə ki, Türkiyə üçün də mühüm strateji bir nöqtədir ki, bunu tarix də təsdiqləyir. Məhz bu və digər faktorlar onu deməyə əsas verirdi ki, sərhədlə bağlı yaranmış anlaşılmazlıq prezidentlərin görüşündə müzakirə olunacaq.

Naxçıvan-Dilucu sərhəd məntəqəsi ile ilgili görsel sonucu

Prezidentlərin təkbətək görüşü haqda təfsilatlı məlumat olmasa da, şübhəsiz ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması xüsusi diqqətdə olub, dövlət başçıları arasında aparılan danışıqlarda bu məsələ qaldırılıb. Ehtimal etmək olar ki, Azərbaycanda koronavirus aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü bir daha Türkiyə tərəfinin diqqətinə çatdırılıb.

Prezidentlərin görüşünün nəticəsini isə çox gözləmək lazım gəlməyib. Məlum olub ki, Türkiyə prezidentinin tapşırığına əsasən, Naxçıvan-Dilucu sərhəd məntəqəsində tətbiq olunan məhdudiyyətlər fevralın 26-da tam aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. Bununla da iki ölkənin sərhədində yaranmış bir neçə günlük lüzumsuz gərginlik sona çatıb.

Prezidentlərin görüşünün fəsadları da ola biləcək əsassız məhdudiyyət qərarına son qoyması Azərbaycan-Türkiyə münasibətlərinin bir daha hansı səviyyədə olduğunu göstərdi. Bu iki qardaş ölkənin hər hansı bir fövqəladə situasiyada (koronavirus məhz dünyada yaranmış fövqəladə situasiyadır) bir-birinin sözünə güvəndiyini göstərdi. Üstəlik, bu kimi anlaşılmazlıqlardan məkrli planlar quran düşmənlərin də dilini kəsdi.

Sonda onu da qeyd edək ki, fevralın 26-da prezidentlər arasında yenidən təmas olub. Bakını fevralın 25-də axşam tərk edən Türkiyə prezidentinə Azərbaycanın dövlət başçısı zəng edib. İlham Əliyev Türkiyə prezidentini doğum günü münasibətilə şəxsən təbrik edib. Hörmətli Ərdoğan Azərbaycana münasibətdə hər mənada təbriki haqq edir və bunu ən yaxşı bilən Azərbaycan prezidenti İlham Əliyevdir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar